Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-18/2024 15.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh təqsiri nəticəsində bir baş iri buynuzlu boğaz heyvanını elektrik cərəyanı vurub öldürməsinə görə ona dəymiş 1800 manat maddi ziyanın və ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh təqsiri nəticəsində bir baş iri buynuzlu boğaz heyvanını elektrik cərəyanı vurub öldürməsinə görə ona dəymiş 1800 manat maddi ziyanın və ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayon Çalov kəndində yaşayır, şəxsi təsərrüfatında iri buynuzlu mal-qara vardır. Aqrar İslahat zamanı “Qarabulaq” adlanan yerdə “Qobuland” istirahət mərkəzindən aşağıda yerləşən 10/0,4 kv-lıq ******* saylı 63 kvA güc transformatoru əmlak payı kimi ona düşmüşdür. Cavabdeh onun transofmatordan bir qədər aralıda yerləşən fermasına aralarında gəldikləri razılığa əsasən hava xətti vasitəsi ilə elektrik xətti çəkmişdir. Hava xəttinin elektrik dirəklərinin istismarında təhlükəsizlik texnikası, texniki istismarı və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasına Qobustan rayon elektrik şəbəkəsinin rəisinin təsdiq etdiyi, həmin şəbəkənin işçilərinin tərtib etdikləri, cavabdehin özünün imzaladığı 17 fevral 2018-ci il tarixli sərhəd aktında məsuliyyətin tələbatçının özünün daşıdığı göstərilir. 19 sentyabr 2023-cü il tarixdə onun mal-qarası “Qarabulaq” adlanan ərazidə otlayarkən Adbuləzizov Varidin fermasına çəkilmiş elektrik cərəyanları dirəyindən biri sınmış, elektrik naqilləri yerə düşdüyündən 1 baş boğaz inəyi elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.Cavabdeh əvvəlcə 500 manat ödəyəcəyini bildirsə də, sonradan ondan da imtina etmişdir. Bu faktı baytar həkimin yarma protokolu və tərtib olunmuş akt təsdiq edir. Rayon X16 Mərkəzinin verdiyi arayışa görə 250-300 kq diri çəkidə sağlam boğaz iribuynuzlu inəyinin orta bazar qiyməti 1550-1800 manat təşkil edir. Cavabdeh onun təqsiri üzündən dəymiş maddi ziyanı ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ona dəymiş 1800 manat maddi ziyanın və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 19 sentyabr 2023-cü il tarixdə ona zəng vuraraq elektrikin qırılması nəticəsində ona məxsus bir baş iri buynuzlu inəyi elektrik vurduğunu demişdir. O da Pərvizə narahat olmamasını, ora gələrək həll edəcəyini dedikdən sonra çobanına zəng vuraraq elektrik vurmuş heyvana baxmasını demişdir. Bir neçə dəqiqədən sonra çoban ona zəng vuraraq heyvanın yerində olmadığını ona demişdir. Həmin günü səhər saat 6 radələrində özü də fermaya gəlmiş və elektrik vurmuş inəyin orada olmadığını görmüşdür. İddiaçı ona inəyini gecə saat 3-də elektrik vurduğunu deyir, lakin həmin vaxtı fermada işıqlar sönmüşdür. İddia edilən inəyin elektuk vurması nəticəsində ölməsini görməmiş, baytar həkim tərəfindən yarılaraq diaqnoz qoyulmasında isə nə özü, nə də çobanı iştirak etməmişdir. Lakin bütün bunlara baxmayaraq İddiaçı 500 manat pul təklif etmiş, Pərviz isə həmin məbləğlə razı olmamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. X2 ifadə verərək göstərdi ki, İddiaçı 19 sentyabr 2023-cü il tarixdə saat 09:30-da onun fermadakı evinə gələrək həyat yoldaşından işıqların nə vaxtdan söndüyünü soruşmuş, o da Pərvizə gecə saat 12-1-dən sonra söndüyünü demişdir. Pərviz bir baş inəyinin elektrik vurması nəticəsində öldüyünü deyərək getmişdir. Həmin vaxtı o heyvanları otarmağa getmişdir. Lakin fermaya qayıdanda elektrik dirəyinin birinin sındığını, birinin isə əyildiyini, elektrik xətlərindən birinin yerdə olduğunu görmüşdür. Elekrik dirəklərinin yanında heç bir heyvan cəsədi görməmişdir. X4 ifadə verərək göstərdi ki, 19 sentyabr 2023-cü il tarixdə səhər işə gəlmiş və İddiaçı ona elektrik dirəyinin aşdığını və ona məxsus bir baş inəyini elektrik vurduğunu demişdir. Transfarmatordan gələn məftili kəsərkən xəttə cərəyan olduğunu görmüşdür. X3 ifadə verərək göstərdi ki, İntiqam Balakişiyev ona Qobustan rayonu Çalov kəndi ərazisində “Qırxbulaq” adlanan yerdə elektrik cərəyanı vurması nəticəsində ölmüş inəyin yarılması barədə göstəriş vermişdir. “Qırxbulaq” adlanan əraziyə gedərək ölmüş inəyi yararkən qara ciyərin böyüməsi, dalağın parçalanması, bağırsaqların hava ilə dolması və qarnında balası olması müəyyən olundu. Şahid X1 rayonu Su Kanalizasiya idarəsində mühafizəçi işləyir. 19 sentyabr 2023-cü il tarixdə “Qarabulaq” adlanan sahədə qoyun otaran zaman tanışı Xosrovu görüb onun yanına getmişdir. Xosrov ona elektrik dirəyinin aşdığını və bir baş iribuynuzlu heyvanın tok vuraraq öldüyünü demişdir. Həmin ərazidə elektrik naqılləri 60-70 metr araları olan və yerdən 3 metr hündürlükdə taxta dirəklərdən ibarətdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 29 sentyabr 2023-cü il tarixli 158 saylı arayışdan görünür ki, Qobustan rayonunun Çalov kənd sakini İddiaçı şəxsi təsərrüfatında 65 baş iri buynuzlu mal-qarası vardır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qobustan X16 Mərkəzinin İddiaçı 28 sentyabr 2023-cü il tarixdə ünvanladığı 3-22-3-37/3-32/2013 saylı məktubdan görünür ki, 250-300 kq diri çəkidə sağlam iribuynuzlu boğaz mal-qaranın orta bazar qiyməti 1550- 1800 manat təşkil edir. 19 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş yarma protokolundan görünür ki, heyvan sahibinin verdiyi məlumata görə 19 sentyabr 2023-cü il tarixdə səhər saatlarında elektrik cərəyanı vurması nəticəsində ölmüş bir baş iribuynuzlu heyvan özəl baytar həkim Gündüz Günəşov, heyvan sahibi İddiaçı, Xosrov Məmmədov, Səlim Alcanov və Fərid Məmmədovun iştirakı ilə baytar Gündüz Günəşov tərəfindən yarılmış, heyvan yarılarkən mədə (və mədə önlükləri) hava ilə dolması, nazik bağırsaq şöbəsi hava ilə dolması, yoğun bağırsaq şöbəsi hava ilə dolması, dalaq böyüməsi və parçalanması, qara ciyərin böyümüş halda olması, sidik kisəsinin dolu olması, cinsiyyət orqanın şişməsi, yelin rənginin tündləşməsi, köks qəfəsi darlaşması, burun və yanaşı boşluqlar qanlı seliklər, qrtlaq, traxeya, bronxlar qanlı mayelərlə dolması, ağ ciyər qanlı şişmiş olması, perikard (boşluğ və onun vəziyyəti) şişməsi, ürək və iri qan damarları böyüməsi, qan qaralması müəyyən olunmuşdur. Baytar həkim Gündüz Günəşov, heyvan sahibi İddiaçı, Xosrov Məmmədov, Səlim Alcanov və Fərid Məmmədovun iştirakı ilə 19 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, 19 sentyabr 2023-cü il tarixdə İddiaçı məxsus bir baş iribuynuzlu heyvanın ölməsi barədə məlumat vermiş və ərazidə ölmüş heyvana kliniki baxış və anamnez məlumata əsasən həmin heyvanın patoloji yarması aparılmış və daxili orqanlarında gedən proseslərə əsasən heyvanın elektrik cərəyanı vurması nəticəsində ölməsi məlum olmuşdur. X5 rəisi tərəfindən 03 oktyabr 2023-cü il tarixdə İddiaçı ünvanlanmış 317 saylı məktubdan və tərtib olunmuş aktdan görünür ki, X5 xidməti ərazisi olan 35/10 kv-luq Nərimanov y/stdan çıxan 10 kv-luq Acıdərə (bağ-bağat) elektrik verilişi hava xəttinin 10 kV-luq Qarabulaq ferma budaqlanması, həmin budaqlanmadan qidalanan 10/0,4 kv-luq ******* saylı 63 kVA güc transformator və həmin transformatordan çıxan 0,4 kV-luq elektrik verilişi hava xətləri Qobustan Elektrik Şəbəkəsinin balansında deyil. Azərbaycanda olan sovxoz islahatları dövründə Qobustan rayonunun sözügedən ərazisində olan ötürücü qurğular istehlakçıların əmlak payına düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə əlaqədar olaraq X7 və istehlakçıların hər biri arasında balans mənsubiyyəti haqqında sərhəd aktı imzalanmışdır. Yuxarıda qeyd olunan ötürücü qurğular X5 balansında olmadığı üçün şəbəkə tərəfindən xidmət göstərilmir və baş verə biləcək hər hansı bir bədbəxt hadisəyə görə cavabdehlik daşımır. Baş verə biləcək hər hansı bir bədbəxt hadisələrə görə cavabdehlik həmin ərazidə olan istehlakçıların üzərindədir. Qobustan EŞ-nin aparıcı mühəndisi Nazim Əhlimanov, Qobustan EŞ-nin mühəndisi Sərvər Novruzov və Qobustan EŞ-nin ustası Şamxal Abdullayevin 17 aprel 2018-cü il tarixdə tərtib etdikləri sərhəd aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə əlaqədar Qobustan EŞ-si ilə təlabatçı arasında elektrik qurğularına xidmət üçün sərhəd zonası aşağıdakı kimi müəyyən edilir. Qobustan EŞ-si üçün:35/10 kV-luq “Nərimanov” Y/st-dan qidalanan 10 kV-luq Bağbağat elektrik veriliş hava xətti: Təlabatçı üçün: 10 kV-luq Bağ-bağat elektrik verliş hava xəttinin 25 №-li dayağından budağlanma yolu ilə qidalanan 10 kV-luq elektrik veriliş hava xətti, 10/0,4 kV-luq 63 kVA transformator, 0,4 kV-luq elektrik veriliş hava xətti və 0.4 kV-luq işlədicilər. Qeyd: Təlabatçının xidməti ərazisində olan elektrik qurğularının istismarında təhlükəsizlik texnikası,texniki istismar və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasına təlabatçı özü cavabdehdir. Müəyyən olundu ki, İddiaçı təsərrüfatında olan iribuynuzlu mal-qarası 19 sentyabr 2023cü il tarixdə “Qarabulaq” adlanan ərazidə otlayarkən Adbuləzizov Varidin fermasına çəkilmiş elektrik cərəyanları dirəyindən birinin sınıb yerə düşdüyündən bir baş boğaz inəyi elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Bu faktı baytar həkimin yarma protokolu və tərtib olunmuş akt təsdiq edir. İddiaçı Cavabdeh ona dəymiş maddi ziyanı tələb etmiş, cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh dəymiş ziyana görə 1550 manat və 38 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1550 manat və 38 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-18/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-18/2024
15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver