Məhkəmə qərarları › İş №2(025)-931/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-931/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-931/2020 08.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 007R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 5100.33 ABŞ Dolları məbləğində kredit borcu, 5024.07 ABŞ Dolları məbləğində faiz borcu və 1960.21 ABŞ Dollan məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12084 (on iki min səksən dörd) ABŞ Dolları 61 (altmış bir) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh3 vəfat etdiyindən ona qarşı iddia tələbləri yoxdur. Həmçinin Cavabdeh1 xx.xx.2020-ci il tarixdə 80 ABŞ Dolları, xx.xx.2020-ci il tarixdə 80 ABŞ Dolları olmaqla ümumilikdə 160 ABŞ Dolları ödəniş etmiş və bütün bunları nəzərə almağını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 007L**********53 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ( bir yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 007R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 007R**********S saylı, xx.xx.2016-cı il tarixli 007R**********SA saylı, xx.xx.2016-cı il tarixli 007R**********SB saylı, xx.xx.2016- cı il tarixli 007R**********SC saylı, xx.xx.2017-ci il tarixli 007R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6899.67 ABŞ Dolları ödəmiş, onun 5100.33 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 267 gün üçün hesablanmış faiz borcu 5024.07 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 267 gün üçün hesablanmış cərimə 1960.21 ABŞ Dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yanmbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbini təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, onunla İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12000 ABŞ dolları kredit almışdır. Bir müddət ödəniş etdikdən sonra maddi imkanı aşağı olduğundan ödənişləri həyata keçirə bilməmişdir. Vaxt verilərsə borcun qalan hissəsini də növbəti aylarda hissə-hissə ödəmək istəyir. Odur ki, Cavabdeh1 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli Uzunmüddətli kredit müqaviləsinə əsasən Borc alana 100 000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İşdə olan xx xxxxxx 2015-ci il tarixli 007R********** nömrəli Kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 2.25 faizlə 24 ay müddətinə 12000 manat məbləğində şəxsi istehlak məqsədləri üçün kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 007S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclu Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 007R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 007S**********04 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 007R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli 5-MZ-2-0-3590-14 nömrəli kredit razılaşması üzrə Ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit razılaşmasının ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 12000 ABŞ dolları məbləği illik 2.25 %-lə, 24 ay müddətinə aylıq 655 ABŞ dolları, sonuncu ay isə 645 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə 12000 ABŞ dollarını imza edərək qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 5100,33 ABŞ dolları əsas, 5024,07 ABŞ dolları faiz, 1960,21 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il – xx xxxxxxx 2020-ci il aralığını əhatə edən Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 007R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixdə 80 ABŞ Dolları, xx.xx.2020-ci il tarixdə 80 ABŞ Dolları olmaqla ümumilikdə 160 ABŞ Dolları ödəniş etmişdir Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, 5100.33 ABŞ dolları əsas borcun bir hissəsi Cavabdeh1 tərəfindən ödənildiyindən onun məbləği azaldılmalı, 4940,33 ABŞ dollarına endirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh1 faiz borcunun 5024,07 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə faiz borcu üzrə isə 5024,07 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1960.21 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 ABŞ dollarına endirilməlidir. Məhkəmə hesab edir ki, 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 007R********** saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4940 ABŞ dolları 33 sent əsas borc, 5024 ABŞ dolları 07 sent faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10064 ABŞ dolları 40 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 007R********** saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4940 ABŞ dolları 33 sent əsas borc, 5024 ABŞ dolları 07 sent faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10064 ABŞ dolları 40 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 007R********** saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar