Məhkəmə qərarları › İş №2(025)-925/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-925/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-925/2023 05.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətmiş olduğu nəqliyyat qəzası nəticəsində "xxxx" MMC-yə dəymiş 4520 azn (dörd min beş yüz iyirmi manat) məbləğinə zərərin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin icarə müqaviləsi əsasında istifadəsində olan VAZ-2104 markalı **-AH-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2022-ci il tarixində qəzaya uğramışdır. Baş vermiş qəzada günahkar Cavabdeh olmuş və o sürücülük hüququndan məhrum edilmişdir. Baş vermiş qəza nəticəsində VAZ2104 markalı ** AH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 4177 manat xərc çəkilmişdir ki, həmin xərcin 2110 azn (iki min bir yüz on manat) hissəsini İcbari sığorta üzrə, Ata Sığorta sığorta şirkəti ödəmişdir. Həmçinin onuda qeyd edir ki, VAZ 2104 markalı ** AH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən "xxxx" MMC sifariş olunmuş un məmulatlarının sifarişə əsasən gündəlik daşınması üçün istifadə edir. Nəqliyyat vasitəsinin qəza nəticəsində istifadəsiz qalması səbəbində "xxxx" MMC müxtəlif fərdi nəqliyyat vasitələri ilə daşınma üzrə ödənişlər etmək məcburiyyətində qalmışdır. Bunun nəticəsində də xx.xx.2022-ci il tarixində 370 azn (üç yüz yetmiş manat) məbləğində vəsait, xx.xx.2022-ci il tarixində 1240 azn (bir min iki yüz qırx manat) vəsait, xx.xx.2022-ci il tarixində 843 azn (səkkiz yüz qırx üç manat) vəsait nəğd şəkildə ödənilmişdir. Ümumilikdə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində Qəbələ №1 Çörək Zavodu” MMC-yə nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün 2067 azn (iki min altmış yeddi manat), daşınma xərcləri üçün 370 azn (üç yüz yetmiş manat), 1240 azn (bir min iki yüz qırx manat), 843 azn (səkkiz yüz qırx üç manat) olmaqla ümumilikdə 4520 azn (dörd min beş yüz iyirmi manat) zərər dəymişdir. Tərəflərindən məsələnin həlli üçün və qanunvericiliyin tələbi ilə Mediasiya prosesi keçirilməsinə dair müraciət edilmişdir. Mediasiya prosesində cavabdehə dəymiş zərərin hissəhissə ödənilməsi təklif edilmiş, lakin, o, bu şərtlə razılaşmamışdır. Nəticədə məsələnin məhkəmə qaydasında həlli üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qəzaya uğramışdır. Baş vermiş qəzada ekspert rəyindən göründüyü kimi iddiaçının istifadəsində olan avtomobilə 2440 manat ziyan dəymişdir. Dəymiş ziyanın 2110 manatını sığorta tərəfindən ödənilmişdir. Digər xərclərlə isə razı deyil. Belə ki, onun həmin xərclərə heç bir aidiyyəti yoxdur, iddiaçı əsassız olaraq şişirdilmiş məbləği ondan tələb edir. Sonda isə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci massədinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü massədinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəyə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)-423/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmışdır. İşdə olan Qəbələ şəhəri avtoservis mərkəzi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli ziyan aktından görünür ki, Vaz 21041 markalı ** AH *** dövlət nömrə nişanlı avtomobilə qəza nəticəsində 3890 manat ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli, 9/5579 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “VAZ 2104” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2440 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlar əsasında hesab edir ki, Cavabdeh yuxarıda qeyd edilən tarixdə və şəraitdə törətdiyi yol nəqdliyyat hadisəsi zamanı iddiaçıya vurduğu maddi ziyanı ödəməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 24 avqust 2022-ci il tarixdə yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi “VAZ-21140” markal, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçıya məxsus olan Vaz-21041 markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı Vaz-21041 markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, Vaz- 21041 markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyişməli hissələrinin qiyməti 1440 manat, təmir-bərpa işlərinin qiyməti 1000 manat, cəmi 2440 manat təşkil edir. Həmin məbləğdən artıq hissə ziyan kimi təsdiq olunmamışdır. İddiaçı tərəfindən göstərilən məbləğdən artıq hissəni təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə nəzərə alır ki, sığorta şirkəti tərəfindən Vaz-21041 markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın aradan qaldırılması üçün 2110 manat məbləğində pul ödənilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin məbləği ilə bağlı məsələ həll edilərkən sığorta şirkəti tərəfindən ödənilmiş məbləğ nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 330 manat müəyyən edilməli və iddia tələbinin digər hissəsi təmin edilməməlidir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə  q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 330 (üç yüz otuz) manat tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar