Məhkəmə qərarları › İş №2(025)-856/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-856/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-856/2020 18.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 3600 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı 3600 (üç min altı yüz) manat borc pul almışdır. Cavabdeh aldığı 3600 manat borcu bir il müddətinə hər ay 300 (üç yüz) manat ödəməsi şərti ilə xx.xx.2018-ci il tarixə ödəyəcəyini öhdəsinə götürmüşdür. Borc pul cavabdehə faizsiz verilmişdir. İddiaçının cavabdehə 3600 manat məbləğində borc verməsi və həmin borc məbləğinin hər ay 300 manat ödəməklə xx.xx.2018-ci il tarixə tam ödəyəcəyi öhdəliyi tərəflər arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsində öz təsdiqini tapmışdır. Ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyinə əməl etməmiş, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina edir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndində göstərilir ki, “Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur”. Cavabdeh üzərinə götürdüyü borcu qaytarmaq öhdəliyini yerinə yetirməməklə qanunun qeyd olunan tələblərini pozur. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib eyni zamanda göstərdi ki, cavabdehin atası X1 tərəfindən ona 1000 manat və 100 manat ödəniş olunmuşdur. Cavabdeh isə ona 100, 70, 70, 70 manat ödəniş etmişdir. Həmçinin təqribən 290 manat da hissə-hissə vermişdir. Cavabdehin hazırda ona 1900 manat borcu qalmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin qeyd olunan həcmdə təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirdi ki, o, xx.xx.2017-ci il tarixdə İddiaçı 3600 manat borc pul almışdır. Aldığı 3600 manat borcu bir il müddətinə hər ay 300 manat ödəməsi şərti ilə xx.xx.2018-ci il tarixə kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin borcunu tam ödəyə bilməmişdir. Həmin borcdan atası Marqunov Vladimir tərəfindən və onun müxtəlif vaxtlarda ödənişlər olmuşdur. İddiaçıya borc qaytardığı zaman hər hansı sənədə imza etdirməmişdir. Hal-hazırda iddiaçıya 1900 manat borcu vardır. İddianın həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında X1 şahid qismində vediyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh atasıdır. İddiaçı tanıyır. Belə ki, o 2017-ci ilin oktyabr – noyabr aylarında ona məxsus Qəbələ rayonu Hacıallı kəndində yerləşən evə gəlmiş və ona bildirmişdir ki, o, oğlu Cavabdeh iş yoldaşıdır. O, Hafizin ona 3600 manat pul borclu olduğunu demiş və aralarında bağlanmış borc müqaviləsini ona göstərmişdir. O, Hafizin hazırda Gəncə şəhərində olduğunu ona bildirmişdir. 2017-ci ilin dekabr ayında Hafizə toy edəcəyini, onu da toya dəvət edəcəyini və borcundan bir qisminin toy günü ona qaytaracağını da bildirmişdir. 2017-ci ilin noyabr ayının sonunda İddiaçı zəng edərək onu 3 dekabda olacaq toya dəvət etmişdir. İddiaçı 3 dekabrda toya dostu ilə gəlmişdir. Yeyib-içdikdən sonra toyun sonunu gözləyə bilmədiyini, tələsdiyini və Bərdə şəhərinə gedəcəyini bildirmişdir. O, İddiaçı dostunun yanında 1000 manat pul vermiş və onlar getmişlər. İki ay sonra İddiaçı ona zəng edərək yenidən pula ehtiyacı olduğunu bildirmiş və bir neçə gün sonra yenidən onlara, yəni Qəbələ rayonu Hacıallı kəndinə gəlmişdir. Ona bu dəfə 100 manat pul vermişdir. Daha sonra yenidən ona zəng etmiş, ona maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Hafizə zəng etməyini bildirmişdir. Daha sonra Hafizdən maraqlanmış, o, borcundan az-az İddiaçı qaytardığını bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsini və cavabdehin, iş üzrə şahidlərin ifadəsini dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri, 5 saylı notariat kontorunda 3M-540 reyetr nömrəsi ilə qeydə alınmış «kredit müqaviləsi»ndən görünür ki, İddiaçı Cavabdeh 3600 manat 00 qəpik (üç min altı yüz) manat məbləğində pulu borc vermişdir. Müqavilə ilə «borc alan» xx.xx.2018-ci il tarixədək həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ASAN-Bərdə tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-ci il tarixdə Bərdə rayonu Piyadalar kəndində doğulmuş, Bərdə rayonu, Piyadalar kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə Qəbələ rayonu Hacallı kəndində doğulmuş, Qəbələ rayonu, Hacıalılı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh iddiaçıya 1900 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya 1900 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edildiyi üçün iddia həmin hissədə təmin olunmalıdır. Həmçinin iddiaçı cavabdehdən iddia ərizəsində fərqli pul məbləği tələb etsə də, cavabdehin 1900 manat məbləğində borcu etiraf etməsi ilə razılaşmış, etirafı təkzib etməmiş və mübahisələndirməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə iddianı qismən əsaslı hesab edib, onun 1.900,0 (bir min doqquz yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin olunması, qalan hissədə isə təmin olunmaması qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.900,0 (bir min doqquz yüz) manat məbləğində borc pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar