Məhkəmə qərarları › İş №2(025)-83/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-83/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-83/2022 10.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4071 manat əsas borc, 17.55 manat faiz borcu və 14.63 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4103.18 manat borcun və 61.03 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 18.11.2019-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 4534.63 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24.09.2021-dək Cavabdeh1 banka 18.11.2019-cü il tarixli kredit müqaviləsi üzrə 4071 manat əsas borc, 17.55 manat faiz borcu və 14.63 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4103.18 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək yazılı ərizə təqdim etdi və izahatında bildirdi ki, onlar tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra Cavabdeh1 tərəfindən kredit borcu üzrə ümumən 640 manat ödəniş etmişdir. Həmin məbləğ əsas borcdan çıxılmışdır. Odur qeyd olunan ödənişin nəzərə alaraq müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, 18.11.2019-ci il tarixdə bankla kredit müqaviləsi bağlayaraq 4534.63 manat məbləğində kredit almışdır. Maddi imkanı aşağı olduğundan kredit müqaviləsi üzrə qalıq borcu ödəyə bilmir. Bank tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra o, kredit borcu üzrə 15.11.2021-ci il tarixdə 500 manat, 10.12.2021-ci il tarixdə 70 manat və 06.01.2022-ci il tarixdə 70 manat ödəniş etmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 18.11.2019-cu il tarixli 5-MZ-1- 0-1158-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 4534.63 manat məbləğində illik 1 % olmaqla 60 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 18.11.2019-cu il tarixli 5-MZ-1-0-1158-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 18.11.2019-cu il tarixli 5-MZ-1-0-1158- 14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 18.11.2019-cu il tarixli 5-MZ-1-0-1158-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 4534.63 manat məbləği illik 1 %-lə, 60 ay müddətinə 1 il güzəşt müddəti tətbiq edilməklə aylıq 96.41 manat, son ayda isə 96.54 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18.11.2019-cu il tarixli 5-MZ-1-0-1158-14 nömrəli kredit müqaviləsi üzrə 4071 manat əsas borcu, 17.55 manat faiz borcu, 14.63 cərimə borcu olmaqla, cəmi 4103.18 manat borcu vardır. İş materiallarında olan 18.11.2019-cu ildən 22.12.2021-ci ilədək olan tarix aralığını əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra – 15.11.2021-ci il tarixdə 500 manat, 10.12.2021-ci il tarixdə 70 manat və 06.01.2022-ci il tarixdə 70 manat məbləğində kredit ödənişi həyata keçirmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 15.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, 4071 manat əsas borcun bir hissəsi Cavabdeh1 tərəfindən ödənildiyindən onun məbləği azaldılmalı, 3431 manata endirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 24.09.2021-ci il tarixə Cavabdeh1 faiz borcu 17.55 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə faiz borcu üzrə 17.55 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, 14 manat 63 qəpik cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 14 manat 63 qəpik məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 14 manat 63 qəpik məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 61.03 (altmış bir manat üç qəpik) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 3431 manat əsas borc, 17 manat 55 qəpik faiz borcu və 14 manat 63 qəpik cərimə borcu olmaqla, cəmi 3463 manat 18 qəpik kredit borcu və 61.03 (altmış bir manat üç qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 3431 manat əsas borc, 17 manat 55 qəpik faiz borcu və 14 manat 63 qəpik cərimə borcu olmaqla, cəmi 3463 manat 18 qəpik kredit borcu və 61.03 (altmış bir manat üç qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli müqavilə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar