Məhkəmə qərarları › İş №2(026)-205/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-205/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-205/2025 25.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 iyul 2011-ci il təvəllüdlü X2 və 26 sentyabr 2015-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən 25 sentyabr 2024-cü il tarixdən hesablanaraq sabit pul məbləğində hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,74 misli həddində aliment tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin iddia ərizəsi formasından çıxarılaraq ərizə formasında baxılmasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi, artıq Salyan Rayon Məhkəməsində iddia ərizəsinə baxılmış, icraata xitam verilmiş və icra icraatı qaydasında məhkəməyə müraciət edilməsi izah edilmişdir. Odur ki, işin iddia icraatından icra icraatına keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən təqdim olunmuş ərizə icra icraatı çərçivəsində verilmiş ərizə olmayıb, iddia icraatı qaydasında verilmiş ərizə hesab olunmalıdır. Belə ki, ərizənin başlığından da göründüyü kimi, o, alimentin artırılmasına yönəlmişdir, alimentin artırılması isə hər bir halda iddia icraatı qaydasında baxılmalı olan tələbdir. Yalnız qətnamə üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi xarakteri daşıdığından icra icraatı qaydasında baxılır. Hazırkı ərizənin məzmunundan isə iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına yönəlmiş hər hansı bir iradəsi müəyyən olunmur və iddiaçı yalnız yaşayış minimumu məbləğinin artmasına və aliment məbləğinin uşaqların saxlanılmasına kifayət etməməsinə istinad edir. Bundan əlavə, ərizənin məzmununda da qeyd edilmişdir ki, “İndi isə alimentin artırılması üçün iddia ərizəsi verirəm”, “Odur ki, iddiam dövlət rüsumundan azad olunduğu üçün ödənilməmişdir”. Qeyd edilənləri nəzərə alan məhkəmə təqdim olunmuş ərizənin iddia ərizəsi olduğunu qəbul edir. Bundan başqa, işin iddia icraatından icra icraatına keçirilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Təqdim olunan ərizənin xarakterindən asılı olaraq, icraatın növü müəyyənləşdirilir. Hazırda isə İddiaçı alimentin artırılmasına dair iddia ərizəsi verdiyi müəyyən edilir. Bundan başqa, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə görə, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Hazırda isə İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərin içərisində, ərizəyə əlavə edilən sənədlərin içərisində 2 vərəq mediasiya arayışının göstərilməsinə baxmayaraq, mediasiya prosesindən keçilməsi ilə bağlı müvafiq arayış və ya protokol əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar