Məhkəmə qərarları › İş №2(026)-197/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-197/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-197/2022 27.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 19 avqust 2011-ci il tarixdə anadan olmuş övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 193 manat müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 19 avqust 2011-ci il tarixdə anadan olmuş övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 193 manat müəyyən edilməsinə dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı İddiaçı izahatında göstərdi ki, Qobustan rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Həmin qətnamə əsasında 19 avqust 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh hər ay 108 manat məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 160 manat müəyyən edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə aliment miqdarı 120 manat müəyyən edilmişdir. Yetkinlik yaşına çatmayan uşağın yaş keçdikcə minimum dolanacaq xərclərinin, təhsil, qida və.s kimi uşağın böyüdülüb-tərbiyə edilməsində və cəmiyyətdə layiqincə dolanışığının təmin edilməsində mühüm rol oynadığı üçün uşağın yetkinlik yaşına çatanadək bu xərclərin nəzərə alınması və təmin edilməsi vacibdir. Hal-hazırda "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir, ölkə ərazisində baş verən bahalaşmaların nəticəsi kimi də yaşayış minimumu qaldırılmışdır və bu da ona dəlalət edir ki, uşaq üçün 2 il əvvəl nəzərdə tutulmuş 120 manatlıq aliment miqdarı yetərli deyildir. Həmçinin nəzərdə tutulan miqdar yaşayış minimum olaraq qeyd olunur və bu da bir uşağın xərclərinin qarşılanması üçün nəzərdə tutulmuş minimum miqdardır, halbuki, bir ailənin dolanışığı üçün lazım olan digər xərclər kimi kommunal xərclər və.s qeyd etsək, görərik ki, bu miqdar belə dolanışığı tam təmin etmir. Ona görə də 19 avqust 2011-ci il tarixdə anadan olmuş övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 193 manat müəyyən edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, iddiaçı İddiaçı ilə aralarında olan nikah Qobustan rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə əsasında 19 avqust 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 108 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı alimentin artırılması ilə bağlı Bakı şəhəri, Nizami rayon məhkəməsinə müraciət etmiş, Nizami rayon məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 160 manat müəyyən edilmişdir. Həmin qətnamə ilə razı olmayaraq o, Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə aliment miqdarı 120 manat müəyyən edilmişdir. Müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Hazırda başqa qadınla evlidir və iki uşağı vardır. 5 yaşlı uşağı nitq qüsurludur və həyat yoldaşı xəstədir. Onların müalicəyə ehtiyacları var. Maddi imkanı olmadığından onları həkimə apara bilmir. Rəsmi iş yeri olsa da, əmək haqqı 300 manat təşkil edir. Övladı Özalın yetkinlik yaşına çatanadək hər ay 130 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qobustan rayon məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli 2(026)-615/2015 saylı qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında 12 iyun 2014-cü il tarixdə bağlanmış AZ-İ seriyalı 955094 sayı nikah pozulmuş, onların 19 avqust 2011-ciil tarixdə anadan olmuş övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 oktyabr 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 108 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli 2(103)- 2578/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək 19 avqust 2011-ciil tarixdə anadan olmuş övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh X1 xeyrinə tutulan alimentin məbləği 120 manat müəyyən edilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 06 may 2014-cü il tarixdə verilmiş AZ-İ 251676 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 19 avqust 2011-ci il tarixdə doğulmuş X4 atası hesab edilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 18 dekabr 2015-ci il tarixdə verilmiş AZ-İ 205446 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 30 sentyabr 2016-cı il tarixdə verilmiş AZ-İİ 144420 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X12 ilə 09 sentyabr 2016-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Qobustan rayon İHB-nın Ərəbşalbaş kəndi üzrə icra nümayəndəliyi tərəfindən 15 mart 2018-ci il tarixdə verilmiş AZ-İV 083315 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayev Rəcəb Famil oğlu 21 fevral 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X10r. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 02 aprel 2021-ci il tarixdə verilmiş AZ-Vİ 579363 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 yanvar 2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. Mediasiya prosesinə xitam verilməsi barədə 5 mart 2022-ci il tarixli MŞB/4-00491 saylı protokolunda göstərilir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı və Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan Cavabdeh iştirakı ilə mübahisə tərəfləri ailə mübahisəsi (alimentin artırılması tələbi ilə bağlı) ilə əlaqədar 5 mart 2022-ci tarixində mediasiya prosesi həyata keçirilmişdir. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı tərəfindən ödənilmişdir. Müəyyən olundu ki, Qobustan rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə 19 avqust 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 108 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 160 manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə aliment miqdarı 120 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 19 avqust 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh oğlundan hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Hazırkı iş üzrə dövlət rüsumunun 1 il ərzində ödəməsinin məcmusu 1000 manatadək olduğu üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 avqust 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh oğlundan hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar