Məhkəmə qərarları › İş №2(025)-840/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-840/2022

17.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-840/2022 17.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Musayev Zamı̇ n Zakı̇ r oğlunun cavabdeh Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə ilə, İddiaçı Musayev Zamı̇ n Zakı̇ r oğlunun cavabdeh Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Musayev Zamı̇ n Zakı̇ r oğlu cavabdeh Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğlundan 600 (altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin iyun ayında mebel ustası kimi tanış olduğu Cavabdeh evi üçün bütün mal-material ondan olmaqla mətbəx mebel yığılması məqsədilə sifariş vermişdir. Həmin sifarişi icra etmək üçün isə ona1000 manat nağd ödəniş etmişdir. Bu günədək o, öz öhdəliyini icra etməmiş və həmin məbləğdən 400 manat geri qaytarmışdır. Qalıq 600 manatı isə bu günədək qatarmamışdır. Bununla bağlı Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə müraciət etmiş və Polis Bölməsinin səlahiyyətli şəxsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə cavabdehin əməlində cinayət tərkibi olmadığı üçün və işin mülki xarakterli olduğu əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında”qərar ilə cavabdeh öz izahatı ilə 10 ilə yaxındır usta işlədiyi, mətbəx mebeli yığmaq üçün ondan 1000 manat pul aldığını, həmin puldan 400 manat geri qaytardığını, qalıq6 00 manat məbləği isə səhhətində olan problemlərlə əlaqədar qaytara bilmədiyini və yaxınzamanlarda qaytaracağını bildirmişdir.Həmin vaxtdan (xx.xx.2021) 6 ay vaxt keçməsinə baxmayaraq hələ də qalıq məbləği olan 600 manat geri qaytarılmamışdır. Beləliklə aramızada mülki hüquq münasibətləri çərçivəsində məxbət mebelinin hazırlanması ilə bağlı şifahi alğı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Musayev Zamı̇ n Zakı̇ r oğlu məhkəməyə teleqram ünvanlayaraq məhkəməyə gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğlu məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin məzmununa əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinin məzmununa əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinin məzmununa əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materillaında olan Suraxanı Rayon Polis Şöbəsinin 33-cü PB-nin baş tədqiqatçısı polis mayoru Elşən İsmayılovun “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı iddiaçı Musayev Zamı̇ n Zakı̇ r oğluna 600 manat məbləğində borcu olduğunu etiraf etmiş və qısa müddətdə ödəyəcəyi barədə vəd vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Suraxanı Rayon Polis Şöbəsinin 33-cü PB-nin baş tədqiqatçısı polis mayoru Elşən İsmayılovun “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” qərarında cavabdeh Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğlu iddiaçı ilə arasında şifahi alqı-satqı müqaviləsi bağlandığını və həmin müqavilə üzrə iddiaçıya 600 manat borcunun olduğunu etiraf etmişdir. Lakin həmin məbləğ hələ də ödənilmədən qalmaqdadır. İddiaçı 600 manat əsas borcun ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabde Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğlu iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 600 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğlundan 600 (altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Musayev Zamı̇ n Zakı̇ r oğluna ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Xəlı̇ lov Sadı̇ q Qədı̇ malı oğlundan 600 (altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 630 (altı yüz otuz) manat pul tutularaq iddiaçı Musayev Zamı̇ n Zakı̇ r oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar