Məhkəmə qərarları › İş №2(025)-934/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-934/2023

18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-934/2023 18.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 32 baş boğaz olan dişi damazlıq ana qoyun və 10 baş dişi quzu üçün 13300 (on üç min üç yüz) manat məbləğində pulun, 1500 manat qoyunlara baxmağa görə ödədiyi artıq pulun və ödənilmiş 110 (bir yüz on) manat ekspertiza xərcinin, 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 15045 (on beş min qırx beş) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Yenikənd kəndi sakinidir və həmin kənddə yaşayır. Şəxsi təsərrüfatına məxsus 112 baş xırdabuynuzlu qoyun heyvanı var imiş. Həmin heyvanlara baxa bilmədiyi üçün Qəbələ rayon Bayramkoxa kənd sakini Cavabdeh çoban kimi tutmuşdur. Onunla qoyunlara bir il müddətinə baxacağı və hər ay üçün 300 manat əməkhaqqı verəcəyi barədə razılaşmışlar. Ona, yəni Cavabdeh ilk olaraq 82 baş qoyunu 2022ci ilin aprel ayında, qalan 30 baş qoyunu isə 2022-ci ilin sentyabr ayında vermişdir. Raufa ilk olaraq aprel ayında 400 manat, 3200 manatını isə iyun ayında vermişdir. 2022-ci ilin dekabr ayının 10-da qoyunları saymağa Raufun həyətinə getmiş, qoyunları sayan zaman 70 başının orada olduğunu, 42 baş dişi qoyunun olmadığını görmüşdür. Cavabdeh bu barədə soruşanda ehtiyacı olduğunu, hissə-hissə satdığını bildirmişdir. Ondan qoyunları götürmüş və öz həyətinə gətirmişdir. Sonradan öyrənmiş ki, Rauf qoyunları Qaş adlanan yerdə yaşayan Sırac adlı şəxsə vermişdir. Nəticədə cavabdehin qanunsuz əməlləri nəticəsində ona maddi ziyan dəymişdir. Qeyd etdiyi fakt üzrə xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus 112 baş xırdabuynuzlu qoyunun Cavabdeh tərəfindən ondan icazəsiz 42 baş qoyununu satması və ziyan dəyməsi barədə məlumat vermişdir. Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 06 fevral 2023-cü il tarixli qərarı ilə Qəbələ RPŞ-nin TB-də HK-1/117 saylı material araşdırılıb qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə Qəbələ rayon prokurorluğuna göndərilmişdir. Qəbələ rayon prokuroru tərəfindən Cavabdeh ilə onun arasında olan razılaşmanın mülki xarakterli mübahisə olması əsas gətirilərək cinayət barədə məlumatın aidiyyəti üzrə göndərilməsi barədə qərar ləğv edilərək material Qəbələ RPŞ-yə qaytarılmışdır. Beləliklə, Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 25 fevral 2023-cü il tarixli qərarı ilə Qəbələ RPŞ-nin TB-də toplanmış HK-1/117 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 25 fevral 2023-cü il tarixli qərarından şikayət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(025)-3/2023 nömrəli qərarı ilə Şikayət təmin edilməmiş, Qəbələ Rayon Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz əməlləri nəticəsində ona maddi ziyan dəymişdir ki, bu halı da cavabdeh özü etiraf etmişdir. Lakin cavabdehin barəsində cinayət işi başnalmadığından məcburi qaydada mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, Cavabdeh ona dəymiş ziyanı bu günə qədər ödəməmişdir. Cavabdehdən zərərin əvəzini ödəməsini tələb etdikdə bundan imtina etmişdir. Ona görə də, qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, Qəbələ rayon Polis şöbəsində izahatı alınmış Qəbələ rayon Bayramkoxa kənd sakini Cavabdeh izahatında ona məxsus ümumilikdə 42 baş qoyunlarını satdığını etiraf etmişdir. Qoyunlarının dəyərinin müəyyən edilməsi üçün “X2” MMC-nə müraciət etmişdir. “X2” MMC tərəfindən verilmiş rəydə göstərilmişdir ki, boğaz olan dişi damazlıq ana qoyunun 1 (bir) baş üçün dəyəri 350 azn olmaqla 32 (otuz iki) baş üçün 11200 azn, dişi quzuların isə 1 (bir) baş üçün dəyəri 210 azn olmaqla 10 (on) baş üçün 2100 (iki min bir yüz) manat həddindədir. Eyni zamanda bildirir ki, Rauf adlı şəxsə qoyunlarına qulluq etdiyinə görə borcu yaranmamışdır, əksinə 5 ay əvvəlcədən qoyunları ondan aldığına görə Raufun ona 1500 manat borcu vardır. Belə ki, Raufa qoyunlarına baxmağa görə hər ay 300 manat əməkhaqqı verməli imiş. Belə olub Raufa ilk olaraq aprel ayında 400 manat, 3200 manatını isə iyun ayında vermişdir. Göründüyü kimi Raufla aralarında olan razılığa əsasən ona ümumilikdə 1 il üçün 3600 manat pul ödəmişdir. O isə qoyunlara 7 ay ərzində baxmışdır. Belə olduğu halda qoyunlara baxmadığı 5 aya görə (5x300=1500) manat ona borcu qalmışdır. Həmin pulun da cavabdehdən tutularaq ona verilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Audio-video vasitəsilə qeydə alınmış məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, maddi ehtiyacı səbəbindən İddiaçı məxsus 42 baş qoyunu satmışdır. Tezliklə ona məxsus qoyunları alıb iddiaçıya geri qaytaracaqdır. X3 qoyunlara 1 il ərzində baxmaq üçün ümumilikdə ona 3600 manat pulu əvvəlcədən vermişdir. O isə qoyunlara cəmi 7 ay baxmışdır. Buna görə də iddiaçıya 1500 manat borcunun qalmasını da etiraf edir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 25 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış HK- 1/117 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sözegedən rədd qərarından görünür ki, Cavabdeh izahatında İddiaçı məxsus 42 baş qoyunu satdığını etiraf etmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(025)- 3/2023 nömrəli qərarından görünür ki, şikayət təmin edilməmiş, Qəbələ rayon Polis şöbəsinin təhqiqatçısı polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan “X2” MMC tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 023/17 nömrəli qiymətləndirmə rəyində göstərilmişdir ki, aparılmış araşdırma və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, boğaz olan dişi damazlıq ana qoyunun 1 (bir) baş üçün dəyəri 350 azn olmaqla 32 (otuz iki) baş üçün 11200 (on bir min iki yüz) manat, dişi quzuların isə 1 (bir) baş üçün dəyəri 210 manat olmaqla 10 (on) baş üçün 2100 (iki min bir yüz) manat həddindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus 112 baş xırdabuynuzlu qoyuna baxmağı, əvəzində isə aylıq əməkhaqqı almaq barədə razılığ əldə etmişlər. İddiaçı bu məqsədlə Cavabdeh ilk olaraq aprel ayında 400 manat, 3200 manatını isə iyun ayında vermişdir. Beləliklə, bir il üçün ümumilikdə 3600 manat əməkhaqqını ödəmişdir. Lakin bir müddət sonra Cavabdeh iddiaçıya məxsus 42 baş xırdabuynuzlu qoyunu ondan icazəsiz olaraq satmışdır. Daha sonra iddiaçı bununla bağlı Qəbələ rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmamış, nəticədə Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 25 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış HK-1/117 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra sözügedən rədd qərarından İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(025)- 3/2023 nömrəli qərarına əsasən şikayət təmin edilməmiş, Qəbələ rayon Polis şöbəsinin təhqiqatçısı polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cavabdeh isə həm Qəbələ rayon Polis şöbəsində, həm də məhkəmədə izahatı alınarkən İddiaçı məxsus 42 baş xırdabuynuzlu qoyunu ondan icazəsiz satdığını etiraf etmişdir. Yuxarıda qeyd olunan normalarda da göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı məxsus 42 baş xırdabuynuzlu qoyunun satışından əldə edilən gəlir, yəni pul əsassız olaraq geri qaytarılmayaraq Cavabdeh tərəfindən əsassız olaraq varlanma müəyyən edilmişdir. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh əsassız olaraq varlandığı məbləği - 13300 manat məbləğində vəsaitini iddiaçıya qaytarmalıdır. İddia tələbinin 42 baş xırdabuynuzlu qoyunun qiymətinin 13000 manat müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddiaya əlavə edilmiş “X2” MMC tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 023/17 nömrəli qiymətləndirmə rəyinə əsasən aparılmış araşdırma və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, boğaz olan dişi damazlıq ana qoyunun 1 (bir) baş üçün dəyəri 350 azn olmaqla 32 (otuz iki) baş üçün 11200 (on bir min iki yüz) manat, dişi quzuların isə 1 (bir) baş üçün dəyəri 210 manat olmaqla 10 (on) baş üçün 2100 (iki min bir yüz) manat həddindədir. “X2” MMC-nin 26 aprel 2023-cü il tarixli, 023/17 nömrəli qiymətləndirmə rəyinin düzgün olmaması cavabdeh tərəfindən hər hansı bir vəsatət verilməmiş və mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə “X2” MMC-nin 26 aprel 2023-cü il tarixli, 023/17 nömrəli qiymətləndirmə rəyini əsas götürmüşdür. Məhkəmə hesab edir ki, sözü gedən ekspert rəyinə (“X2” MMC-nin 26 aprel 2023-cü il tarixli, 023/17 nömrəli qiymətləndirmə rəyi) hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi (“X2” MMC-nin 26 aprel 2023-cü il tarixli, 023/17 nömrəli qiymətləndirmə rəyi) sübut kimi qəbul edilməlidir. “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə, ekspertizanın verdiyi rəyi (“X2” MMC-nin 26 aprel 2023-cü il tarixli, 023/17 nömrəli qiymətləndirmə rəyi) hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Məhkəmə iddia tələbinin 1500 manat qoyunlara baxmağa görə ödədiyi artıq pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi “Tapşırıq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh (vəkalət alan) müqavilə bağlandığı gündən razılaşmalarına əsasən iddiaçıya məxsus 112 baş xırdabuynuzlu qoyuna baxmağı öhdəsinə götürmüş, iddiaçı isə bunun əvəzində ona aylıq 300 manat əməkhaqqı verməyi öhdəsinə götürmüşdür. İddiaçı bu məqsədlə Cavabdeh ilk olaraq aprel ayında 400 manat, 3200 manatını isə iyun ayında vermişdir. Beləliklə, bir il üçün ümumilikdə 3600 manat əməkhaqqını ödəmişdir. Lakin vəkalət alan Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetirməmiş, iddiaçıdan 1 (bir) illik əmək haqqını almasına baxmayaraq iddiaçıya məxsus xırdabuynuzlu qoyunlara 7 ay baxmışdır. Bu halı Cavabdeh məhkəmədə ifadəsində də etiraf etmişdir. Bununla bağlı İddiaçı tərəfindən dəfələrlə şifahi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, o, hər hansı bir müsbət addım atmamış, iddiçıya “Tapşırıq” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik üzrə qoyunlara baxmadığı 5 ayın pulunu geri qaytarmamışdır. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin şifahi razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehə 1 il ərzində qoyunlara baxılması üçün ümumilikdə 3600 manat pul verilmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmiş, 7 ay ərzində iddiaçıya məxsus qoyunlara baxsa da, 5 ay ərzində qoyunlara baxmamışdır. Məhkəmə bu səbəbdən hesab edir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək son 5 ay ərzində iddiaçıya məxsus qoyunlara baxmayaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirdiyi üçün iddiaçı tərəfindən ona ödənilmiş 3600 manat puldan 1500 manatı (öhdəliyin icra edilməməsi hissəsində) alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh iddiaçıya məxsus 42 baş xırdabuynuzlu qoyunu iddiaçıdan xəbərsiz satdığını, eyni zamanda iddiaçıdan qoyunlara baxılması üçün bir illik pulu alsa da, qoyunlara 7 ay ərzində baxdığını etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya məxsus 42 baş xırdabuynuzlu qoyunu iddiaçıdan xəbərsiz satdığını, eyni zamanda iddiaçıdan qoyunlara baxılması üçün bir illik pulu alsa da, qoyunlara 7 ay ərzində baxdığını etiraf etmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “X2” MMC-nin 26 aprel 2023-cü il tarixli, 023/17 nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 110 (bir yüz on) manat məbləğində pul İddiaçı tərəfindən “X2” MMC-nin hesabına ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 110 (bir yüz on) manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 32 baş boğaz olan dişi damazlıq ana qoyun və 10 baş dişi quzu üçün 13300 (on üç min üç yüz) manat məbləğində pul, 1500 manat qoyunlara baxmağa görə ödədiyi artıq pul və ödənilmiş 110 (bir yüz on) manat ekspertiza xərci, 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 15045 (on beş min qırx beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməldir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 32 baş boğaz olan dişi damazlıq ana qoyun və 10 baş dişi quzu üçün 13300 (on üç min üç yüz) manat məbləğində pul, 1500 manat qoyunlara baxmağa görə ödədiyi artıq pul və ödənilmiş 110 (bir yüz on) manat ekspertiza xərci, 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 15045 (on beş min qırx beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar