Məhkəmə qərarları › İş №2(026)-157/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-157/2024

05.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-157/2024 05.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, iddiaçı X2 Cavabdeh iştirakı ilə, iddiaçı X2 Cavabdeh 05 dekabr 2019-cu tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 Nicat Quli oğlundan 05 dekabr 2019-cu tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayon məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(026)-332/2021 saylı qətnaməsi ilə onunla Cavabdeh birgə nikahlarından 05 dekabr 2019-cu il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Keçən müddət ərzində uşaq böyümüş və tələbatı da artmışdır. Hazırkı çətin dövrdə uşağın tələbatını ödəmək çox çətindir. Ona görə aliment miqdarının artırılaraq 05 dekabr 2019-cu il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, X8 ilə 2017-ci ilin iyul ayının 23də evlənmişlər və onların faktiki nikahlarından 05 dekabr 2019-cu ildə Yağmur alı bir qızları dünyaya gəlmişdir. Qobustan rayon məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(026)- 332/2021 saylı qətnaməsi ilə övladı Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 130 manat sabit pul məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir. Təyin olunmuş alimenti hər ay vaxtında ödəyir. Bakı şəhəri Binəqədi rayonunda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Hər gün Bakı şəhərinə gedib-gəlir. Məngülənin tələb etdiyi aliment miqdarı çox yüksəkdir. Lakin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qobustan rayon məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(026)-332/2021 saylı qətnaməsindən görünür ki, 05 dekabr 2019-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 avqust 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. Mediasiya prosesinin 08 fevral 2024-cü il tarixli arayışında göstərilir ki, X5 alimentin miqdarının artırılması üçün müraciət etmiş, Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən mübahisəni davam etdirmək mümkün olmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci X6 tərəfindən ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01 aprel 2024-cü il tarixdə verilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vaxtamuzd işləməkdə aylıq əmək haqqı 345 manat təşkil edir. Müəyyən olundu ki, Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(026)- 332/2021 saylı qətnaməsi ilə 05 dekabr 2019-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 avqust 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. Hazırda həmin aliment uşağın təlabatını ödəmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 05 dekabr 2019-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulub X3 verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 40 manat 0,40 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 dekabr 2019-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulub X3 verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 40 manat 0,40 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar