Məhkəmə qərarları › İş №2(025)-779/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-779/2025

15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-779/2025 15.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manatın tam şəkildə alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə dost imiş. Cavabdeh ona zəng vuraraq onunla işi olduğunu bildirmişdir. O da çayxanada olduğunu bildirərək ora gəlməsini bildirmişdir. Bir neçə vaxtdan sonra cavabdeh çayxanaya gələrək 6000 (altı min) manat borca pul istəmişdir. Ondan pulun nə üçün lazım olduğunu bildirmiş, ona cavabında bildirmiş ki, işində problemlər olduğunu bildirmişdir. Cavabdeh N nömrəli hərbi hissədə baş leytenant vəzifəsində xidmət edirmiş. O da həmin vaxt pulunun olmadığını bildirmişdir. Cavabdehə bir neçə günə verə biləcəyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə ona zəng vuraraq təkrar borca pu istədiyini, pulun əlində olub-olmadığını bildirmişdir. O, ərizədə qeyd etdiyi tarixdə X3 və X1 şahidliyi ilə cavabdehə 6000 (altı min) manatı borca pul vermişdir. Pulu verdiyi tarixdə cavabdeh öz xətti ilə ona yazılı surətdə ondan 6000 (altı min) manatı borca pul aldığını qeyd etmişdir. Qeyd etdiyi əl yazısında əmək haqqı kartını və şəxsiyyət vəsiqəsində yazılı surətdə göstərib. Əmək haqqı keçən vaxtı kartı bankomatda daxil edərkən kartın ləğv olunduğunu bilmişdir. Kartın ləğv olunduğunu bilən vaxtı cavabdehə zəng vurub kartın ləğv olunduğunu bildirmişdir. Hər dəfə cavabdehə zəng vurduqca ona yalan vədlər vermişdir. Halhazıradək ondan borca aldığı pulunu qaytarmamışdır. Hər dəfə borca verdiyi pulunu istəyəndə zəng vuraraq hədə qorxu gələrək verdiyi sənədlərini ondan tələb edirmişdir. O, bu günə qədər cavabdehə verdiyi borc pulu dəfələrlə istəsə də, cavabdeh könüllü olaraq saldığı borcu qaytarmaq istəmir. Hər dəfə də onu aldadır, ona hədə-qorxular gəlir. Dəfələrlə cavabdehlə telefonda danışaraq pulu istəmişdir. İndi istəyir ki, cavabdeh ondan borca aldığı 6000 (altı min) manatı məhkəmə qaydasında qaytarsın. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, eyni zamanda göstərdi ki, cavabdeh tərəfindən ona müəyyən ödənişlər edilmiş və cavabdehin ona 5000 manat borcu qalmışdır. Kapital Bankdan məhkəməyə daxil olmuş məlumatda kartdan çıxarılmış 583 manatın tələb edilən borcdan çıxılmasına etiraz etmir. Məhkəmədən qalan hissədə iddia tələbinijn təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək göstərmişdir ki, o, müharibə veteranıdır. Əvvəllər milli orduda xidmət etmişdir. Hazırda FHN-nin N saylı Hərbi Hissədə xidmət edir. Əlini tanıyır və o faizə pul verir. O, pulunu alanda kartını Əliyə vermiş və Əli də kartdan pul çıxarmışdır. O, faizə aldığı pulu qaytarmışdır. Onun iddiaçıya təxminən 2000 manat borcu var. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Qəbz”də göstərilmişdir ki, “Mən Cavabdeh İddiaçı 5000 min borc götrürdüm və kartımı və vəsiqəmi Əliyə verdim”. İş materiallarında olan məhkəmənin “sübutların götürülməsi barədə” qərarına əsasən "xxxx" ASC-dən 20 iyun 2025-ci il tarixli, 2025/204/14627 nömrəli məktubla məhkəməyə göndərilmiş 416974******5966 nömrəli plastik kartla bankomatla nağdlaşdırılan əməliyyatlara dair məlumatlardan görünür ki, “4169-7414-3553-5966” nömrəli bank kartından xx.xx.2017-ci il tarixdə saat 19:47-də 241 manat, saat 21:21-də 50 manat, saat 21:21-də 50 manat, xx.xx.2017-ci il tarixdə saat 19:35-də 200 manat və saat 19:37-də 42 manat pul çıxarılmışdır. İş materiallarında olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 32 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayon məcburi köçkünü olan İddiaçı Goranboy rayonu Yenikənd kəndində müvəqqəti olaraq məskunlaşmışdır. İş materiallarında olan Cavabdeh məxsus AZE seriyalı, 15945858 nömrəli şəxsiyyət vəsiqəsinin əslindən görünür ki, Cavabdeh Qəbələ rayonunda doğulmaqla Goranbay rayonu, 701-li H/H-də qeydiyyatda olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (Əvvəlki redaksiyada) Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (Əvvəlki redaksiyada) Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (Əvvəlki redaksiyada) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı cavabdehə ümumilikdə 6000 (altı min) manat məbləğində pul verdiyini, cavabdehin həmin məbləği qaytarmadığını, iddia tələbinin əsası kimi cavabdeh tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli qəbzi, o cümlədən cavabdehin şəxsiyyət vəsiqəsinin əslinin və əmək haqqı kartının onda olmasını əsas gətirir. Cavabdeh isə xx.xx.2017-ci il tarixli qəbzin onun tərəfindən yazıldığını etiraf edir, lakin iddiaçının borcu ona faizlə verdiyini, ona məxsus kartdan pul çıxardığını və təxminən iddiaçıya 2000 manat borcu olduğunu bildirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında olan mübahisə xx.xx.2017-ci il tarixdə yarandığından, hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin “Borc müqaviləsi”nə dair normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Həmin dövrdə qüvvədə olan Mülki Məcəllə borc predmetinin məbləğinin 3000 manatdan çox olduğu təqdirdə borc müqaviləsinin yazılı bağlanmağını göstərmişdir və hazırda da iş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli qəbz müqavilənin yazılı formada bağlandığını göstərir. Məhkəmə qeyd edir ki, borc münasibətlərindən irəli gələn mübahisələrə baxılarkən borc müqaviləsi şifahi bağlandıqda həmin əqdin mövcudluğunu və əqd üzrə nəzərdə tutulmuş öhdəlikdlərin icrası müddəti, qaydası və şərtləri barədə müddəaları sübut etmək yükünü iddiaçı, borc müqaviləsi yazılı bağlandıqda isə cavabdeh daşıyır. Hazırki işdə İddiaçı cavabdehə ümumilikdə 6000 (altı min) manat pul verməsini cavabdeh tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli qəbzlə təsdiq etməkdədir. Həmçinin məhkəmə iclasında cavabdeh xx.xx.2017-ci il tarixli qəbzin onun tərəfindən yazıldığını etiraf etmişdir. Məhkəmə bildirir ki, Cavabdeh İddiaçı müəyyən məbləğdə pul alması və sonradan həmin pulun bir hissəsini qaytarması mübahisəsiz olsa da, alınan və qaytarılan məbləğlərlə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin borclu olduğu məbləğin 6000 (altı min) manat olduğunu qeyd etsə də, məhkəmə zamanı cavabdehin ona ödənişlər etdiyini və 5000 manat borcu qalması ilə razılaşmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh məxsus olmuş "xxxx" ASC-yə aid “4169-7414-3553-5966” nömrəli bank kartı xx.xx.2017-ci il tarixdən iddiaçı Cavabdeh olmuşdur. Məhkəmənin “sübutların götürülməsi barədə” qərarına əsasən "xxxx" ASC-dən 20 iyun 2025-ci il tarixli, 2025/204/14627 nömrəli məktubla məhkəməyə göndərilmiş 416974******5966 nömrəli plastik kartla bankomatla nağdlaşdırılan əməliyyatlara dair məlumatlardan görünür ki, “4169-7414-3553-5966” nömrəli bank kartından xx.xx.2017-ci il tarixdə saat 19:47-də 241 manat, saat 21:21-də 50 manat, saat 21:21-də 50 manat, xx.xx.2017-ci il tarixdə saat 19:35-də 200 manat və saat 19:37-də 42 manat pul çıxarılmışdır. Göründüyü kimi Cavabdeh məxsus olmuş "xxxx" ASC-yə aid “4169-7414-3553-5966” nömrəli bank kartı xx.xx.2017-ci il tarixdən iddiaçı Cavabdeh olmuşdur ki, həmin müddətdə də ümumilikdə həmin kartdan 583 manat çıxarılmışdır. Bu səbəbdən iddiaçının tələb etdiyi 5000 manat məbləğdən 583 manat da çıxılaraq cavabdehdən ümumilikdə 4417 (dörd min dörd yüz on yeddi) manat iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdeh əvvəlki məhkəmə iclasında iddiaçıya cəmi 2000 manat borcu olduğunu qeyd etsə də, iddiaçıya ödədiyi pullara dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh borc müqaviləsini (iltizamı) aldatma, hədə-qorxu, rəhm və s. təsirlər altında imzalamasını məhkəmədə sübut edə bilmədi, ona görə də onun həmin şərtdən kənara çıxan tələbləri əsassız sayılmalıdır. İşin yuxarıda şərh olunan hallarına əsasən məhkəmənin qənaəti ondan ibarətdir ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində Cavabdeh müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir. Əqdin etibarsızlığına dəlalət edə biləcək hər hansı haldan danışmaq mümkün deyildir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, İddiaçı istinad etdiyi borc müqaviləsi (iltizam) etibarlı əqd olmaqla, onun irəli sürdüyü faktiki hallar iddia tələblərinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamda özünə məxsus şəxsiyyət vəsiqəsinin əslinin və bank kartının İddiaçı verilməsini göstərmişdir. Cavabdeh məxsus AZE seriyalı, 15945858 nömrəli şəxsiyyət vəsiqəsinin əslinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməsi həqiqətində xx.xx.2017-ci il tarixli müqavilənin (iltizamın) şərtlərinə tərəflərin əməl etməsini göstərməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 64,17 (altmış dörd manat on yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4417 (dörd min dörd yüz on yeddi) manat məbləğində borc alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4417 (dörd min dörd yüz on yeddi) manat məbləğində borc alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 64,17 (altmış dörd manat on yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar