Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-868/2022 18.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və törədilən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması və törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən mülkiyyətlərində olan 0,41 ha torpaq sahəsindən istifadələrinə törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİK-nin xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə ona və digər 3 nəfər ailə üzvlərinə 0,48 ha torpaq sahəsi paylı mülkiyyətlərinə verilmişdir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin 0,84 ha torpaq sahəsi 3 müxtəlif ərazidən yerləşmişdir. 1560,36 kv metri bir sahədə, 2677.42 kv metri başqa bir ərazidə, 0,41 ha tamamilə başqa bir ərazidə yerləşir. Həmin 3 müxtəlif sahədə yerləşən torpağın 0,41 ha hissəsindən bu günədək istifadə edə bilmirlər. Səbəbi isə həmin sahənin cavabdeh tərəfindən tutulması və zəbt edilərək istifadəsinə imkan verməmişdir. Həmin torpaq sahəsinin cavabdehin həyət qonşu olmasını və cavabdehin xahişini nəzərə alaraq 20000 manat müqavilində torpağı cavabdehə vermək razılığına gəlmişlər. Ancaq cavabdeh verdiyi sözə əməl etməmiş, ciddi problemlər yaratmış, hətta polisə müraciət etmişdir. 20000 manat məbləğində razılaşmadan sonra bir neçə dəfəyə 300 (üç yüz) manat pul vermiş, sonradan ödənişdən müxtəlif bəhanələrlə yayınmış, neçə illərdir onu və ailə üzvlərini aldadaraq ərazidən özü istifadə edərək gəlirini mənimsəmişdir. Müxtəlif dövlət orqanlarına, yerli idarə orqanlarına müraciətlərinə baxmayaraq cavabdeh öz qanunsuz hərəkətlərindən əl çəkməmiş, torpaqdan qanunsuz istifadəsini davam etdirməklə torpaq üzərində hüquqlarını kobud şəkildə pozmuş və bu gün də davam etdirir. Cavabdehin zəbt etdiyi 4150,13 ha torpaq sahəsi mülkiyyətçisi olan oğlu X7 müharibəsi veteranı olmaqla payına düşən torpağa ehtiyacı vardır. Ancaq ehtiyacı olmasına baxmayaraq istifadə edə bilmir. Səbəbi cavabdeh tərəfindən həmin torpaq sahəsinin “torpaq islahatı keçirilən dövrədək istifadəçisi mən olmuşam” prinsipi ilə yanaşması və əraziyə daxil olmağa imkan verməmişdir. Azərbaycan Respublikası prezidentinin xx.xx.2021-ci il tarixli 2717 №-li sərəncamı ilə “Ağdamın azad olunmasına görə medalı ilə təltif olunmuç müharibə veteranı olan oğlu X5 və özü də daxil olmaqla ailələrinin 4 üzvü 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Cavabdeh öz qanunsuz hərəkətləri ilə mülkiyyətçi kimi istifadələrinə imkan verməməsidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş rəy ilə tanış olmuşdur. Rəydə onun mülkiyyətinə verilmiş 0,84 ha torpaq sahəsinin 33H cizgisində qeyd edilmiş 0,42 hektar hissəsinin 0,3936 hektarı Cavabdeh tərəfindən zəbt olunduğu müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, iddiaçının hal-hazırda boşaldılmasını tələb etdiyi torpaq sahəsi uzun müddətdir ki, istifadəsində olmuşdur. Buna səbəb isə onunla iddiaçı arasında alqı-satqı olması olmuşdur. Lakin o, alqı-satqıdan sonra torpaq sahəsini adına rəsmiləşdirməmişdir. Həmin torpaq sahəsinə görə iddiaçıya verdiyi pula görə və orada apardığı abadlıq və əkin işlərinə görə məhkəmədə iddia qaldıracaqdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan JN-0033 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Solquca kəndində 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 sentyabr 2022-ci il tarixli, **********44 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyətinə JN-0033 (Kod: ********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 0,84 ha torpaq sahəsinin 33H cizgisində qeyd edilmiş 0,42 hektar hissəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyətinə JN-0033 (Kod: ********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 0,84 ha torpaq sahəsinin 33H cizgisində qeyd edilmiş 0,42 hektar hissəsinin 0,3936 hektarı Cavabdeh istifadəsindədir. İddiaçıya məxsus cavabdehin istifadəsində olan 0,3936 hektar torpaq sahəsinin kənarları cavabdeh tərəfindən metal tor və kol çəpər ilə bağlanılmışdır. İşdə olan “Torpaq sahəsinin satılmasına dair” 06 avqust 2012-ci il tarixli aktdan görünür ki, Solquca kənd sakini İddiaçı özünə və ailə üzvlərinə məxsus olan 0,415 ha bağ altı torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Solquca kənd İnzibati Ərazi Dairəsi 07 aprel 2022-ci il tarixli, 24 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Solquca kəndində qeydiyyatdadır və hal-hazırda Qəbələ rayon Solquca kəndində yaşayır. İşdə olan Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli, 11 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Mıxlıqovaq Bələdiyyəsinin hüdudlarından 0,84 ha bağ altı torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən İddiaçı ünvanlanmış 11 mart 2022-ci il tarixli 4/N-2-148 nömrəli məktubda İddiaçı mübahisəli məsələlərə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin iddiaçı mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 sentyabr 2022-ci il tarixli, **********44 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyətinə JN- 0033 (Kod: ********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 0,84 ha torpaq sahəsinin 33H cizgisində qeyd edilmiş 0,42 hektar hissəsinin 0,3936 hektarı Cavabdeh istifadəsində olması göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahəsinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi JN-0033 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı və mütəxəssis rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi 0,84 hektar təşkil edir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyətinə JN-0033 (Kod: ********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 33H cizgisində qeyd edilmiş 0,42 hektar hissəsinin 0,3936 hektarı bütövlükdə Cavabdeh istifadəsində olduğundan və həmin hissə Cavabdeh tərəfindən tutulduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, eyni zamanda iddiaçıya məxsus cavabdehin istifadəsində olan 0,3936 hektar torpaq sahəsinin kənarları cavabdeh tərəfindən metal tor və kol çəpər ilə bağlanıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr mövcud olduğundan, iddia tələbi torpaq sahəsindən törədilən maneələrə son qoyulması hissəsində əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərində mülkiyyətlərinə verilmiş 0,41 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılmasını tələb etsələr də, mütəxəssis rəyi ilə cavabdehin faktiki istifadəsində olan sahənin 0,3936 ha olması müəyyən edilmişdir və bu səbəbdən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-0033 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 33H cizgisində göstərilmiş 0,42 ha hissəsinin 0,3936 hissəsindən Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eynin zamanda qeyd edir ki, cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı qaldırılan məsələ ilə bağlı müvafiq sübutlar əlavə edilməklə məhkəməyə ayrıca iddia qaldırıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. JN-0033 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 33H cizgisində göstərilmiş 0,42 ha hissəsinin 0,3936 hissəsindən Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-868/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-868/2022
18.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver