Məhkəmə qərarları › İş №2(025)-820/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-820/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-820/2021 24.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2470,6 manat əsas, 0,13 manat faiz borcu və 0,26 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2470,99 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 08.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2515,94 manat məbləğində kredit götürmüşdür. 03.05.2021-ci ilədək Cavabdeh banka 08.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2470,6 manat əsas borc, 0,13 manat faiz və 0,26 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2470,99 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 50 509 59 63 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) (Cavabdeh məhkəmə iclas katibi tərəfindən həmçinin telefon zəngi edilməklə də xəbərdar olunmuşdur. Bu barədə telefonoqram da tərtib edilmişdir). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 18.09.2015-ci il tarixli 5-Y-3-0-1303-15 nömrəli Kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqaviləyə əsasən «xxxx» İKB ASC tərəfindən Cavabdeh illik 27 faizlə 48 ay müddətinə 2300 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. İşdə olan «18.09.2015-ci il tarixli 5-Y-3-0-1303-15 nömrəli Kredit müqaviləsinə 1 saylı Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini 78,85 ABŞ dolları, sonuncu ay isə 78,78 ABŞ dolları məbləğində ödənişlər etməklə 48 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 08.10.2019-cu il tarixli “Problemli Kreditlərin Restrukturizasiya Edilməsi ilə Əlaqədar Güzəştli Kreditlərinin X1 Kredit Şərtləri”ndən görünür ki, Cavabdeh «xxxx» İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2515,94 manat məbləğində kredit götürmüşdür. İşdə olan «08.10.2019-cu il tarixli 5-Y-3-0-1303-15 nömrəli Kredit müqaviləsinə 1 saylı Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini ilk 12 (on iki) ay 2,10 manat, sonrakı aylar 53,49 manat, sonuncu ay isə 53,62 manat məbləğində ödənişlər etməklə 60 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.14 və 9.2-ci bəndlərinə görə, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 180 % miqdarında Banka dəbbə pulu ödəməlidir. İşdə olan 18.09.2015-ci il tarixli Kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh «xxxx» İKB ASC-nin xəzinadarlığından 2300 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İşdə olan 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03.05.2021-ci il tarixə 2470,6 manat əsas, 0,13 manat faiz borcu və 0,26 manat cərimə borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 22.04.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1964-cü ildə Qəbələ rayonu Ziring kəndində doğulmuşdur və Qəbələ rayonu Zirik kəndində qeydiyyatdadır. İşdə olan 19.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5 gün müddətində kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, Cavabdeh 08.10.2019-cu il tarixli “Problemli Kreditlərin Restrukturizasiya Edilməsi ilə Əlaqədar Güzəştli Kreditlərinin X1 Kredit Şərtləri”nə əsasən İddiaçı ASC-dən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinə əsasən vaxtı keçmiş əsas kredit borcunun 2515,94 manat qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsi üçün 2515,94 manat kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, 03.05.2021-ci il tarixə Cavabdeh 2470,6 manat əsas və 0,13 manat faiz borcu vardır. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 2470,6 manat, faiz borcu üzrə 0,13 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 0,26 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olduğundan iddia tələbi cərimə borcuna hissədə də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, «xxxx» İKB ASC ilə Cavabdeh arasında 08 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 08.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2470,6 manat əsas, 0,13 manat faiz borcu və 0,26 manat cərimə borcu, cəmi 2470,99 (iki min dörd yüz yetmiş manat doxsan doqquz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin edilsin. «xxxx» İKB ASC ilə Cavabdeh arasında 08 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 08.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2470,6 manat əsas, 0,13 manat faiz borcu və 0,26 manat cərimə borcu, cəmi 2470,99 (iki min dörd yüz yetmiş manat doxsan doqquz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar