Məhkəmə qərarları › İş №2(025)-785/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-785/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-785/2023 10.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Qəbələ №1 Çörək Zavodu MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qəbələ №1 Çörək Zavodu MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı Qəbələ №1 Çörək Zavodu MMC müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi X3 tərəfindən imzalanmış, lakin iddia ərizəsini imzalamış şəxsin, onun səlahiyyətlərini təsdiq edən sənədin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddia ərizəsini imzalayan şəxs X1 Qəbələ №1 Çörək Zavodu MMC-nin səlahiyyətli nümayəndəsinin olması barədə heç bir sənəd, yəni hüquqi şəxs adından onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla etibarnamə, əmək kitabçasından, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron Hökümət Portalından çıxarış iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Göründüyü kimi iddiaçı, Cavabdeh Qəbələ №1 Çörək Zavodu MMC-nin icarə müqaviləsi əsasında istifadəsində olan VAZ 2104 markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində ziyan vurduğunu göstərsə də, bununla bağlı hər hansı sübut, yəni avtomobilə dəymiş ziyanın Cavabdeh tərəfindən törədilməsini təsdiqləyən hər hansı bir sənəd (inzibati xəta haqqında protokol, inzibati xəta haqqında qərar və s.) əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlava edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. X5 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olananlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı Qəbələ №1 Çörək Zavodu MMC tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 67 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qəbələ №1 Çörək Zavodu MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. İddiaçı Qəbələ №1 Çörək Zavodu MMC tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X2 hesabına ödənilmiş 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu Qəbələ №1 Çörək Zavodu MMC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar