Məhkəmə qərarları › İş №2(026)-225/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-225/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-225/2020 08.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Bank “xxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Bank “xxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 43,36 manat əsas, 11,21 manat faiz borcu olmaqla, cəmi 84,57 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulub Bank “xxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank “xxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixli FN-01204-16/17A saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinə əsasən Bank “xxx” ASC-dən illik 36 faiz olmaqla 30 ay müddətinə 2000 manat kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmiş və borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh xx xxxx 2017-ci il tarixli FN-01204-16/17A saylı kredit müqaviləsinə əsasən banka 73,36 manat əsas və 11,21 manat faiz borcu olmaqla, cəmi 84, 57 manat borcu yaranmışdır. Ona görə də borclu Cavabdeh 73,36 manat əsas və 11,21 manat faiz borcu olmaqla, cəmi 84,57 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulub Bank “xxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bank “xxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə teleqram göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, iddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı tərəfindən Cavabdeh xx xxxx 2017-ci il tarixli FN-01204-16/17A saylı kredit müqaviləsinə əsasən illik 36 faiz olmaqla 30 ay müddətinə 2000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmiş və nəticədə cavabdehin banka 73,36 manat əsas və 11,21 manat faiz borcu olmaqla, cəmi 84,57 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli FN-01204-16/17A saylı müqaviləsində göstərilir ki, bank tərəfindən Cavabdeh illik 36 faiz dərəcəsi olmaqla 30 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan Bank “xxx” ASC-in xx xxxxxx 2020-ci il tarixli RİED 2020/4819 saylı arayışından görünür ki, Cavabdeh banka 73,36 manat əsas və 11,21 manat faiz borcu olmaqla, cəmi 84,57 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Bank “xxx” ASC-in xx xxxxx 2020-ci il tarixli HASF-00307 saylı bildirişindən görünür ki, borcun ödənilməsi üçün borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx xxxx 2017-ci il tarixli FN- 01204-16/17A saylı kredit müqaviləsi üzrə 73,36 manat əsas və 11,21 manat faiz borcu olmaqla, cəmi 84,57 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınıb “Bank xxx” ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2017-ci il tarixli FN-01204-16/17A saylı kredit müqaviləsi üzrə 73,36 manat əsas və 11,21 manat faiz borcu olmaqla, cəmi 84,57 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınıb “Bank xxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar