Məhkəmə qərarları › İş №2(025)-934/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-934/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-934/2021 06.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair məhkəmədə iddia qaldırıb, Cavabdeh onun xeyrinə 2148 (iki min yüz qırx səkkiz) manat 63 (altmış üç) qəpik məbləğində pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona qohum olan, yəni həyat yoldaşının bacısı Cavabdeh “xxxx” ASC-lə arasında bağlanmış 26.12.2013-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən 36 ay müddətində qaytarılmaq üzrə illik 16 faizlə 15272 manat kredit almışdır. Verilən kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus 2012-ci il buraxılışlı “Ford Fiesta” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil və 26.12.2013-cü il tarixli 09/005781/AFS saylı onunla bağlanmış zaminlik müqaviləsi olmuşdur. Cavabdeh ona zamin durmağı xahiş etdikdə, o, əvvəl razılıq verməmişdir. Lakin o, dəfələrlə ondan xahiş etmiş və onu inandırmışdır ki, onun üçün heç bir narahatçılıq olmayacaq. O da, zaminlik müqaviləsini bankın işçisinə ehtibar edərək onun göstərdiyi yerləri imzalamışdır. Bank işçisi ona şifahi olaraq da heç nəyi izah etməmişdir. “xxxx” ASC 2017-ci il tarixdən Cavabdeh və ona qarşı borcun qaytarılması tələbiylə bağlı məhkəməyə müraciət edəndə o, çox təəccüblü qalmışdır. Belə ki, o, borcun bağlandığını düşürmüş. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün Qəbələ Rayon Məhkəməsi 27 fevral 2017-ci il tarixdə 2(025)-268/2017 saylı qətnaməsi ilə Cavabdeh və ondan “xxxx” ASC-nin xeyrinə 1552,07 manat əsas, 811,80 manat faiz, 20 manat penya olmaqla cəmi 2383,87 manat və dövlət rüsumu kimi ödənilmiş 31 manat pulun tutulmasına dair qətnamə qəbul etmişdir. Məhkəmədən sonra illər ona bankdan, ya da icra və probasiya şöbəsindən heç bir məlumat gəlməmişdir. Artıq düşünmüş ki, yəqin Afət borcu bağlamışdır. Lakin 2021-ci il tarixdə onun mülkiyyətində olan avtomobilə icra məmuru tərəfindən məhdudiyyət qoyularkən anlamış ki, Afət kredit borcunu bağlamışdır. Ona icra məmuru bildirmiş ki, avtomobilin üzərindən məhdudiyyətin götürülməsi üçün borc bağlanmalıdır. O, Afətlə görüşmüş, dəfələrlə telefon əlaqəsi yaradıb demiş ki, banka olan borcunu bağlasın və avtomobilin üzərindən məhdudiyyət götürülsün. Afət isə ona pulu ödəyə bilməyəcəyini bildirmişdir. O, məcbur qalaraq Afətin yeirnə “xxxx” ASC-nin xeyrinə 2148,63 manat pulu 07 may 2021-ci il tarixdə ödəyərək borcu tamamilə bağlamışdır. Lakin Afət bu günə qədər ona qaytarmalı olduğu 2148,63 manat puldan heç nə qaytarmamışdır. Ondan pulunu istədikdə isə ona müxtəlif bəhanələr gətirir. Buna görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 51 566 17 07 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) (Cavabdeh məhkəmə iclas katibi tərəfindən həmçinin telefon zəngi edilməklə də xəbərdar olunmuşdur. Bu barədə telefonoqram da tərtib edilmişdir). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 27.02.2017-ci il tarixli 2(025)-268/2017 nömrəli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı müştərək qaydada “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1552,07 (bir min beş yüz əlli iki manat yeddi qəpik) manat əsas borc, 811,80 (səkkiz yüz on bir manat səksən qəpik) manat faiz borcu və 20 (iyirmi) manat penya olmaqla, cəmi 2383,87 (iki min üç yüz səksən üç manat səksən yeddi qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. İşdə olan Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ülvi Həmidlinin 07.05.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarını surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 27.02.2017-ci il tarixli 2(025)-268/2017 nömrəli icra sənədinə xitam verilmişdir. İşdə olan ödəmiş qəbzlərindən görünür ki, 2148,63 (iki min yüz qırx səkkiz manat altmış üç qəpik) manat məbləğində borc, İddiaçı tərəfindən “xxxx” ASC-nin hesabına ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti X2 Ərazi Dairəsi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, 773 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Vəndam qəsəbəsində yaşayır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 14.08.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinin tələbinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinin tələbinə görə, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Qəbələ Rayon Məhkəməsinin 27.02.2017-ci il tarixli 2(025)-268/2017 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1552,07 (bir min beş yüz əlli iki manat yeddi qəpik) manat əsas borc, 811,80 (səkkiz yüz on bir manat səksən qəpik) manat faiz borcu və 20 (iyirmi) manat penya olmaqla, cəmi 2383,87 (iki min üç yüz səksən üç manat səksən yeddi qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaitinin 2148,63 (iki min yüz qırx səkkiz manat altmış üç qəpik) manatı iddiaçı tərəfindən ödənilmişdir. Ona görədə iddiaçı həmin vəsaiti reqres qaydada cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edirki, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh kredit borcuna görə ödənilmiş 2148,63 (iki min yüz qırx səkkiz manat altmış üç qəpik) manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar