Məhkəmə qərarları › İş №2(025)-829/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-829/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-829/2020 25.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı X4 və Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduqları 13891 (on üç min səkkiz yüz doxsan bir) manat məbləğində borc pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13921 (on üç min doqquz yüz iyirmi bir) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində ailəsilə bərabər yaşayır və xırda ticarətlə məşğul olur. Whatsapp sosial şəbəkəsində danışıb razılaşdıqdan sonra 2020-ci ilin yanvar ayının əvvəllərindən 2020-ci ilin fevral ayının axırlarına kimi olan müddət ərzində ailəlikcə tanıdığı və etibar etdiyi Qəbələ rayonu, Vəndam qəsəbə sakini X5 ümumilikdə 7-8 dəfəyə 16.981 (on altı min doqquz yüz səkksən bir) AZN məbləğində qızıl zinət əşyalarını nisyə vermişdir. Cavabdeh həmin əşyaları nisyə şəklində ondan alıb sataraq qısa müddətdə onun pulumn qaytarmalı və özü də gəlir əldə etmək niyyətində olmuşdur. Bütün bu razılaşmaları cavabdeh X7 ilə aralarında olan Whatsapp sosial şəbəkəsində yazışmalarında da öz təsdiqini tapır. Cavabdehlə aralarında olan şifahi razılaşmaya görə ondan nisyə aldığı qızıl zinət əşyalarının dəyərini ilk günlərdə qaytarmağa başlasa da, (2934 - iki min doqquz yüz otuz dörd AZN), sonradan aralarında olan razılaşmaya əsasən üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa başlamışdır. İndi cavabdehin ona 13891 (on üç min səkkiz yüz doxsan bir) AZN məbləğində borcu qalır və hal-hazıra kimi də ona borclarını qaytarmır. Cavabdeh ondan şifahi razılaşmalarına əsasən nisyə aldığı qızıl zinət əşyalarını özünün dediyinə görə Bakı şəhərində tanışları, qohumları arasında satsa da, aralarında olan razılaşmamadan irəli gələn ödəliklərini pozaraq və ona olan etibarından sui istifadə edərək ödəməli olduğu məbləğin böyük hissəsini mənimsəyərək ödəniş etməmişdir. Bundan sonra da dəfələrlə cavabdehdən ona borclu olduğu 13891 (on üç min səkkiz yüz doxsan bir) AZN pulunu verməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə, xüsusislə Covid-19 virusu səbəbindən tətbiq olunan karantini bəhanə gətirərək ona borclu olduğu pulu qaytarmaqdan yayınır. Bundan sonra cavabdeh borcu qaytarmadığından onun ailə üzvləri, həyat yoldaşı və oğlu cavabdehin borclu olduğu pulu tələb etmək üçün cavabdehin ailə üzvlərinə, həyat yoldaşına, qayınlarına və qayınatasına dəfələrlə müraciət etdikdən sonra 2020-ci ilin mart ayında kəndin ağsaqqalı, hörmətli seyidi hesab edilən ataları Seyidağa babanın evinə gedərək 13891 (on üç min səkkiz yüz doxsan bir) AZN məbləğində borcun qaytarılmasında kömək etməsini ondan xahiş etmişlər. Hörmət çərçivəsində olan söhbətdən sonra borcun qaytarılması üçün vaxt istəmişlər. Müəyyən olunan vaxt keçdikdən sonra cavabdehin həyat yoldaşı, 4 qaynı və qaynatası onların evinə gələrək borcun qaytarılması üçün 2020-ci ilin may ayının 5-nə kimi onlara möhlət verilməsini xahiş etmişlər və həmin tarixə qədər cavabdehlərin ona borclu olduqları 13891 (on üç min səkkiz yüz doxsan bir) AZN məbləğində pul vəsaitinin ona qaytarılmasına bir daha təminat vermişdirlər. 2020-ci ilin may ayının 5-dən sonra yenə cavabdehdən ona borclu olduqları 13891 (on üç min səkkiz yüz doxsan bir) AZN məbləğində pul vəsaitini qaytarmalı olduqlarını xatırlatdırdıqdan sonra cavabdehin həyat yoldaşı X13 borcu qaytarmaq məsuliyyətindən yayınmaq, pulu qaytarmamaq üçün vaxtı uzatmaq, onları qorxutmaq, şərləmək, böhtana salmaq və münasibətləri daha da gərginləşdirmək məqsədilə xx.xx.2020-ci il tarixində Qəbələ RPŞ-nə onu həqiqətən də onlara borclu olduğu 13725 (on üç min yeddi yüz iyirmi beş) AZN məbləğində borc pulu qaytarmadıqlarına görə guya öldürmək hədəsi adı ilə yalan, şər və böhtan dolu şikayət ərizəsi ilə müraciət etmişlər. Qəbələ RPŞ tərəfindən aparılan araşdırmalardan sonra həyat yoldaşı və oğlu haqqında cinayət işinin başlanması haqqında xahişləri əsassız, qanunsuz və ədalətsiz olduğuna görə xx.xx.2020-ci il tarixli qərar ilə rədd edilmişdir. Bütün cəhdlərinə baxmayaraq bu günə kimi cavabdeh onu aldadır, borcunu qaytarmır və aralarında olan razılaşmaya əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir. Bu isə kobud qanun pozuntusudur. Qanunvericiliyin və aralarında olan şifahi razılaşmanın, cavabdehin ailə üzvlərinin iştirakı ilə cavabdehin evində və onların evlərində olan görüşlərində, Qəbələ RPŞ-nə yazıdığı şikayət ərizəsində də etiraf etdikləri və üzərinə götürmüş olduqları öhdəliyin tələblərinə uyğun olaraq cavabdeh ona olan 13891 (on üç min səkkiz yüz doxsan bir) AZN məbləğində borcunu tam məbləğdə ödəməlidir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəmə zamanı verdiyi ifadəsində cavabdehə qızılı 75 manatdan hesablamaqla verdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddianı qismən etiraf edərək göstərdi ki, 2020-ci ilin yanvar ayında Cavabdeh iddiaçıdan razılaşmalarına uyğun olaraq qızıl zinyət məmulatları almış və bir hissəsinin dəyərini vaxtında ödəmişdir. Lakin sonradan pandemiya ilə əlaqədar olaraq aldıqları qızıl məmulatlarının bir hissəsinin dəyərini ödəyə bilməmişdir. Hazırda onun iddiaçı X2 borcu 112 qram həcmində qızıl zinət əşyaları və ya onun dəyəri həcmində borcu vardır. İddiaçı həmin qızıl məmulatların 100-110 manat dəyərində qiymətləndirir və bu səbəbdən də borcu 13 921 manat dəyərləndirir. Lakin o, qızılları 70 manatdan qəbul etmiş və bu səbəbdən də borc təqribən 7840 manat təşkil edir. Hal-hazırda 112 qram həcmində qızılın və ya onun dəyərinin iddiaçıya qaytarılmasına etiraz etmirlər. Məhkəmə iclasında Şahid qismində vediyi ifadəsində göstərmişdir ki, X6 ilə iki ilə yaxındır ki, alqı-satqı ilə, yəni qızıl alveri ilə məşğuldurlar. Natəvan Abdulhəmidova iki il ərzində ondan daimi olaraq qızıl-zinət əşyası alıb pulunu da nağd şəkildə ödəmişdir. 2020-ci ilin yanvar ayında Natəvan xanım ona bildirmişdir ki, qızıl-zinət əşyası almaq istəyir, lakin pulunu nağd şəkildə ödəyə bilməyəcəkdir. Ona bildirmiş ki, qızıl-zinət əşyalarını onun həmkəndlisi Qəbələ rayon, Vəndam qəsəbə sakini Cavabdeh verəcək, o, qızıl-zinət əşyalarını satan zaman ona pulu ödəyəcəkdir. Belə olduqda onlar razılaşmışlar. Daha sonra 2020-ci ilin mart ayında ondan qızılzinət əşyalarını almış və bildirmiş ki, mart ayının 8-10-na ödəyəcəkdir. Lakin o gündən sonra 1 manat belə olsun ödəniş etməmişdir. Abdulhəmidova Natəvan ondan ümumilikdə təqribən 14000 manatlıq qızıl zinyət məmulatı almış, hazırda ona 5800 manat dəyərində qızıl zinət əşyası borcu vardır. Məhkəmə iclasında X16 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı onun arvadıdır. Arvadı Cavabdeh kosmetika və qadın çantası, o cümlədən qızıl dəsti vermişdir. Özü şəxsən cavabdehə 3 dəfə əlbəəl, 2 dəfə Bakı şəhərində, 1 dəfə isə Qəbələ şəhərində qızıl vermiş, 3 dəfə isə cavabdeh qızılları mağazadan götürmüşdür. Cavabdeh aldığı əşyaları və qızılzinyət əşyalarını satıb 1 ay ərzində pulunu qaytarmağı öhdəsinə götürsə də, pulu qaytarmaqdan yayınmışdır. Nəticədə cavabdehin 13891 manat borcu yaranmışdır. Cavadeh, onun həyat yoldaşı və qohumları ilə dəfələrlə bu barədə söhbət aparılmış, lakin onlar borclarını qaytarmaqdan imtina etmişlər. Məhkəmə iclasında X19 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçının oğludur. X15 Cavabdeh qızıl dəsti vermişdir. Cavabdeh isə qızıl dəstini satıb bir ay ərzində pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazırda 13891 (on üç min səkkiz yüz doxsan bir) manat borcu qalmışdır. Cavabdeh və onun həyat yoldaşı hər dəfə borclarını qaytarcağını bildirsələr də, bu günə qədər borclarını qaytarmamışlar. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin, iş üzrə şahidlərin ifadəsini dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elşən Qasımovun xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə sakini X1 RPŞ-nə ərizə ilə müraciət edərək, Qəbələ rayon Vəndam qəsəbə sakini X10 13.725 manat pul borcu olduğunu, buna görə Mahir Abdulhəmidov və onun oğlu Ülvi İsazadə onu öldürməklə hədələdiklərini bildirmişdir. HK-1/576 saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İƏD tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 776 nömrəli arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Səyyar-ASAN2 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə Zərdab rayonu Yarməmmədbağı kəndində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsindir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinin mənasına görə müqavilə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddiaçının, cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələrindən müəyyən olunur ki, iddiaçı Natəvan Abdulhəmidova cavabdehə Pərvanə Nəsibovaya qızıl dəsti verdiyini, cavabdehin həmin qızıla görə ona 1391 manat ödəməli olduğunu bildirir. Eyni zamanda iddiaçı cavabdehe verdiyi qızılın 1 qramının dəyərinin 75 manatdan hesabladığını bildirmişdir. Cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi isə cavabdehin iddiaçıya hazırda 112 qram həcmində qızıl borclu olduğunu, həmin qızılın dəyərinin iddiaçı tərəfindən həqiqəti əks etdirməyən məbləğlərlə hesablandığını, bu səbəbdən borc məbləğinin 13891 manat olaraq tələb etdiyini, cavabdehin iddiaçıdan aldığı 112 qram qızılı və ya onun qramı 70 manatdan qiymətləndirilməklə dəyərini qaytamağa etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi cavabdehin vəkili Vəkil cavabdehin iddiaçıdan 112 qram həcmində qızıl aldığını və həmin qızılın və ya dəyərinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığını etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil cavabdehin iddiaçıya 112 qram həcmində qızıl qaytarmalı olduğunu, yəni borcu olduğunu etiraf etmişdir. İddiaçı isə izahatında qızılın qramını 75 manatdan hesablanmaqla cavabdehə verdiyini bildirmişdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edildiyi üçün iddia həmin hissədə təmin olunmalıdır. Yəni cavabdeh tərəfindən etiraf edilən 112 qram həcmində qızılın dəyəri, iddiaçının izahatında qeyd etdiyi kimi, yəni qızılın qramı 75 manatdan hesablanmaqla (112 qram X 75 manat=8400 manat) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin iddiaçı iddia tələbinin əsası olan 13891 (on üç min səkkiz yüz doxsan bir) manat məbləğində qızılın cavabdehə verilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə onuda qeyd edir ki, iddiaçı Qəbələ RPŞ-də araşdırılmış və Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elşən Qasımovun xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarındakı etirafa əsasən cavabdehdən 13891 (on üç min səkkiz yüz doxsan bir) manat pul tutulmasını tələb etsə də, sözügedən rədd qərarında Cavabdeh izahatı alınmamış, onun tərəfindən hər hansı borc məbləği etiraf edilməmişdir. İddiaçının məhkəməyə gətirdiyi şahidlərin verdiyi ifadəyə gəldikdə isə, məhkəmə həmin ifadələrə tənqidi yanaşır. Belə ki, iddiaçının dəvət etdiyi şahidlər iş üzrə maraqlı şəxslər olub onu dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə vermişlər. Ona görə də məhkəmə hesab edir ki, həmin ifadə hazırkı iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab edilə bilməz. Həmçinin şahidlər verdikləri ifadəsində X4 tərəfindən Cavabdeh13891 (on üç min səkkiz yüz doxsan bir) manat məbləğində pulun verilməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü Cavabdeh alınaraq iddiaçı X3 ödənilməlidir. Beləliklə, məhkəmə iddianı qismən əsaslı hesab edib, onun Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 8430 (səkkiz min dörd yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi hissəsində təmin olunması, qalan hissədə isə təmin olunmaması qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 8430 (səkkiz min dörd yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar