Məhkəmə qərarları › İş №2(025)-888/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-888/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-888/2021 24.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh iştiraklı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 037CASA200480016 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh ümumi qaydada 2575,12 AZN əsas kredit borcu, 202,27 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 2777,39 AZN məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 037CASA200480016 saylı 17 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 19 faiz dərəcə ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etməklərinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbirlər görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 23.04.2021-ci il tarixə İddiaçı ASC-yə 2575,12 AZN əsas kredit borcu, 202,27 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 2777,39 AZN borcu qalmaqdadır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən İddiaçı ASC-nin Qax filialı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2020-ci il tarixi 037CASA200480016 saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, işlədiyi yer bağlandığı üçün borcunu ödəyə bilmədiyini, hal-hazırda işsiz olduğunu, imkanı olduqca borcunu ödəyəcəyini və ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “Qax” filialı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 037CASA200480016 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 19 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 17 fevral 2020-ci il tarixli 037CASA200480016 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh 3000 manat məbləği 24 ay müddətinə aylıq 151,25 manat, sonuncu ay isə 151,39 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.04.2021-ci il tarixli Arayışdan görünür ki, borclu Cavabdeh əsas kredit borcunun məbləği 2575,12 manat və iddia qaldırılan günə faiz borcunun məbləği 202,27 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-i tərəfindən Cavabdeh ünvanlanmış 14.04.2021-ci il tarixli pretenziyanın surətindən görünür ki, banka olan borclarının ödənilməsinin 3 bank iş günü müddətində təmin edilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq tələblə, borcun məcburi tutulması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 17.02.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 3000 AZN məbləği imza edərək qəbul etmişdir. İş materiallarında olan “Hesabdan çıxarış”dan görünür ki, Cavabdeh 17 fevral 2020-ci il tarixli 037CASA200480016 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə 17.07.2020-ci il tarixdə 28,87 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC-dən 3000 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin təqdim etdiyi maliyyə arayışına əsasən, cavabdehdən iddiaçının xeyrinə 23.04.2021-ci il tarixə hesablanmış 2575,12 əsas, 202,27 manat hesablanmış faiz borcu tutulmalıdır. Məhkəmə bu səbəbdən Cavabdeh iddiaçı bankın xeyrinə əsas borc üzrə 2575,12 manat, faiz borcu üzrə isə 202,27 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 037CASA200480016 saylı güzəştli kredit müqaviləsi ləğv edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 037CASA200480016 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 2575,12 manat əsas borc, 202,27 manat faiz borcu olmaqla, ümumilikdə 2777,39 (iki min yeddi yüz yetmiş yeddi manat otuz doqquz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 037CASA200480016 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh “xxxx” ASC-nin xeyrinə 2575,12 manat əsas borc, 202,27 manat faiz borcu olmaqla, ümumilikdə 2777,39 (iki min yeddi yüz yetmiş yeddi manat otuz doqquz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar