Məhkəmə qərarları › İş №2(026)-215/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-215/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-215/2021 15.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 16 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx”xxxx” ASC-dən illik 20 faiz olmaqla 36 ay müddətinə 4950 manat kredit götürmüşdür. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh 05 may 2021-ci il tarixədək banka 2840,49 manat əsas, 312,50 manat faiz və 112,18 manat cərimə borcu olmaqla, cəmi 3265,17 manat borcu yaranmışdır. Ona görə də borclu Cavabdeh 2840,49 manat əsas, 312,50 manat faiz və 112,18 manat cərimə borcu olmaqla, cəmi 3265,17 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi və “xxxx”xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2019-cu il tarixli 4-Y-4-0-856-19 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh izahat verərək göstərdi ki, “xxxx”xxxx” ASC-dən illik 20 faiz olmaqla 36 ay müddətinə 4950 manat kredit götürmüşdür. Göyürdüyü kreditin müəyyən hissəsini ödəmişdir. Lakin sonradan maddi imkanı olmadığından banka olan borcunu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, iddiaçı “xxxx”xxxx ASC tərəfindən Cavabdeh 16 aprel 2019cu il tarixli 4-Y-4-0-856-19 saylı kredit müqaviləsinə əsasən illik 20 faiz olmaqla 36 ay müddətinə 4950 manat kredit verilmişdir. Cavabdeh tərəfindən banka ödəniş cədvəlində nəzərdə tutulan ödənişlər edilməmiş və nəticədə cavabdehin banka 2840,49 manat əsas, 312,50 manat faiz və 112,18 manat cərimə borcu olmaqla, cəmi 3265,17 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin 22 noyabr 2019-cu il tarixli reyestrindən çıxarışda göstərilir ki, “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin indiki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İş materiallarına əlavə edilmiş “xxxx”xxxx ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2019-cu il tarixli 4-Y-4-0-856-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 20 faiz olmaqla 36 ay müddətinə 4950 manat kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin 05 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 2840,49 manat əsas, 312,50 manat faiz və 112,18 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi üçün borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2840,49 manat əsas, 312,50 manat faiz və 112,18 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilməli, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2019-ci il tarixli 4-Y-4-0-856-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2840,49 manat əsas, 312,50 manat faiz və 112,18 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2019-ci il tarixli 4-Y-4-0-856-19 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar