Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-982/2023 13.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və cavabdeh X6 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdeh X7 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 8 ədəd qovaq ağacının dəyəri olan 600 (altı yüz) manat borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Qəbələ rayonunun Sileyli kəndində yaşayır. Mülkiyyətlərində 0.14 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinin bir hissəsinə qovaq ağacları əkmişdilər. Ağacları əkməkdə məqsədləri böyüyəndən sonra satıb ehtiyaclarını ödəmək olub. Həmin ağaclar həqiqətən böyüyərək satmaq ölçüsünə çatıb. 21 iyun 2022-ci il tarixdə həyətində çay içdiyi vaxt həyət qapısında çağıran olmuşdur. Qapıya çıxıb, 2 nəfəri görmüşdür. Tanımadıqları adamlar idi. Ona bildiriblər ki, birinin adı Rüfətdir, Zarağan kəndindəndir, digərinin adı X10 kəndindəndir. Özünü Rüfət kimi təqdim edən şəxs bildirmişdir ki, ağac alırlar. Onlar almaq istədikləri ağaclar onların həyətdə var. Onları bizə sat. Ona bildirmişdir ki, onları satıb qış üçün odun almalıdır. Oda bildirmişdir ki, ona sat, pulunu verib kəsib aparsın. Ona həmin ağaclara (8 ədəd qovaq ağacı) görə 600 manat verəcəkdir. Bildirmişdir ki, 600 manata istəyən olub satmamışdır. Nəhayət söhbətləşmədən sonra razılaşmışdılar. Ağacları kəsib maşına yığdıqdan sonra ona 600 manat verməli olmuşdur. Yəni ağacların 600 manata alqı-satqısına razılaşmışdılar. Razılaşmaları şifahi qaydada olmuşdur. Rüfət həyətlərində olan 8 ədəd qovaq ağacını kəsib özünün Qaz-L markalı maşınına yükləyərək və ona bildirmişdir ki, bu ağac kəsən mişarı (motoru) və yerdə qalan ağacları səhər gəlib aparacaqdır. Onda ağacların dəyəri olan razılaşdıqları 600 manatı da verəcəkdir. Onun vədinə inanmışdır. O gündən bu günə ondan pulunu ala bilmir. Müxtəlif bəhanlərlə ondan qaçır, pulu ödəməkdən yayınır. Ona aydın olub ki, o, dələduzluq edib, onu aldadıb, ağacları kəsib aparmışdır. Ona ağacların dəyəri olan 600 manatı vermək fikri olmayıb. Məcbur olub müxtəlif orqanlara hətta polisə müraciət etməli olmuşdur. Polis şöbəsinin rəisinin imzası ilə ona rəsmi olaraq bildirilmişdir ki, müraciəti mülki tələb olduğuna görə məhkəməyə müraciət edə bilər. Ondan ağaclarını kəsəndə məqsədi onu aldaltmaq, pulu verməmək olub. Bunu sonradan başa düşmüşdür. Belə olmasaydı zaloq (girov) qoyduğu ağac kəsən mişarın işləyənini yəni ağacları kəsdiyi mişarı saxlayardı. Cəmi dəyəri “metallom” kimi 20 manat olan mişarı (matoru onlarda saxlayıb onu aldatmış, ən aşağı dəyəri 600 manat olan 8 ədəd qovaq ağacını dəyəri razılaşmalarına görə 600 manatı vermədən aparmışdır. Qeyd etdiyi səbəblərdən məhkəməyə müraciət etmək məburiyyətində qalmışdır. Cavabdeh razılaşmaları əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş onu aldatmış, 600 manat məbləğində borcu verməkdən boyun qaçırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul etməyərək göstərdi ki, 21 iyun 2022-ci il tarixdə İddiaçı evinə gedərək ağaclarını almaq istədiyini demişdir. Yanında işçiləri və fəhlələri olmuşdur. Onlar ağacların qiymətini 220 manata danışmışdılar. Onlar ağacları kəsib maşına yükləyib, İddiaçı (iddiaçı) oğlunun pulunu verərək getmişdilər. Üstündən 1 ay keçəndən sonra Qəbələ RPŞ-nin rəis müavini Aləddin müəllim onu Polis şöbəsinə çağırmışdır. Aləddin müəllimə yükü 220 manata alıb, başqasına 340 manata satdığını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsaəsn əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan 08 dekabr 2022-ci il tarixli 82 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Sileyli kənd sakini İddiaçı həqiqətən şəxsi mülkiyyətinə məxsus olan həyətyanı torpaq sahəsində 8 (səkkiz) ədəd qovaq ağacı əkib becərmişdir. İşdə olan JN-017F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 19 dekabr 1997-ci il tarixli 28 saylı qərarına əsasən, X4, X1, X2 və İddiaçı mülkiyyətinə 0.14 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Rayon Polis Şöbəsindən tələb olunmuş İddiaçı şikayəti ilə bağlı toplanılmış araşdırma materiallarından və həmin materialda olan X6 izahatından görünür ki, Ü.Q.Quliyev xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Qəbələ rayon Sileyli kəndində İlqar adlı şəxsdən 220 manata ağac almışdır. Həmin vaxtı İlqarın həyətindən 7 ədəd “Qovaq” ağacı kəsmişdir. Qazelə ağacları tam yığdıqdan sonra yerdə 12 ədəd kötük qalmışdır. İlqar ona demişdir ki, “səhər gəlib qalan yüküdə götürərsən”. O, isə özünə məxus matoru vermişdir. Həmin matorun qiyməti 550 manat idi. Bir neçə gün sonra, o, İlqara zəng vurmuş və demişdir ki, Qəbələ rayon Zarağan kəndinə gəl, matoru ver və pulunu götür. Lakin İlqar indiyə kimi pulunu gəlib götürməmişdir. Məhkəmə cavabdeh X6 məhkəmə iclasında vermiş olduğu izahatına tənqidi yanaşır, belə ki, polis şöbəsində və məhkəmə iclasında verdiyi izahatlar tamamillə ziddiyyətlidir və inandırıcı deyil. Bu səbəbdən cavabdehin məhkəmə iclasında verdiyi izahat sübut növü kimi qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qovaq ağaclarının alqı-satqısı barədə müvafiq razılıq əldə olunmuşdur. İddiaçı ağacların 600 manata satdığının və pulun cavabdeh tərəfindən ödənilməməsini iddia edir, cavabdeh isə ağacların 220 manata aldığını və pulun tam ödədiyini bildirir. İddiaçı pulun ödənilməməsini görüb, məcburiyyət qarşısında Qəbələ RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, Qəbələ RPŞ-də araşdırma aparıldıqdan sonra məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı polis şöbəsində verdiyi izahatına uyğun izahat vermiş, cavabdeh isə həm məhkəmə iclasında, həm də polis şöbəsində tamamilə fərqli izahatlar vermiş, bu isə məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya 600 manat borclu olmağına dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X6 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, X9 iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 600 (altı yüz) manat məbləğində pul vəsaiti, iddiaçıya cavabdeh tərəfindən qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5 600 (altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh X5 600 (altı yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-982/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-982/2023
13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver