Məhkəmə qərarları › İş №2(025)-772/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-772/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-772/2021 23.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı «xxxx» X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı «xxxx» X5 Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit borcu tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» X5 Səhmdar Cəmiyyəti cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit borcu tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 1729,62 ABŞ dolları əsas və 1349,39 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin «xxxx» KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 may 2021-ci il tarixdə iddiaçı «xxxx» X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 1729,62 ABŞ dolları əsas və 1349,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3079,01 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin «xxxx» KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə borclu X3 arasında bağlanmış 12.03.2014-cü il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 10000 manat məbləğində 60 ay müddətinə, 12.03.2019-cu il tarixinədək müddət ərzində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış 12.02.2015-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 30 ay müddətinə illik 30% ödəmək şərtilə 6250 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda Əsas və Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Belə ki, Əsas kredit müqaviləsin 1.7-ci bəndinə əsasən “Zamin” “Borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə borcluların 23.04.2021-ci il tarixinə kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə 1729.62 ABŞ dolları əsas və 1349.39 ABŞ dolları faiz olmaqla, cəmi 3079.01 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə razı deyildir. Belə ki, Cavabdeh1 “xxxx” KB ASC-nə ərizə ilə müraciət edərək onunla bağlanmış kredit müqavilələri üzrə kreditdən illik istifadə faizinə endirim edib, müddətin 15 ay uzaldılmasını xahiş etmişdir. Bank tərəfindən bu ərizə nəzərə alınmış və bu səbəbdən məhkəməyə müraciət edilməmişdir. Həmçinin prezidentin fərmanına əsasən kompensasiya olunmuş məbləğin kredit borcundan silinməsi əvəzinə cavabdehin özünə verilməsinin səbəbi cavabdehin həmin tarixə gecikməsinin olmaması olmuşdur. Cavabdehlər X3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndələri Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndələri Vəkil məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərərək göstərmişdir ki, “xxxx” KB ASC iddia ərizəsində tərəflər arasında bağlanmış 12.02.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 verilmiş kredit üzrə əsas borca görə 1729,62 ABŞ dolları, faiz borca görə isə 1349,39 ABŞ dolları məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını tələb edir. Aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, birincisi, sözügedən kredit müqaviləsi üzrə götürülən kredit borcu Cavabdeh1 tərəfindən tam şəkildə ödənilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 12.03.2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə, yəni 12.03.2019-cu il tarixədək 10.000 manat məbləğində və əlavə kredit müqavilələri əsasında verilmək şərti ilə kredit xətti açılmışdır. 12.02.2015-ci il tarixdə isə tərəflər arasında əlavə kredit müqaviləsi bağlanılmış və Cavabdeh1 30 ay müddətinə geri qaytarılmaq şərti ilə 6250 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə üzrə aylıq ödənişləri vaxtında və tam şəkildə icra etmiş, sonuncu ödənişləri, yəni 19.02.2016-cı il tarixdə 3500 ABŞ dolları, 29.02.2016-cı il tarixdə isə 90 manat ödəmələ kredit borcunu bağlamış və beləliklə onun banka hər hansı borcu qalmamışdır. Ona görə də sözügedən ödənişlərin edilməsini təsdiq edən sənədləri etiraz ərizəsinə əlavə edərək qeyd edilir ki, Cavabdeh1 12.02.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə iddiaçıya ödənilməmiş kredit borcu vardır. İkincisi, Cavabdeh1 bank qarşısında icra edilməmiş kredit öhdəliyinin olmamasını etiraz ərizəsinə əlavə edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsindən “problemli kreditlərin kompensasiyası” ilə bağlı 20.05.2021-ci il tarixli çıxarış da təsdiq edir. Cavabdeh1 xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə əlaqədar manatla artmış hissəsi Fərmana uyğun qiymətləndirilərək 4721,94 manat (kompensasiya) müəyyən olunmuşdur. Lakin onun qalıq borcu olmadığına görə kompensasiya hər hansı borc ödənişinə yönəldilməmiş, tam şəkildə Cavabdeh1 sərəncamına verilmişdir. Belə ki, çıxarışın “ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissə” bölməsindən görünür ki, Cavabdeh1 həmin gün üçün qalıq borcu qalmamışdır. Əgər həqiqətən də cavabdehin borcu qalmış olsa idi, hesablanmış kompensasiya (4721,94 manat) Fərmanın 2-ci bəndinə uyğun olaraq qalıq boclarının ödənilməsinə yönəldilmiş olardı. Bundan əlavə fərmana əsasən kompensasiya fiziki şəxsin qalıq borclarının ödənilməsinə kifayət etmədiyi təqdirdə bank yerdə qalan məbləğin ödənilməsini təmin etmək məqsədi ilə fiziki şəxslə güzəştli şərtlərlə yeni müqavilə bağlanılmasını və qalıq kredit borcunun restruktruzasiyasını vətəndaşa təklif edir. Halbuki, çıxarışın “restrukruzasiya olunması təklif olunan kreditlər” bölməsindən görünür ki, heç bir qalıq borcu olmadığına görə Cavabdeh1 restruktruzasiya təklifi də edilməmişdir. Odur ki, bütün bu qeyd olunanlar və təqdim olunan sənədlərlə təsdiq olunur ki, hazırda iddia tamamilə əsassızdır və təmin edilə bilməz. Üçüncüsü, əgər həqiqətən də cavabdehlərin banka tələb olunan qalıq borclarının olduğu fərz edilsə belə, bu pulun tələb edilməsi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Ona görə də həm yuxarıda qeyd olunan səbəblərə görə, həm də hazırki iddia tələbi qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə verildiyinə görə iddia tələbi rədd edilməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında əlavə kredit müqaviləsi 12.02.2015-ci il tarixdə 30 ay müddətinə bağlanılmış, həmin müqavilə üzrə Cavabdeh1 tərəfindən sonuncu ödənişlər 2016-cı ilin fevral ayında edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 2021-ci ilin may ayında müraciət etmiş və bununla da Mülki Məcəllənin 373.3-cü maddəsi ilə müəyyən olunan 3 illik iddia müddətini ötürmüşdür. Dördüncüsü, ümumiyyətlə qanunvericiliyin tələblərinə əsasən hazırki iş üzrə Cavabdeh2 zaminliyinə avtomatik xitam verildiyinə görə iddia tələbi ona münasinətdə tələb edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi 12.03.2014-cü il tarixli əsas kredit müqaviləsinə görə bank borcalana 60 ay müddətinə, yəni 12.03.2019-cu il tarixədək 10.000 manat həcmində və əlavə kredit müqavilələri əsasında verilmək şərti ilə kredit xətti açmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə tərəflərdən biri olan Cavabdeh2 isə zamin kimi bu müqaviləni imzalamışdır. 12.02.2015-ci il tarixdə isə bank onunla Cavabdeh1 arasında bağlanmış əlavə kredit müqaviləsi əsasında borcalana 30 aylıq müddətinə 6250 ABŞ dolları kredit vermişdir. Yəni, sözügedən öhdəliyin icrası vaxtı 12.08.2017-ci il tarixdə bitmişdir. İddiaçı isə Mülki Məcəllənin 477.0.4-cü maddəsi ilə müəyyən edilmiş 1 illik tələb etmə (kəsici) müddətini ötürməklə məhkəməyə müraciət etdiyinə görə Cavabdeh2 qarşı tələb hüququna xitam verilmişdir. Ötürülən müddət kəsici müddət olduğundan iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq həmin tələb rədd edilməlidir. Beşincisi, Cavabdeh2 zaminliyinə həm də digər səbəbdn xitam verilmişdir. Belə ki, “xxxx” KB ASC, Cavabdeh1 və Cavabdeh2 arasında 12.03.2014-cü il tarixdə bağlanmış əsas kredit və bank hesabı müqaviləsində həmin müqavilənin mühüm şərti olan kreditin faiz dərəcəsi göstərilməmişdir. “xxxx” KB ASC Cavabdeh1 6250 ABŞ dolları məbləğində krediti sonradan bağlanmış 12.02.2015-ci il tarixli əlavə kredit müqaviləsi əsasında vermişdir. Götürülən həmin kreditin (6250 ABŞ dolları) faiz dərəcəsi isə (30 %) əlavə kredit müqaviləsində göstərilmişdir. Lakin bu faiz dərəcəsi haqqında zamin Cavabdeh2 razılığı alınmamışdır. Bununla yanaşı əsas kredit müqaviləsində borcalana 10.000 manat məbləğində kredit xəttinin açıldığı qeyd edilsə də, əlavə kredit müqaviləsinə əsasən borcalana kredit başqa valyuta ilə - ABŞ dolları ilə verilmişdir. Yəni, zamin Cavabdeh2 12.03.2014-cü il tarixdə əsas kredit müqaviləsini imzalayarkən Azərbaycan manatı ilə verilən kredit borcları üzrə öhdəliklərin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borcalana 12.02.2015-ci il tarixdə əlavə kredit müqaviləsi əsasında 6250 ABŞ dolları məbləğində xarici valyuta ilə kredit verilərkən zaminin buna razılığı alınmamışdır. Odur ki, əsas kredit müqaviləsində (12.03.2014-cü il tarixli) həmin müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən, həmçinin əlavə kredit müqaviləsində (12.02.2015-ci il tarixli) nəzərdə tutulan faiz dərəcəsi barəsində zaminin razılığı alınmadığından, eyni zamanda zaminin iradə ifadəsi olmayan əlavə kredit müqaviləsi əsasında borcalana verilən kreditin valyutası əsas kredit müqaviləsində göstərilən valyutadan fərqli olduğundan və beləliklə də xarici valyuta ilə borcalana verilən kredit barəsində zaminin razılığı alınmadığından Cavabdeh2 zaminliyinə avtomatik xitam verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndələri Vəkil eyni zamanda məhkəmə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, “xxxx” KB ASC tərəfindən iddia ərizəsinə Cavabdeh1 05.03.2015-ci il tarixli ərizəsi əlavə edilmişdir. Ərizənin məzmununa əsasən Cavabdeh1 800micİSML/15 nömrəli kredit müqaviləsi üzrə kreditdən illik istifadə faizinə endirim edilərək müddətin uzadılmasını bankdan xahiş etmişdir. Lakin borcalanın bu xahişi bank tərəfindən nəzərə alınmamış, kreditin illik faiz dərəcəsində endirim edilməmiş, kredit borcunun qaytarılması müddəti uzadılmamış və bununla bağlı tərəflər arasında yeni ödəniş cədvəli imzalanmamışdır. Cavabdeh1 ödənişləri əvvəlki ödəniş cədvəli (12.02.2015-ci il tarixli 1 saylı əlavə) əsasında 30 aylıq və illik 30 % dərəcəsi ilə hesablanılmaqla icra etmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən göründüyü kimi iddiaçı 05.03.2015-ci il tarixli ərizəni iş materiallarına əlavə etsə də, həmin ərizənin verilməsindən sonra tərəflər arasında imzalanmış yeni ödəniş cədvəlini təqdim etməmişdir. Nə qədər ki, müqavilə şərtlərinin (müddət və faiz dərəcəsinin) dəyişdirilməsi barədə hər iki tərəfin imzaladığı başqa ödəniş cədvəli yoxdur, sözügedən ərizə müqavilə şərtlərinin dəyişilməsi kimi qəbul oluna bilməz. Həmin ərizə borcalanın banka ünvanlanan xahişidir və o, ancaq müqavilə şərtlərinin dəyişdirilməsi üçün müqaviləyə yeni əlavənin bağlanılması üçün əsas ola bilərdi. Çünki, qanunvericiliyə görə müqavilənin dəyişdirilməsi tərəflərin razılığı ilə mümkün olmaqla, müqavilə ilə eyni formada bağlanılmalıdır. Digər tərəfdən iddia ərizəsindən görünür ki, iddiaçı kredit borcu və onun faizləri məhz 12.02.2015-ci il tarixli 1 saylı əlavə əsasında hesablanmışdır. Bu da bir daha tərəflər arasında bağlanmış müqavilə şərtlərinin dəyişdirilmədiyini və kredit borcunun ödənilməsinin son tarixinin 12 avqust 2017-ci il olmasını təsdiq edir. Ona görə də iş materillarında olan 05.03.2015-ci il tarixli ərizə hazırkı iş üçün heç bir əhəmiyyət daşımır. Göstərilənləri nəzərə alaraq iddia müddətinin tətbiq etməklə, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, cavabdehlərin vəkili və etibarnamə üzrə nümayəndələrinin etirazlarını nəzərə alaraq və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «xxxx» KB ASC ilə X3 (sonradan kredit müqaviləsinə uyğun borcalan) və Cavabdeh2 (sonradan kredit müqaviləsinə uyğun zamin) arasında bağlanan 12.03.2014-cü il tarixli, 1173micİSML/14- EM saylı “Əsas kredit və Bank hesabı müqaviləsi”nə əsasən X2 60 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı «xxxx» KB ASC ilə X3 arasında bağlanan 12.02.2015-ci il tarixli, 800micİSML/15 saylı “Əlavə kredit müqaviləsi”nə əsasən “borcverən” 30 (otuz) ay müddətinə, 12.08.2017-ci il tarixənədək illik 30 (otuz) faiz ödəmək şərtilə 6250 (altı min iki yüz əlli) ABŞ dolları məbləğdə krediti “Borcalanın” mülkiyyətinə verir və “borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “borcverən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 30 faiz təşkil etmişdir. İş materiallarında olan 12.02.2015-ci il tarixli, 800 micİSML/15 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan X3 6250,0 ABŞ dolları məbləği illik 30 %-lə, 30 ay müddətinə aylıq 299 ABŞ dollar, sonuncu ay isə 287,38 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.04.2021-ci il tarixli (müqavilə müddətinin sonuna) maliyyə arayışından görünür ki, X1 12.02.2015-ci il tarixli, 800micİSML/15 saylı kredit müqaviləsi üzrə 1729,62 ABŞ dolları əsas, 1349,39 ABŞ dolları faiz və 0 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3079,01 ABŞ dolları borcu vardır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 17.02.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1979-cu il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 26.11.2010-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1984cu il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, Qəbələ rayonu, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, X3 12.02.2015-ci il tarixdə 6187,50 ABŞ dollarını imza edərək qəbul etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh X3 12.02.2015-ci il tarixli, 800micİSML/15 saylı müqavilə üzrə sonuncu dəfə 15.02.2021-ci il tarixdə 1,10 ABŞ dolları məbləğində ödəniş etmişdir. İş materiallarında olan «xxxx» KB ASC tərəfindən X2 ünvanlanmış 18.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçınə Cavabdeh1 tərəfindən ünvanlanmış ərizədən görünür ki, sonuncu onunla bağlanmış kredit müqavilələri üzrə kreditdən illik istifadə faizinə endirim edib, müddətini 15 ay uzaldılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndələri Vəkil tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Bank ilə Cavabdeh1 ilə arasında 12.02.2015-ci il tarixli, 800micİSML/15 saylı Əlavə kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə illik 30 (otuz) faiz ödənilməsi şərtilə 30 ay müddətinə 6250 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin müddəti 12 avqust 2017-ci il tarixdə bitmişdir. Borclu Cavabdeh1 tərəfindən 19.02.2016-ci il tarixdən sonra ödəniş edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Bank 12.02.2015-ci il tarixli, 800micİSML/15 saylı “Əlavə kredit müqaviləsi”nə əsasən borc tələbini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, Cavabdeh1 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndələri Vəkil məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. Eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə zamanı verdiyi “Cavabdeh1 “xxxx” KB ASC-nə ərizə ilə müraciət edərək onunla bağlanmış kredit müqavilələri üzrə kreditdən illik istifadə faizinə endirim edib, müddətin 15 ay uzaldılmasını xahiş etdiyini, Bank tərəfindən bu ərizə nəzərə alındığını və bu səbəbdən məhkəməyə müraciət edilmədiyini” ifadəsinə münasibət bildirərək onu qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin “xxxx” KB ASC-nə ünvanladığı kredit müqaviləsinin uzaldılması barədə ərizə əlavə edilsə də, həmin ərizə əsasında müqavilənin dəyişdirilməsi barədə hər hansı sübut əlavə edilməmişdir. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi iddiaçı bank tərəfindən müqavilənin dəyişdirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» X5 Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit borcu tələbi”nə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı «xxxx» X5 Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit borcu tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar