Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-90/2024 13.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus BMW markalı 77- KA-964 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 4700 manat zərərin və əlavə xərclərə görə ödədiyi 5000 manat məbləğin ümumilikdə 9700 manat dəymiş zərərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 13 avqust 2023-cü il tarixdə saat 13:30 radələrində nəqliyyat vasitəsi idarə etmək hüququ əsasında idarə etdiyi Mersedes Benz A-160 markalı 99FU-233 dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən 39-cu kilometrdə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla onun idarə etdiyi BMV markalı. **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə onun avtomobilində sərnişin kimi əyləşmiş X1 yüngül dərəcəli bədən xəsarəti almasına və onun avtomobilinə maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində ona məxsus BMV markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4700 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə baş verən gündən o iş yerinə taksi ilə gedibgəlir, buna görə də əlavə xərclər çəkməli olur. Bundan əlavə avtomobilin təmiri üçün daşınması xərcləri və digər xərclərə görə 5000 manata qədər ziyan çəkmişdir. Ümumilikdə ona dəymiş ziyan 9700 manatdır. Qeyd olunan hadisə barədə təhqiqat aparılmış, Cavabdeh barəsində AR İXM-nin 328.7-ci maddəsi ilə İnzibati Xəta haqqında protokol tərtib olunmuşdur. O, AQR həmin Məcəllənin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə olunmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Cavabdeh təqsiri tam təsdiq olunur, buna görə də ona dəymiş ziyan onun tərəfindən ödənilməlidir. Ona məxsus avtomobilə dəymiş ziyan TOTAL SERVİÇES tərəfindən hesablanmış dəymiş ziyan 4700 manat dəyərində qiymətləndirilmişdir. (İddia ərizəsinə əlavə olunur). Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında göstərmişdir ki, idiaçı İddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq, ondan 4700 manat məbləğində BMW markalı avtomobilə dəymiş ziyan və əlavə xərclərə görə ödədiyi 5000 manat, yəni cəmi 9700 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəymiş ziyan ona aydın olsa da, əlavə tələb etdiyi 5000 manat ona aydın olmamışdır. Avtoqəza olduqdan 2 gün sonra İsmayıla zəng edərək, dəymiş ziyanın aradan qaldırılması üçün 1500 manat pul təklif etmiş, lakin İsmayıl təklifi qəbul etməmişdir. Daha sonra İsmayılın anası ona zəng edərək ona “yollarda qalmayın cavansınız” demiş və ondan avtoavariyaya görə nə qədər vəsaitin verə biləcəyini soruşmuşdur. Cavabında 1500 manat və 500 manat əlavə bank kartına atacağını bildirmişdir. Onlardan kart istəmiş və səhəri gün İsmayıla zəng edib kart istəyəndə, İsmayıl cavabında “sən anamla razılaşmısan, mən razı deyiləm” demişdir. İsmayıl ona məhkəməyə müraciət etmək istədiyini demişdir. Hesab edir ki, dəymiş zərərin miqdarı bilərəkdən şişirdilmişdir. Odur ki, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 3(025)- 435/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qüsur aktında əsasən, BMW 528 markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4700 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Ziyan aktına əsasən, “BMW 528” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin ümumi dəyəri 1760 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 10 yanvar 2024cü il tarixli 9/9610 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş ********** VÖEN sahibkar X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 1996-cı il buraxılışlı “BMW 528” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4460.00 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, “BMW 528” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Məhkəmə hesab edir ki, İddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisidir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi Mersedes Benz A-160 markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçıya məxsus olan “BMW 528” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı “BMW 528” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, “BMW 528” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyişməli hissələrinin qiyməti 2610,00 manat, təmir-bərpa işlərinin qiyməti 1850,00 manat, cəmi 4460,00 manat təşkil edir. Həmin məbləğdən artıq hissə ziyan kimi təsdiq olunmamışdır. İddiaçı tərəfindən göstərilən məbləğdən artıq hissəni təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4460,00 manat müəyyən edilməli və iddia tələbinin digər hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 81 (səksən bir) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4460 (dörd min dörd yüz altmış) manat və ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumu tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-90/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-90/2024
13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver