Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-902/2022 13.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi, pul tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2020-ci ildə bağlanmış 20 noyabr 2020-ci il tarixli kənd təsərrüfatı texnikalarının nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh 13000 (on üç min) manat məbləğdə pulun və ödənilmiş 129 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Goranboy rayonunda yerləşən “Yaqub” mağazası ona məxsusdur və o, kənd təsərrüfatı mallarının alqı-satqısı ilə məşğuldur. Cavabdeh 2020-ci ildə tanımışdır. Belə ki, 03 noyabr 2020-ci il tarixdə cavabdeh işlətdiyi mağazadan 1 ədəd taxıl səpən; 1 ədəd ot biçən, 1 ədəd kübrə səpən, 1 ədəd çiləyəci və 1 ədəd dırmıxı nisyə götürmüşdür. Həmin vaxt, yəni 03 noyabr 2020-ci ildə cavabdehlə onun arasında kənd təsərrüfatı texnikalarının nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdehin ondan nisyə aldığı malların dəyəri 14000 (on dörd min) manat təşkil etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh 14000 (on dörd min) manat məbləğdə pulun 7000 (yeddi min) manatını 2021-ci ilin iyul ayında, qalan 7000 (yeddi min) manatını isə 2021-ci ilin noyabr ayında ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, buna baxmayaraq cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliyi və ödənişləri lazımı qaydada icra etməmişdir. Belə ki, cavabdeh 14000 manat məbləğdə pulun 1000 (bir min) manatını ödəmiş, qalan 13000 (on üç min) manat məbləğdə pulu ödəməkdən yayınır və bu ay ödəyəcəm deyir, lakin ödəmir. Dəfələrlə cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 13000 (on üç min) manat məbləğdə pulu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina edir. O pulu cavabdehdən başqa qaydada ala bilmir. Ona görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan 20 noyabr 2020-ci il tarixli, satıcı Goranboy rayon “Yaqub” mağazasının müdiri İddiaçı və alıcı Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Satıcı Alıcıya 700 manat dəyərində dırmıx, 8700 manat dəyərində taxıl səpən, 1000 manat dəyərində kübrə səpən, 2000 manat dəyərində ot biçən, 1600 manat dəyərində çiləyici satır. Alıcı həmin malı qəbul edir, müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə malın qiymətini satıcıya ödənilməsini öz öhdəsinə götürür. Satıcı bu müqavilə ilə müəyyən olunmuş alıcıdan onun öhdəliyini və vəzifələrini vaxtında və lazımınca icra etməsini ondan tələb edə bilər. Satıcı bu müqavilənin 4.2-ci bəndində göstərilən öhdəlikləri alıcı 3 (üç) dəfə ardıcıl olaraq vaxtında icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin tarixə mövcud olan borc məbləğinin dərhal ödənilməsini alıcıdan tələb edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli, 755/11 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatdadır və hal-hazırda həmin qəsəbədə yaşayır. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı cavabdehdən 03 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 13000 (on üç min) manat məbləğdə pulu 3 (üç) gün müddətində ödəməyi təklif etmiş, əsk təqdirdə aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilməmiş pulun alınması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 399.1-ci maddəsinin tələbinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 424.5-ci maddəsinin tələblərinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 433.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında 20 noyabr 2020-ci il tarixli “Alqı-Satqı Müqaviləsi” bağlanmasına baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni, aldığı malların qiymətini iddiaçıya təhvil verməmiş, lakin iddiaçı 20 noyabr 2020-ci il tarixli “Alqı-Satqı Müqaviləsi” üzrə malları cavabdehə təhvil vermiş, yəni, iddiaçı tərəfindən müqavilənin 1.1ci bəndi icra edilmişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə müqavilə üzrə iddiaçıya ödəməli olduğu məbləği ödəmədiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinə əsasən müqavilədə bağlanmış müqavilə şərtləri üzrə tərəflər arasında hər hansı bir mübahisə və ya fikir ayrılığı danışıqlar yolu ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həll edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə araşdırması zamanı, cavabdeh məhkəmə təqdim etdiyi ərizədə iddia tələbini qəbul etdiyini bildirmiş, yəni müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini etiraf etmişdir. Lakin iddiaçının təqdim etdiyi pretenziyanı almasına baxmayaraq cavabdehin ona hər hansı formada münasibət bildirməməsini məhkəmə cavabdehin müqavilənin bu tələbini yerinə yetirməkdən, eləcə də müqavilə üzrə nəzərdə tutulmuş vəzifə və öhdəliklərinin şərtinə əməl etməkdən imtinası kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdeh tərəfindən iddia tələbi qəbul edildiyindən və o bu barədə məhkəməyə yazılı ərizə təqdim etdiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçıya vurulmuş ziyanın əvəzi kimi 13000 manat məbləğində pul tutulmaqla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsinin tələblərinə əsasən də mübahisələndirilən xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2020-ci il tarixli “alqı-satqı müqaviləsi” ləğv edilməli, Cavabdeh 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumu, cəmi 13129 (on üç min bir yüz iyirmi doqquz) manat alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2020-ci il tarixli “alqı-satqı müqaviləsi” ləğv edilsin. Cavabdeh 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumu, cəmi 13129 (on üç min bir yüz iyirmi doqquz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-902/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-902/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver