Məhkəmə qərarları › İş №2(025)-777/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-777/2022

12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-777/2022 12.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh təbiətə vurulmuş 400,00 (dörd yüz manat 00 qəpik) manat məbləğində maddi ziyanın X6 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ RPŞ tərəfindən idarəyə daxil olmuş 02 fevral 2022-ci il tarixli 15/144-5108-1221 saylı məktuba baxılmışdır. Daxil olmuş 02 fevral 2022-ci il tarixli 31/144-5108-1221 saylı məktuba əsasən 2022-ci ilin 31 yanvar tarixində 1 (bir) ədəd palıd ağacının kəsilməsi nəticəsində təbiətə 400,00 (dörd yüz manat 00 qəpik) manat məbləğində ziyan dəymişdir. Vurulmuş ziyanın müvafiq qanunvericiliyə əsasən X6 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. xx.xx.2022-ci il tarixində qanunpozan Cavabdeh 400,00 (dörd yüz manat 00 qəpik) manat məbləğində ziyanın X6 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq ziyanın ödənilməsi təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, maddi imkanı zəif olduğundan odun ehtiyacını qarşılamaq üçün palıd ağacını kəsmişdir. Dəymiş ziyanı qəbul edir. Lakin 400 manat məbləği bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. 400 manat ziyanı imkanı olduqca ödəyəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qəbələ rayonu Əmirvan kənd sakini Cavabdeh ünvanlanmış 14 aprel 2022-ci il tarixli, 4522-002 nömrəli məktubdan görünür ki, Cavabdeh təbiətə dəymiş ziyana görə 400,00 (dörd yüz manat 00 qəpik) manat məbləğində maddi ziyanın 10 gün müddətinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qəbələ rayon Polis şöbəsinə ünvanlanmış 09 fevral 2022-ci il tarixli, 45/46 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ rayon Əmirvan kənd sakini Cavabdeh bələdiyyə mülkiyyətindən 1 (bir) ədəd palıd ağacının kəsdiyinə görə X8 hesablanması üçün “idarəyə daxil olmuş xx.xx.2022-il tarixli 15/1xx-xx-3209-1222 saylı müraciət araşdırılmış, araşdırma zamanı qeyd olunan palıd ağacının diametric 40 sm olmaqla, X8 məbləği 400,00 (dörd yüz) manat təşkil edir. Hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarına əsasən aparılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Qəbələ rayon Əmirvan kənd bələdiyyə mülkiyyətindən ağacların kəsilməsi nəticəsində təbiətə ziyan dəydiyinə görə Cavabdeh barəsində AR İXM-nin 253.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında ******* nömrəli 31 mart 2022-ci il tarixli qərardan görünür ki, 6 saylı RETŞİ-nin rəisi X1 Rauf Saday oğlu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, Cavabdeh İXMin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 (iki min) manat məbləğində cərimə edilməsini qərara almışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarı ilə təsdiq edilmiş “X8 Hesablanması və Ödənilməsi Qaydası”na əsasən təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi: Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh təbiətə 400 manat dəyərində ziyan vurmuşdur və bu əməlini etiraf edir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh barəsində AR İXM-nin 253.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, ******* nömrəli 31 mart 2022-ci il tarixli tərəfindən ******* nömrəli 31 mart 2022-ci il tarixli qərar qəbul edilmiş və Cavabdeh 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Cavabdeh sözügedən qərardan şikayət verməmiş və həmin qərarı münahisələndirməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 400,0 (dörd yüz) manat məbləğində maddi zərər tutulub X6 üzrə Dövlət Fonduna ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar