Məhkəmə qərarları › İş №2(025)-78/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-78/2023

18.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-78/2023 18.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: süni maneələrin aradan qaldırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı3, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 və üçüncü şəxs Qəbələ rayonu Vəndam bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə1 iştirakları ilə İddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən sözügedən artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, 1980-ci illərin əvvəllərində Qəbələ rayonunun Vəndam qəsəbəsində təsərrüfat forması kimi mövcud olan Miçurin adına kolxozun (sonradan İ.Qayıbov adına təsərrüfat) sifarişi ilə kolxozun 10 saylı briqadasının ərazisində sakinləri içməli su ilə təmin etmək məqsədilə kənarları çəpərlənmiş kolxoza məxsus torpaq sahəsində artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Sonradan həmin artezian quyusunun yaxınlığında artezianla birgə vahid çəpər altında olan torpaq sahəsində qəsəbə sakini Cavabdeh 0,10 ha həyətyanı torpaq sahəsi alaraq yaşayış evi tikdirdikdən sonra sakinlərin içməli suya olan tələbatında ciddi problemlər yaranmışdır. O, artezian qurğusunun yerləşdiyi (qurğu artezian quyusu, metal dayaqlar üzərində yerləşən 16 tonluq su çəni və ancaq artezian nasosunu elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulmuş 3 fazalı transformatordan ibarətdir) torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını əsas gətirməklə sakinlərin artezian quyusunun yerləşdiyi torpaq sahəsinə girişinə və artezian suyundan istifadə etməsinə mane olmağa başlamışdır. Yaranmış mübahisənin nəticəsi olaraq artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kimə məxsus olmasını müəyyənləşdirmək üçün tərəflərindən Vəndam bələdiyyəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müracit olunmuşdur. Müraciətləri ilə əlaqədar qəsəbə bələdiyyəsinin sədri, qəsəbə bələdiyyəsinin üzvü və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi səbəbində Dövlət Yerquruluşu Layihə İnstitutundan həmin torpaq sahəsinin Vəndam bələdiyyəsinə məxsus olduğu barədə cavab məktubu verilmişdir. Onlar sakinlər düşünürlər ki, mübahisəli məsələ qanunauyğun şəkildə öz həllini tapmışdır. 2021-ci ilin sentyabr ayında Cavabdeh və onu ailə üzvləri ilə artezian suyundan istifadə ilə bağlı yenidən mübahisə yaranmış, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli seriya MH ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini Vəndam bələdiyyəsinə təqdim etməklə sözügedən artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını iddia edərək həmin torpaq sahəsinə girişə və artezian suyundan istifadəyə heç kimə imkan verməyəcəyini, hər hansı şəxsin həmin torpaq sahəsinə girəcəyi təqdirdə qan salacaqlarını bildirmişdir. Bu zaman ona Azər adlı oğlu və həyat yoldaşı da dəstək vermişdir. Onlar sudan istifadə etmək istəyən təxminən əlli nəfər ailə başçısını hədələmiş, nalayiq sözlərlə təhqir etmişlər. Onların qanunsuz əməlləri barədə dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etməklə məlumat verilmiş, sonradan isə Qəbələ rayon Polis İdarəsinə rəsmi müraciətlər olunmuşdur. Vəndam bələdiyyə sədri və Qəbələ rayon Polis şöbəsi əməkdaşlarının müdaxiləsindən sonra sudan istifadə bərpa olunsa da, bu müvəqqəti olmuşdur. Belə ki, Cavabdeh və Azər adlı oğlu ayrı-ayrı vaxtlarda və dəfələrlə sakinlər tərəfindən öz vəsaitləri ilə alınmış və artezian quyusuna salınmış monofaza nasosun birləşdiricilərini, elektrik xəttini, plastik borularını qırmış, sakinlərə sudan istifadəyə imkan verməyəcəklərini, hətta sözügedən torpaq sahəsinə keçəcəkləri təqdirdə sakinlərə real şəkildə xəsarət yetirəcəklərini bildirmişlər. Sakinlərin, yəni sudan istifadəçilərin həmin sahəyə girişinin qarşısını almaq üçün əvvəllər mövcud olmuş çəpər əvəzinə bir tərəfi yol olan artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kənarını təxminən iki metr hündürlükdə əhəng daşı ilə hördürmüşdür. Artezian nasosunu elektrik enerjisi ilə təmin edən 3 fazalı transformator Cavabdeh tərəfindən yararsız vəziyyətə salınaraq gediş-gəliş yoluna atılmış, 3 fazalı nasos, təxminən 90 (doxsan) metr uzunluğunda 0,90 sm metal boru və təxminən 300 metr uzunluğunda xüsusi təyinatlı elektrik kabeli artezian quyusundan çıxarılmışdır, hazırda sadalanan detalların yeri barədə hər hansı məlumatları yoxdur. 21 sentyabr 2021-ci il tarixdə Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2007-ci il tarixli seriyaMH ******* saylı çıxarışa əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi əməkdaşlarının iştirakı ilə yenidən ölçülərək artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin Cavabdeh mülkiyyətində olub-olmamasının bir daha aydınlaşdırılması, onun mülkiyyətində olduğu təqdirdə isə Vəndam bələdiyyəsinin mülkiyyətində olmalı və ümumi istifadədə olan sözügedən torpaq sahəsinin kimlər tərəfindən, nə vaxt və hansı əsasıa Cavabdeh mülkiyyətinə verilməsinə aydınlıq gətirilməsi, həmin ərazidə vahid çəpər altında olan yuxarıdakı çıxarışda göstərilən 0,42 ha torpaq sahəsindən başqa bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin olub-olmamasının dəqiqləşdirilməsi və həmin torpaq sahəsinin sakinlərin ehtiyacı üçün məhkəmə orqanları vasitəsi ilə geri alınması və bələdiyyə mülkiyyətinə qaytarılması məqsədilə gələcəkdə iddiaçı qismində çıxış etməsi üçün Vəndam bələdiyyəsinə, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə kollektiv müraciətlər olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin Vəndam bələdiyyəsinə xx.xx.2021-ci il tarixli **********04 saylı cavab məktubunda sözügedən torpaq sahəsində çöl ölçmə işləri aparıldığı, çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatların kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına istinad edilərək araşdırılması nəticəsində Vəndam qəsəbəsində yerləşən sözügedən artezian qurğusu, su çəni və transformatorun Vəndam qəsəbə sakini Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi göstərilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verildiyi və həmin torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib olunduğu, xx.xx.2007-ci il tarixində mövcud qanunvericiliyin tələbinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyesrtrində qeydiyyata alındığı qeyd olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş yuxarıda qeyd olunmuş çıxarış verilərkən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələbləri pozulduğundan, həmçinin İsmət Qayıbov adına təsərrüfat tərəfindən sözügedən artezian qurğusunun Vəndam bələdiyyəsinə aktla təhvil verildiyindən, ümumi istifadədə olan torpaq sahəsinin qanunsuz olaraq şəxsi mülkiyyətə verildiyindən və sakinlərin sudan istifadə hüquqlarının pozulması və qanuni mənafelərinə xələl yetirilməsi səbəbindən sözügedən artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin Vəndam bələdiyyəsinə qaytarılması üçün tərəflərindən və Vəndam bələdiyyəsi tərəfindən Şəki İnzibati Məhkəməsinə iddia ərizələri ilə müraciət olunmuşdur. Sözügedən artezian quyusu, su çəni və transformatorun yerləşdiyi torpaq sahəsi üç tərəfdən Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə, bir tərəfdən isə ümumi istifadədə olan gediş-gəliş yolu ilə həmsərhəddir, artezian quyusu gediş-gəliş yoluna təxminən 10 metr məsafədə yerləşir. Artezian quyusunun, quyuda olan elektrik nasosunun, boruların təmiri üçün artezian quyusuna doğru gediş-gəliş yolu istiqamətindən yol açılmalı, artezian suyundan istifadəyə süni maneələr aradan qaldırılmalıdır. Ümumi istifadədə olan artezian qurğusundan istifadəyə süni maneələr yaradılması səbəbindən, sözügedən artezian suyundan istifadə ilə bağlı hüquqları pozulduğundan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. İddiaya etiraz: xx.xx.2023-cü il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 məhkəməyə dəftərxana vasitəsilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ona qarşı məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən artezian qurğusundan istifadəyə suni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qeyd edir ki, iddiaçıların iddiaları əsassızdır. Belə ki, iddiaçılar özləri də iddia ərizələrində qeyd etmişlər ki, artezian quyusu, su çəni və transfomator onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bu işin mübahisəsiz halıdır və bu halı iddiaçılar iddia ərizələrində etiraf etmişlər. Bildirir ki, artezian quyusu, su çəni və transfomator xx.xx.2007-ci il tarixli, MH 000205 saylı Çıxarışla mülkiyyətimə verilmiş torpaq sahəsində yerləşir. İddiaçılar isə xx.xx.2007-ci il tarixli, MH 000205 saylı Çıxarışın etibarsız hesab olunaraq ləğv olunmasına dair Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər və onların iddiaları təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə də qüvvədə qalmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçılar əsassız olaraq mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneəçilik törədilər. Nəticədə mülkiyyətində olan torpaq üzrə mülkiyyət hüququnu lazımı qaydada həyata keçirə bilmir. İndi isə əsassız olaraq mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun açılmasını tələb edirlər. İddiaçılar iddia ərizəsində mülkiyyətindən yol tələb etsələr də, bunu hansı qanuni əsaslarla etmələrini izah etməmişlər. Çünki belə bir qanuni əsas yoxdur. Əksinə olaraq bələdiyyənin mülkiyyətində kifayət qədər torpaq sahələri var və istələr həmin artezian quyusu, su çəni və transfomatoru həmin ərazidən çıxararaq bələdiyyə mülkiyyətində yerləşdirə bilərlər. Lakin bələdiyyə tərəfindən belə bir təşəbbüs göstərilməmişdir. Bələdiyyənin buna maddi və hər cəhətdən imkanı vardır. Mülkiyyət hüququ pozulan şəxs iddiaçılar deyil, odur. Həmçinin onu da bildirir ki, iddiaçılara artezian quyusu, su çəni və transfomatorın onun mülkiyyətindəki torpaq sahəsindən çıxardılaraq başqa yerdə quraşdırılmasını da təklif etmişdir. Lakin iddiaçılar əsassız olaraq onun mülkiyyətinə qanunsuz müdaxilə etmək istəyirlər. Eyni zamanda bildirir ki, iddiaçılar həmin torpaq sahəsini ondan qanunda nəzərdə tutulmuş “servitut” hüququna əsasən əldə edə bilərdilər. Göstərinlərlə bağlı qanunvericiliyin tələbindən göründüyü kimi, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu bardə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməsi və servitutla bağlı hüquq qeydə alınamlıdır. Servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. İstinad olunan maddi hüquq normalarına görə onun üzərinə servitutla bağla məhkəmədə qaydasında müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna edilir. Əks halda bu Mülki Məcəllənin 390-cı maddəsi ilə təsbit olunmuş müqavilə azadlığı prinsipinə zidd olar. O isə belə müqavilə bağlamaq niyyətində deyil. Göründüyü kimi iddiaçıların iddialarının heç bir hüquqi əsası yoxdur. Yuxarıda göstərilən qanunvericilik aktı normalarını nəzərə alaraq məhkəmədən, iddiaçıların iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlu və İddiaçı3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Eyni zamanda göstərdilər ki, mübahisəli ərazidə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi vardır. Həmin arteziyanın bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşməsi ehtimalı vardır. Həmin halların nəzərə alınmasını xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərdi ki, uzun müddət artezian quyusundan kənd camaatının istifadə etməsinə şərait yaratmışlar. Lakin iddiaçılar və digər şəxsər onların mülkiyyət hüquqlarını pozaraq onların mülkiyyətində olan torpaq sahəsində istədikləri kimi hərəkət etmişlər. Nəticədə onların mülkiyyət hüquqlarını kəskin şəkildə pozmuşlar. Əvvəllər də belə hadisələr olmuş, lakin sonradan barışıq əldə edilmişdir. Buna baxmayaraq İddiaçı5 onlardan polis, prokurorluq və s. orqanlara əsassız şikayətlər yazmışdır. O da mülkiyyətində olan torpaq sahəsinə iddiaçıların girişini qadağan etmişdir. Sözügedən artezian quyusu, su çəni və transfomatorın onların mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb edirlər. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayonu Vəndam bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə1 göstərdi ki, tərəflər arasında barışıq edərək artezian quyusundan istifadəyə şərait yaratmaq niyyətindədir. Həmçinin kəndə həmin ərazidə yeni artezian quyusunun qazılması da planlaşdırılır. Həmin artezian quyusu bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qazılacaqdır. Müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxır. İddiaçılar İddiaçı2 və İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh İddiaçı4 həmçinin 50 32089 86 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı4 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Seriya MH ******* saylı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam kəndində mülkiyyətində olan 0,42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,7 kv.m yaşayış, 17,64 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 06 mart 2023-cü il tarixli, 3-21-3- 42/2-1043/2023 nömrəli məktubundan görünür ki, Qəbələ Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-78/2023 saylı məktubuna əsasən iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı "süni maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə müraciətə Əmlak Məsələləri Dövlət xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmışdır. Mülki işin araşdırılması məqsədi ilə iddiada qeyd edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixli, seriya MH 0004205, ********* qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş 940 inventar nömrəli texniki pasportda qeyd edilmiş, Cavabdeh mülkiyyətində olan 0,42 hektar torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 17 avqust 2023-cü il tarixli, 10/3251 nömrəli məktubunda göstərilmişdir ki, 2(025)-78/2023 №-li mülki iş üzrə tərəflərindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 12 may 2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda ƏMDX-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin iş materiallarında mövcud olduğu qeyd olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, ƏMDX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qərardadda ekspert qarşısında qoyulmuş suallara münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat"ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İşdə olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-985/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı "Qəbələ rayon Aqrar İslahat Komissiyasının Cavabdeh münasibətdə xx.xx.1998-ci il tarixli qərarın və cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması" tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-166/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-985/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, Vəndam qəsəbəsində yerləşən Vəndam Bələdiyyəsinin mülkiyyətində olan artezian qurğusunun yerləşdiyi torpaq sahəsi Vəndam qəsəbə sakini Cavabdeh iddiasına görə, onun xüsusi mülkiyyətində olmasını əsas gətirərək sakinlərin artezian qurğusunun yerləşdiyi torpaq sahəsinə girişə icazə vermir, mütəmadi olaraq elektrik kabelini, plastik boruları zədələməklə artezian suyundan istifadəyə süni maneələr yaradır. İşdə olan Qəbələ rayonu Vəndam bələdiyyəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli, 111 nömrəli arayışda göstərilmişdir ki, Vəndam qəsəbəsində yerləşən Vəndam bələdiyyəsinin mülkiyyətində olan artezian qurğusunun yerləşdiyi torpaq sahəsi Vəndam qəsəbə sakini Cavabdeh xüsusi mülkiyyətində olmasını əsas gətirərək sakinlərin artezian qurğusunun yerləşdiyi torpaq sahəsinə girişinə icazə vermir və 2022-ci ilin avqust ayında bir neçə dəfə elektrik kabelini, plastik boruları zədələməklə artezian suyundan istifadəyə maneələr yaratmışdır. İşdə olan Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən İddiaçı5 ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubda göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvetmə komissiyasının Qəbələ rayonu üzrə üzvü Hətəm Əmiraslanov, Vəndam qəsəbə bələdiyyəsinin sədri Nümayəndə1, həmin bələdiyyənin üzvü Coşqun Bağırovun iştirakı ilə əraziyə baxış keçirilmiş, sözügedən ərazinin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyənləşdirilərək akt tərtib edilmiş və vətəndaş Cavabdeh Firudin oğluna həmin ərazinin ona aid olmadığı izah olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Qəbələ rayon Vəndam Bələdiyyəsinə ünvanlanmış 01 oktyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması barədə məlumat verilməsi haqqında Qəbələ rayonu, Vəndam Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 92 saylı məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq Ərazi İdarəsinin mütəxəssisləri sözügedən torpaq sahəsində çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına istinad edilərək araşdırılmışdır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Vəndam qəsəbəsində yerləşən, sözügedən artezian qurğusu, su çəni və transformator Vəndam qəsəbə sakini Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylıProtokolun 1-ci maddəsinəəsasən, hərbirfiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçılar Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətində olan artezian qurğusunun cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, həmin artezian qurğusundan istifadəyə cavabdeh tərəfindən törədilən süni maneələrin aradan qaldırılmasını, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılmasını tələb edirlər. Cavabdeh isə sözügedən artezian qurğusunun onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, iddiaçıların onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneəçilik törətdiyini, artezian quyusu, su çəni və transfomatorın onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə keçirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin Cavabdeh mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin araşdırılması məqsədi ilə mülki işə mütəxəssis cəlb edilmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirilmişdir. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 06 mart 2023-cü il tarixli, 3-21-3- 42/2-1043/2023 nömrəli məktubunda göstərilmişdir ki, Qəbələ Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-78/2023 saylı məktubuna əsasən iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı "süni maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə müraciətə Əmlak Məsələləri Dövlət xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmışdır. Mülki işin araşdırılması məqsədi ilə iddiada qeyd edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixli, seriya MH 0004205, ********* qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş 940 inventar nömrəli texniki pasportda qeyd edilmiş, Cavabdeh mülkiyyətində olan 0,42 hektar torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir. Eyni zamanda iddiaçıların vəsatəti əsasında artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin Cavabdeh mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin araşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 17 avqust 2023-cü il tarixli, 10/3251 nömrəli məktubunda göstərilmişdir ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 12 may 2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda ƏMDX-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin iş materiallarında mövcud olduğu qeyd olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, ƏMDX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qərardadda ekspert qarşısında qoyulmuş suallara münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Göründüyü kimi məhkəmə tərəfindən artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin Cavabdeh mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən kifayət qədər araşdırılma aparılmış, lakin mütəxəssis rəyi və ekspert rəyi almaq mümkün olmadığından artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin kimin mülkiyyətində olması müəyyənləşdirilməmişdir. İddiaçılar iddia ərizəsində artezian quyusu, su çəni və transfomatorın əvvəllər Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətində olmasını, hazırkı halda isə Cavabdeh mülkiyyətində olmasını qeyd etsələr də, işin araşdırılmış halları ilə iddiaçıların iddia etdikləri sübuta yetirilməmişdir. Yəni hazırkı halda artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin bələdiyyənin yoxsa cavabdehin mülkiyyətində olması müəyyən edilmir. Artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması ehtimalı mövcuddur ki, iddiaçıların iddiası təmin olunacağı təqdirdə cavabdehin mülkiyyət hüquqları pozulacaqdır. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi mülkiyyət hüquqları pozulmazdır və hazırkı halda iddiaçıların artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi əraziyə keçməsi üçün yol yerinin açılması cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə nəticələ bilər. Məhkəmə qeyd edir ki, artezian quyusu, su çəni və transfomatorın bələdiyyənin yoxsa cavabdehin mülkiyyətində olması müəyyən edilmədiyinə görə iddiaçının açılmasını tələb etdiyi su yolunun cavabdehin torpaq sahəsinin hüdudları daxilində olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçıların açılmasını tələb etdikləri su yolunun cavabdehin mülkiyyətində olması istisna edilmir ki, bu halda da cavabdehin mülkiyyət hüquqları pozulacaqdır. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçılariddia tələblərinin əsaslarını sübuta yetirə bilməmişlər. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Mülki Məcəllənin sözügedən maddələrinin dispozisiyasından göründüyü kimi həmin maddələrin hazırki işə tətbiq edilməsi üçün suyun təbii axımının qonşunun ziyanına dəyişdirilməlidir. Hazırkı iş üzrə isə bu hallar müəyyən edilmir. Hazırkı iş üzrə cavabdeh artezian quyusu, su çəni və transfomatorın onun mülkiyyətində olmasını, mülkiyyətində olan torpaq sahəsinə digər şəxslərin girişinin qadağan edilməsi üçün mülkiyyətinə girməsinə qadağan edilməsini əsas götürür. Bu baxımdan hazırkı iddia tələbi üzrə Mülki Məcəllənin 170.2-ci və 170.3-cü maddələri tətbiq edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 255.4-cü maddəsinə əsasən isə Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mülki Məcəllənin 175.1-ci və 255.4-cü maddələrinə əsasən məhkəmə iddiaçılara izah edir ki, servitut hüququndan istifadə etməklə gələcəkdə cavabdehə qarşı iddia qaldıra bilərlər. Hazırkı iş üzrə iddiaçılar iddia tələblərində servitut hüququ ilə bağlı tələb qoymadıqlarından məhkəmə həmin məsələyə münasibət bildirə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Beləliklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, iddiaçılar iddia tələblərinin hüquqi əsaslarını əsaslandırma bilməmiş və bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər.Hazırkı iş üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşsədə onlar, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişlər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçılar isə öz iddialarının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması, həmçinin gedişgəliş yolundan artezian quyusu istiqamətində yol açılması” tələbinə dair iddiaları təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar