Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-767/2020 14.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Nic Bələdiyyəsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Nic Bələdiyyəsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Qəbələ rayon Nic bələdiyyəsindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Qeydiyyat №001527, xx.xx.2004-cü il tarixli Şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsindəki ümümi sahəsi 80 kv.m.(əsas hissə 50 kv.m.yardımçı hissə 30 kv.m.) olan “Çayxana”nın qanunsuz sökülməsi ilə əlaqədar, əmlaka görə 20.000 (iyirmi min) manat, 15 il ərzində götürə biləcəyi qazanca görə isə 20.000 (iyirmi min)manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 40.000 (qırx min) manat məbləğində dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu, Nic kəndində yaşayır və həmin kənddə yerləşən, hal-hazırda dağıdılmış dövlət mülkiyyətində olan “Çayxana” adlı ictimai-iaşə obyektinin mülkiyyətçisi olan Dövlət Əmlak Komitəsinin təklifi ilə xx.xx.1998-ci il tarixdə ünvan 1 ünvanda Auksion formasında keçirilən açıq hərracda həmin obyektə münasibətdə alıcı qismində qalib hesab edilib. Həmin tarixədək o ailəsi ilə birlikdə məişət binası kimi “Çayxananı” müqavilə əsasında işlədirdi. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Qeydiyyat №001527, xx.xx.2004-cü il tarixli Şəhadətnaməsinə əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən dövlət mülkiyyətində olan “Çayxana” adlı ictimai-iaşə obyekti ona yəni-Qəbələ rayonu, Nic kənd sakini İddiaçı hissə-hissə olaraq ümumilikdə 2.574.000 (iki milyon beş yüz yetmiş dörd min) manata satılmışdır. Həmin çayxanada o və ailəsi işləmiş, əldə olunmuş gəlir ilə maddi təminatılarını ödəmişlər. Lakin 2005-ci ildə Cavabdeh1 sərancamı ilə qanunsuz olaraq ona məxsus ümümi sahəsi 80 kv.m.(50 kv.m.əsas+30 kv.m.yardımçı hissədən ibarət) olan çayxana sökülmüş və yerləşdiyi ərazidə bir müddətdən sonra park inşa edilmişdir. Nəticədə o və ailəsi hal-hazırki dövrə qədər qeyd olunan çayxanadan əldə etdikləri gəlirdən məhrum olmuşlar. Əvvəllər ona sökülmüş çayxananın digər eyni təyinatlı obyekt ilə və ya torpaq sahəsi ilə əvəz olunacağı, bu mümkün olmadığı təqdirdə obyektin bazar qiymətinə uyğun dəyəri ödəniləcəyi barədə Cavabdeh1 və Nic bələdiyyəsi şifahi və yazılı cavablar verirdilər. Lakin 15 ildən artıq bir müddət ötməsinə baxmayaraq əlindən alınaraq sökülən çayxanaya görə - nə eyni təyinatlı obyekt ilə, həmçinin torpaq sahəsi ilə əvəz olunmamış, nə də onun bazar qiymətinə uyğun dəyəri ödənilməmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona hazırki daşınmaz əmlakın dəyəri və 15 ildə həmin obyektdən işləyərək götürə biləcəyi qazancı nəzərə alaraq hesab edir ki, əmlakın dəyərinə görə 20.000(iyirmi min) manat məbləğində, əldən çıxmış fayda-götürə biləcəyi qazanca görə isə 20.000(iyirmi min)manat məbləğində maddi ziyan dəymişdir. O mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar dəfələrlə müxtəlif orqanlara və onun strukturlarına müraciət etmiş, lakin həmin orqanlar tərəfindən mülkiyyət hüquqlarının bərpası ilə əlaqədar heç bir tədbir görülməmiş, hüquqları qorunmamış, müraciətlərinə cavablarında müvafiq məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatı məhkəməyə xx.xx.2020-ci il tarixli 2/1228/49 nömrəli məktub ünvanlayaraq Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş və bildirmişdir ki, Qəbələ rayon Nic qəsəbə sakini İddiaçı Fəhrad oğlunun iddia ərizəsində qeyd etdiyi çayxana binasının sökülməsi, həmin ərazidə parkın salınması barədə Cavabdeh1 sərəncamı verilməmiş, İddiaçı Fəhrad oğluna məxsus çayxana binası Cavabdeh1 tərəfindən sökülməmişdir. Həmin çayxana binasının sökülməsi və ərazidə parkın salınması barədə Cavabdeh1ndə heç bir məlumat yoxdur. Cavabdeh Qəbələ rayon Nic Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Cavabdeh1 Başçısının Nic qəsəbə X3 üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli 369 №-li arayışdan görünür ki, İddiaçı Qəbələ rayon Nic qəsəbəsi sakinidir, hal-hazırda qəsəbədə yaşayır və heç yerdə işləmir. İşin materiallarında olan Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi departamenti tərəfindən verilmiş, xx.xx.2004-cü il tarixli № 001527 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən görünür ki, Mehdiyev X2 rayon Nic qəsəbəsində yerləşən Çayxananı qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Əmlakın ümumi satış qiyməti dörd milyon dörd yüz min manatdır. O, Dövlət büdcəsinə iki milyon beş yüz yetmiş dörd min manat məbləğində pul köçürmüşdür. Bu barədə 3 nömrəli reyestr kitabının, 25-ci səhifəsində 001527 №-li qeydiyyat aparılmışdır. İşin materiallarında olan xx.xx.1998-ci il tarixli 28 №-li Auksion protokolundan görünür ki, İddiaçı Fəhrad oğlu satış qiyməti ******* manat olan Qəbələ rayon Nic qəsəbəsində yerləşən Çayxananı almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramına uyğun olaraq yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, sakinlərin maddi rifahının yüksəldilməsi məqsədi ilə Nic qəsəbəsində tikinti və ablaşdırma işləri aparılmış. İddiaçı Fəhrad oğlu tərəfindən özəlləşdirilən çayxana binasının çayxana binasının yerində icazəsiz başladığı tikinti abadlaşdırılacaq sahəyə düşdüyünə, tikinti norma və qaydalarına uyğun gəlmədiyinə görə həmin tikinti sökülmüşdür. İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini cavabdehlərdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir, maddi zərərin nədən ibarət olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Nic Bələdiyyəsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-767/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-767/2020
14.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver