Məhkəmə qərarları › İş №2(026)-104/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-104/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-104/2021 29.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Qobustan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(026)-164/2019 saylı qətnaməsi ilə xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş qızı Nurcanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Bakı şəhərində qızı Nurcanla birlikdə kirayədə yaşayır. Aldığı 250 manat əmək haqqı və 100 manat aliment onların dolanışığına kifayət etmir və Nurcanın ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Bəybalanın maddi vəziyyətinin kifayət qədər yaxşı olmasına baxmayaraq uşağın qabiliyyətinin inkişaf etdirilməsinə, onun maddi və mənəvi tələbatlarının təmin edilməsinə, hüquq və mənafelərinin mühafizəsinə heç bir köməklik etmir, qanunla üzərinə düşən öhdəlikləri həyata keçirmir. Özü işləsə də ehtiyacını tam ödəyə bilmir.Ona görə aliment miqdarının artırılaraq xx xxxxxxxx 2009-cu il təvəllüdlü övladı Nurcanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, qətnamə ilə müəyyən olunmuş 100 manat alimenti hər ay ödəyir. Hazırda başqa bir qadınla evlidir və iki uşağı vardır. Sevincin tələb etdiyi 175 manat aliment məbləğini heç bir yerdə işləmədiyi üçün ödəyə bilməyəcək. Hər ay 100 manat aliment ödəyə bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kəndi üzrə nümayəndəliyinin xx xxxxxx 2010-cu il tarixdə verdiyi AZ-İİ seriyalı 388806 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxxxx 2009-cu il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon qeydiyyat şöbəsinin xx xxxxxx 2013-cü il tarixdə verdiyi AZ-İ seriyalı 137927 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kəndi üzrə nümayəndəliyinin xx xxxxxxx 2014-cü il tarixdə verdiyi AZ-İ seriyalı 978532 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx xxxxxxx 2014-cü il tarixdə nikahlarını Qobustan rayon İHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 20 nömrə ilə rəsmi qeyd etdirməklə evlənmişlər. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kəndi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2015-ci il tarixdə verdiyi AZ-İİİ seriyalı 611749 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 15 avqust 2015-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kəndi inzibati ərazi nümayəndəliyinin xx xxxxx 2018-ci il tarixdə verdiyi AZ-İV seriyalı 083236 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2018-ci il tarixdə doğulmuşdur. Müəyyən olundu ki, Qobustan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(026)-164/2019 saylı qətnaməsi ilə xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Zərbaliyeva Sevinc Adil qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Hazırkı iş üzrə dövlət rüsumunun 1 il ərzində ödəməsinin məcmusu 500 manatdan çox olduğu üçün və iddia qismən təmin edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar