Məhkəmə qərarları › İş №2(025)-79/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-79/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-79/2021 11.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq cəmi 633 (altı yüz otuz üç) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə, saat 19:10 radələrində Ağdaş istiqamətində hərəkət edən zaman iddiaçıya məxsus “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Böyük Əmili kənd sakini Cavabdeh məxsus 21 baş qoyunu sürüb asfalt yoldan keçirərkən nəqliyyat vasitəsinin qabağından keçdiklərinə görə 3 baş qoyunu vurmuş və yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Qəbələ Rayon Poliş X4 Bolis Bölməsinin əməkdaşı polis baş serjantı X1 yol nəqliyyat hadisəsi baş verdiyindən qoyunların sahibi Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərmişdir. Qəbələ Rayon Məhkəməsin xx xxxx 2020-ci il tarixli, 3(025)-192/2020 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Cavabdeh apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(107)-145/2020 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsin xx xxxx 2020-ci il tarixli, 3(025)-192/2020 nömrəli qərarı ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hadisə zamanı Cavabdeh məxsus qoyunlar ona məxsus “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyməklə avtomobili əzmiş və nəticədə ona maddi ziyan dəymişdir. Maddi zərərin miqdarı Qəbələ rayonundakı “Uğur Serviz”in xx.xx.2020-ci il tarixli, Ziyan Aktına əsasən hesablanmış və cəmi 633 manat miqdarda müəyyənləşdirilmişdir. Həmçinin, ona məxsus “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan məhkəmə qərarlarında da təsdiq olunaraq öz əksini tapmış və cavabdehdən ziyanın əvəzini ödəməsini tələb etdikdə isə bundan imtina etmişdir. Ona görə də qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin Cavabdeh ekpertiza rəyi ilə razı olmadığını, maddi ziyan məbləğinin düzgün hesablanmadığını bildirdi. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan “Uğur” Servis tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş avtobilə dəymiş zərər barədə Ziyan aktından görünür ki, “Vaz-21063” markalı, **-BH-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 633 (altı yüz otuz üç) manat təşkil edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(025)-192/2020 saylı Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(107)-145/2020 saylı Qərarından görünür ki, Cavabdeh şikayəti təmin olunmamış, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 3(025)-192/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 5993 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində «VAZ-21063» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 633 (altı yüz otuz üç) manat müəyyən olunur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmili kəndi ərazisində özünə məxsus xırda buynuzlu heyvanları asfalt örtüklü beton yola ötürmüş və nəticədə yol nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus olan «VAZ-21063» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, «VAZ- 21063» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyişməli hissələrinin qiyməti 253,00 manat, təmir-bərpa işlərinin qiyməti 380,00 manat, cəmi 633,00 manat olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 633,00 manat müəyyən edilməlidir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidr. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 633 (altı yüz otuz üç) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla cəmi 663 (altı yüz altmış üç) manat tutulsun. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar