Məhkəmə qərarları › İş №2(025)-825/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-825/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-825/2020 03.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı «xxxxxxxxx» X2 nümayəndəsi X3 və Cavabdeh2 iştirakları ilə İddiaçı «xxxxxxxxx» X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «İddiaçı X1 məhkəməyə ərizə verərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5495,38 ABŞ dolları əsas borc, 2718,68 ABŞ dolları faiz borcu və 1990,48 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 10204,54 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 12100 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxx 2018-ci ilədək Cavabdeh1 banka xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5495,38 ABŞ dolları əsas borc, 2718,68 ABŞ dolları faiz borcu və 1990,48 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 10204,54 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(025)-1078/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2018-ci il tarixli, 2(025)-1078/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsi, iddia icraatına keçirilib baxılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-825/2020 qərardadı ilə hazırkı iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(025)-1078/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxx» X2 nümayəndəsi X3 məhkəməyə xx.xx.2020-ci il tarixə olan maliyyə arayışını təqdim edərək göstərdi ki, cavabdehlərin hal-hazırda Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən yenidən hesablanmış əsas borc üzrə 1359,8 ABŞ dolları, kreditin bitmə tarixinə faiz borcu üzrə 1586,33 ABŞ dolları və cərimə borcu üzrə 1990,48 ABŞ dolları olduğunu nəzərə alaraq iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Eyni zamanda göstərdi ki, Cavabdeh1 ilə bağlanmış xx xxx 2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşmüş, restrukturizasiya olunmuş pul məbləği yalnız əsas borcdan silinmişdir. Eyni zamanda borcluya təklif olunmuşdur ki, əsas borcu tam olaraq bağlamaq şərti ilə bank faiz borcundan imtina edə bilər. Lakin borclular bu təklifi qəbul etdiklərini bildirsədə, yenidən əsas borcu ödəməkdən yayınmışlar. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək göstərdi ki, Cavabdeh1 ilə İddiaçı İKB arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 28 faizlə 24 ay müddətinə 12100 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda onunla iddiaçı bank arasında həmin tarixdə zaminlik müqaviləsi imzalanmış və o borcun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 bir müddət ödəniş etmiş, lakin ölkədə baş vermiş devalvasiyalar nəticəsində ödənişlərində ləngimələr yaranmışdır. Eyni zamanda Cavabdeh1 ilə bağlanmış kredit müqavilsəi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşmüş və restrukturizasiya olunmuş pul məbləği əsas borcdan silinmişdir. O, Cavabdeh1 qalıq qalmış borc məbləğinin ödənilməsi ilə bağlı təklif etmiş, lakin sonuncu onun təklifinə hər hansı münasibət bildirməmişdir. Həmçinin bank tərəfindən hesablanmış cərimə məbləği həddin artıq çox olduğunu düşünür. Məhkəmədən cərimə borcunun azaldılmasına köməklik göstərilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər Cavabdeh1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, məhkəmədən iddiaçı bank ilə razılığa gəlmək üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görəqismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı İKB ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2014-cü il tarixli 5-MZ-5- 0-1481-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 12.100 ABŞ dolları məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. İşdə olan «xx.xx.2014-cü il tarixli 5-MZ-5-0-1481-14 nömrəli Kredit müqaviləsinə 1 saylı Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 verilmiş kredit vəsaitini hər ay 664,15 ABŞ dolları, sonuncu ay isə 664,16 ABŞ dolları məbləğində ödənişlər etməklə 24 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.2.14 və 9.2-ci bəndlərinə görə, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 180 % miqdarında Banka dəbbə pulu ödəməlidir. İşdə olan xx xxx 2015-ci il tarixli «xx.xx.2014-cü il tarixli 5-MZ-5-0-1481-14 nömrəli Bank hesab, kredit və zaminlik müqaviləsinə Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə üzrə kredit müqaviləsinin 1.2.6, 1.2.8 və 1.2.11-ci bəndlərinə dəyişikliklər edilərək, kreditin qaytarılma müddəti 24 aydan 33 aya, bağlanma tarixi 01.0.2017-ci ilə və kreditin qaytarılma faizi 26%-ə dəyişdirilmişdir. Həmçinin, edilmiş dəyişikliyə uyğun olaraq yeni ödəniş cədvəli tərtib olunmuş və Cavabdeh1 kreditin qalıq hissəsini birinci ay 669,95 ABŞ dolları, sonrakı aylar 462,86 ABŞ dolları, sonuncu ay isə 462,95 ABŞ dolları məbləğində ödənişlər etməklə 21 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 1359,8 ABŞ dolları əsas, 1586,33 manat faiz və 1990,48 manat cərimə borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2018-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh1xx.xx.1977-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2018-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh2 xx.xx.1968-ci ildə Qəbələ rayonu Soltan Nuxa kəndində doğulmuşdur və Qəbələ rayonu Soltan Nuxa kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2014-cü il tarixli Kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 İddiaçı İKB-nin xəzinadarlığından 12.100 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı İKB-dən 12.100 ABŞ dolları məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı İKB ASC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində əsaslıdır. Lakin məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə 5495,38 ABŞ dolları əsas borc tələb edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi Cavabdeh1 adına olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, sonuncu əsas borc 1359,8 ABŞ dollarıdır. Ona görə də, məhkəmə cavabdehdən 5495,38 ABŞ dolları yox, 1359,8 ABŞ dolları əsas borcun tutulması qənaətinə gəlir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh1 faiz borcunun 1586,33 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə faiz borcu üzrə 1586,33 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə cavabdehlərin maddi durumunu və əmlak mənafeini, habelə azərbaycan manatının devalvasiyaya uğramasını nəzərə alıb, tələb olunan cərimə məbləğinin 100 ABŞ dolları məbləğində tutulmasını ədalətli, əsaslı və yetərli hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 1359,8 ABŞ dolları əsas borc, 1586,33 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.046,13 (üç min qırx altı dollar on üç sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 1359,8 ABŞ dolları əsas borc, 1586,33 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.046,13 (üç min qırx altı dollar on üç sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar