Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-78/2022 08.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyənetdi İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 60538.68 manat əsas, 45581.03 manat faiz, 1404.49 manat cərimə olmaqla, ümumilikdə cəmi 107524.20 manat məbləğində borcun və 397.53 manat ödənilmiş dövlət rüsumunun tutulması və 13 may 2014-cü il tarixli 14/075 saylı kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 13 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 14 faizlə 99 ay müddətinə 70700 AZN məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə İddiaçı ("xxxx" İKB) ASC arasında bağlanmış tələbin güzəşti barədə 29 yanvar 2016-ci il tarixli müqaviləyə əsasən X2 ilə "xxxx" ASC arasında bağlanmış 13 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ("xxxx" İKB) ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 28-dək X1 banka 13 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 60538.68 AZN əsas borc, 45581.03 AZN faiz borcu və 14044.88 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 120164.59 AZN borcu vardır. X1 banka 13 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 14044.88 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10 % miqdarında olmaqla, yəni 1404.49 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən cavabdehdən tələb edilən 60538.68 man əsas kredit borcu, 45581.03 manat faiz borcu və 1404.49 manat cərimə borcu olmaqla cəmi 107524.20 manat borc əsl həqiqəti əks etdirmir və bu borc qərəzli olaraq şişirdilmişdir. Bu səbəbdən onlarda iddiaçının hesablamalarına şübhə yaranmışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, "xxxx" ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 13 may 2014-cü il tarixli 14/075 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 70700 manat məbləğində illik 14 % olmaqla 120 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 13 may 2014-cü il tarixli 14/075 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 70700 manat məbləği illik 14 %-lə, 120 ay müddətinə aylıq 1097.73 manat, son ayda isə 1097.66 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 yanvar 2016-cı il tarixli Tələbin güzəşti barədə müqaviləyə əsasən X2 ilə "xxxx" ASC arasında bağlanmış 13 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ("xxxx" İKB) ASC-yə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X1 13 may 2014-cü il tarixli 14/075 nömrəli kredit müqaviləsi üzrə 60538.68 manat əsas borcu, kredit müqaviləsinin bitmə tarixinə 45581.03 manat faiz borcu, 1404.49 manat cərimə borcu olmaqla, cəmi 107524.20 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/075 №-li Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borcu, faiz borcu və cərimə borcu düzgün hesablanmışdırmı?
2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/075 №-li Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 9/3631 saylı məktubundan görünür ki, hesabdan çıxarış təqdim olunmadığından təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh əsas borcu 60538.68 manat, faiz borcu 45581.03 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 60538.68 manat və faiz borcu üzrə 45581.03 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, 1404.49 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmamışdır. Odur ki, onun məbləği azaldılmalı, 300 manata endirilməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən, cərimə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 300 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 may 2014-cü il tarixli 14/075 saylı müqavilə ləğv edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh 60538 manat 68 qəpik əsas borc, 45581 manat 03 qəpik faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 106419 manat 71 qəpik kredit borcu və 397 manat 53 qəpik dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, 13 may 2014-cü il tarixli 14/075 saylı kredit müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 60538 manat 68 qəpik əsas borc, 45581 manat 03 qəpik faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 106419 manat 71 qəpik kredit borcu və 397 manat 53 qəpik dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. 13 may 2014-cü il tarixli 14/075 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin ediməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev