Məhkəmə qərarları › İş №2(026)-147/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-147/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-147/2021 03.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3193,13 manat əsas, 314,32 manat faiz, 2119,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 116,76 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış 23 oktyabr 2014-cü il tarixli 108.LN.2102.231014.00005 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 15000 manat kredit verilmişdir. Tərəflər arasında imzalanmış 16 yanvar 2017-ci il tarixli əlavə razılığa əsasən 108.LN.2102.231014.00005 saylı kredit müqavilənin müddəti 23 dekabr 2019-cu il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 23 oktyabr 2014-cü il tarixli CL.231014.00005/b və 108.CL.231014.00005/c saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka olan borclarını qaytarmamışlar. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3193,13 manat əsas, 314,32 manat faiz, 2119,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 116,76 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Qobustan rayon məhkəməsinə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı ASC ilə arasında 23 oktyabr 2014-cü il tarixli 108.LN.2102.231014.00005 saylı kredit müqaviləsinə əsasən bankdan 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 15000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Banka olan borcunu əvvəllər ödəsə də, sonradan maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Banka olan kredit borcunu hissə-hissə ödəyəcəkdir. Lakin məhkəmədən cərimənin silinməsində köməklik göstərilməsini xahiş etdi. İş üzrə Cavabdeh2 izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı ASC-dən 15000 manat kredit götürmüşdür. Kreditin təminatı olaraq o və Cavabdeh3 bankda zamin durmuşlar. İntiqam banka olan borcunu əvvəllər ödəmişdir. Lakin sonradan maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Banka olan kredit borcunu hissə-hissə ödəyəcəklər. Lakin məhkəmədən cərimənin silinməsində köməklik göstərilməsini xahiş etdi. Borclu Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehlərin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli 108.LN.2102.231014.00005 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 15000 manat kredit verilmişdir. Tərəflər arasında imzalanmış 16 yanvar 2017-ci il tarixli 108.LN.2102.231014.00005 saylı müqavilənin müddəti 23 dekabr 2019-cu il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 23 oktyabr 2014-cü il tarixli CL.231014.00005/b və 108.CL.231014.00005/c saylı zaminlik müqavilələri bağlanmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə müraciətlər olunmasına, habelə bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka olan borclarını qaytarmamışlar. cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka 3193,13 manat əsas, 314,32 manat faiz, 2119,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 116,76 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli 108.LN.2102.231014.00005 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən X1 36 ay müddətinə illik faiz dərəcəsi 26 faiz ödəmək şərti ilə 15000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2017-ci il tarixli əlavə razılığ müqaviləsindən görünür ki, 108.LN.2102.231014.00005 saylı kredit müqavilənin müddəti 23 dekabr 2019-cu il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 108.CL.231014.00005/b və 108.CL.231014.00005/c saylı zaminlik müqavilələrindən göstərilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş 09 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 108.LN.2102.231014.00005 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun 2119,64 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir, dəbbə pulunun 200 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3193,13 manat əsas, 314,32 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 116,76 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3193,13 manat əsas, 314,32 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 116,76 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar