Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-906/2022 20.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Qəbələ Regional X1 nümayəndəsi Nümayəndə1, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qəbələ Regional X2 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh Yenikənd meşəbəyliyinin 4 saylı meşə dolayının 17-ci kvartalının 2-ci bölməsində və Vəndam meşəbəyliyinin 7 saylı meşə dolayının 105ci kvartalının 16 və 20-ci bölmələrində özbaşına tutduğu (zəbt etdiyi) ümumilikdə 2,63 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin onun tərəfindən öz vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə gətirilməklə Qəbələ Regional X2nə təhvil verilməsi, meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində dövlətə dəymiş zərərin əvəzi 50006,0 (əlli min altı) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub Qəbələ Regional X1 “Kapital Bank” Qəbələ rayon filialında olan ödəmə terminalında, kod 142595, səviyyə kodu 3, təsnifat AZ19CTRE******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Qəbələ Regional X1 balansında olan dövlət meşə fonduna aid ərazidə tikinti işlərinin aparılmasına dair araşdırma aparılmışdır. Araşdırma zamanı ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh ünvan 2 Bakı- Balakən magistral yolunun sağ və sol tərəfində Yenikənd və Vəndam meşəbəyliklərinin ərazisində ümumilikdə 2,63 ha meşə fondu torpağının zəbt etməklə tikinti işlərinin aparması faktı müəyyən edilmişdir. Belə ki, Yenikənd meşəbəyliyinin 4 saylı meşə dolayının 17-ci kvatalının 2-ci bölməsində Bakı-Balakən magistral yolunun Bakı istiqamətində yolun sağ tərəfində 1,63 ha meşə fondu sahəsi zəbt olunaraq orada ümumi sahəsi 362 m2 olan döşəməsi 0,20 m qalınlığında betonlanmış 18 ədəd söhbətgah (besedka), sahəsi 11,88 m2 ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitar qovşaq və həcmi 9,6 m3 olan sanitar qovşaq üçün 1 ədəd quyu qazılmışdır. Vəndam meşəbəyliyinin 7 saylı meşə dolayının 105-ci kvartalının 16 və 20-ci bölmələrində Bakı- Balakən magistral yolunun Bakı istiqamətində yolun sol tərəfində 1,0 ha meşə fondu sahəsi zəbt olunaraq orada ümumi sahəsi 400 m2 olan döşəməsi 0,20 m qalınlığında betonlanmış 18 ədəd söhbətgah (besedka) və ümumi sahəsi 35,64 m2 olan mişar daşından 3 ədəd sanitar qovşaq tikilmişdir. Cavabdeh tərəfindən meşə fondu sahəsini özbaşına tutmaqla (zəbt etməklə) tikinti işlərinin aparması nəticəsində dövlətə 50006,0 (əlli min altı) manat məbləğində zərər vurulması müəyyən edilmişdir. Həmin fakt əsasında xx.xx.2022-ci tarixdə müvafiq akt tərtib edilməklə ərazinin koordinatları, həcm-qiymət cədvəli, fotoşəkillər və digər sənədlər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına xx.xx.2022-ci il tarixli 27/2/99-010 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamış, onun qanunsuz əməlləri davam etməkdədir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırki mülki iş üzrə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Belə olan halda hazırki iddia üzrə məhkəmə aidiyyəti məsələsi ortaya çıxmışdır. Bu səbəbdən Qəbələ Rayon Məhkəməsində işə baxılmasını təxirə salıb işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsinin fikri ilə razı olduğunu bildirmiş, mülki işin aidiyyəti üzrə digər məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qəbələ Regional X1 nümayəndəsi Nümayəndə1 mülki işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilib-göndərilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyətinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin hüquqi şəxs, iş üzrə Cavabdeh isə xx.xx.2000-ci il tarixdən fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı Qəbələ Regional X2 VÖEN **********, Cavabdeh VÖEN **********). Bu baxımdan məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əsasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri iddiaçı Qəbələ Regional X2 hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, qanunverici işlərin kommersiya məhkəməsinə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyekt tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. Ona görə də, tərəflərdən biri hüquqi şəxs, digəri fərdi sahibkar statusu əldə etmiş fiziki şəxs olduğundan hazırki mübahisəyə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-32 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-906/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-906/2022
20.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver