Məhkəmə qərarları › İş №2(025)-810/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-810/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-810/2021 23.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 14.07.2020-cu il tarixli müqavilənin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14067.75 manat məbləğində əsas borcun, 1223.25 manat məbləğində faiz borcunun, 563.17 manat məbləğində cərimə borcunun, cəmi 15854.17 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14.07.2020-cu il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 14 iyul 2020-ci il tarixli CC/08195/76/10 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 15000 manat məbləğində illik 21 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 14 iyul 2020-ci il tarixli CC/08195/76/10 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 15000 manat məbləği illik 21 %-lə, 36 ay müddətinə aylıq 565.13 manat, sonuncu ay isə 567.39 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 iyul 2020-ci il tarixli CC/08195/76/10 nömrəli kredit müqaviləsi üzrə 14067.75 Manat əsas, 1223.25 Manat faiz, 563.17 Manat cərimə borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 10.03.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1987-ci ildə Qəbələ rayonu Zarağan kəndində doğulmuşdur və Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 19.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmənin 11.06.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 14 iyul 2020-ci il tarixli CC/08195/76/10 №-li kredit sazişinin şərtlərinə əsasən Cavabdeh öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borcu, faiz borcu və cərimə borcu düzgün hesablanmışdırmı?

2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 14 iyul 2020-ci il tarixli CC/08195/76/10 №-li kredit sazişinin şərtlərinə əsasən Cavabdeh müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.07.2021-ci il tarixli, 9/4717 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 14 iyul 2020-ci il tarixli CC/08195/76/10 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağdakı kimi müəyyən olunur: - 12.04.2021-ci il tarixə əsas borc üzrə - 13.979,63 manat, faiz borcu üzrə - 1.215,06 manat Qeyd edilir ki, tərəflər arasında bağlanmış 14 iyul 2020-ci il tarixli CC/08195/76/10 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh cərimə hesablanmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.07.2021-ci il tarixli, 9/4717 saylı rəyindən görünür ki, 12.04.2021-ci il tarixə Cavabdeh əsas borcunun 13979,63 Manat və faiz borcunun 1215,06 Manat olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 13979,63 Manat və faiz borcu üzrə isə 1215,06 Manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 563.17 Manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 150 Manata endirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2020-ci il tarixli müqavilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh 13979 manat 63 qəpik əsas borc, 1215 manat 06 qəpik faiz borcu və 150 manat cərimə borcu olmaqla, cəmi 15344 manat 69 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh 13979 manat 63 qəpik əsas borc, 1215 manat 06 qəpik faiz borcu və 150 manat cərimə borcu olmaqla, cəmi 15344 manat 69 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2020-ci il tarixli müqavilə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar