Məhkəmə qərarları › İş №2(026)-228/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-228/2025

02.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-228/2025 02.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 saylı, 10 yanvar 2018-ci il tarixli icra vərəqəsi üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinin 04 oktyabr 2023-cü il tarixli Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanan 41619 ABŞ dolları məbləğində kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizi məbləğində hər ay tutularaq "xxxx" ASC-nin (hal-hazırda Cavabdeh ASC-nin) xeyrinə tutulması barədə tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsi, Cavabdeh ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin banka kim tərəfindən ödənildiyi faktının müəyyən edilməsi öhdəliyinin qoyulması və pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qobustan rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Qobustan rayon İcra və Probasiya şöbəsinin 04 oktyabr 2023-cü il tarixli, 148134/2018-32-5 saylı Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanan 41619 ABŞ dolları məbləğində kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizindən tutularaq hər ay "xxxx" ASC-nin (hazırda Cavabdeh ASC-nin) xeyrinə tutulması barədə tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsini və 20 noyabr 2023-cü il tarixindən 20 noyabr 2024-cü il də daxil olmaqla, ümumilikdə İddiaçı əmək haqqından tutulan 2040 manat maliyyə vəsaitinin Qobustan rayon İcra və Probasiya şöbəsindən və 5000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi, ümumilikdə 7000 manat məbləğində maliyyə vəsaitinin Cavabdeh ASC-nin hesabından qeyd edilən ümumilikdə 9040 manat maliyyə vəsaitinin tutularaq İddiaçı hesabına ödənilməsini, İddiaçı ilə "xxxx" ASC arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin "xxxx" ASC-yə kim tərəfindən göndərildiyi faktının müəyyən edilməsi barədə Cavabdeh ASC-nin üzərinə öhdəlik qoyulmasını, Cavabdeh ASC-nin İdarə Heyətinin sədri cənab X14 və Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi Malik Məlikov barəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 265.4-cü maddəsinin tələbinə uyğun xüsusi qərardad qəbul edilməklə prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə onun arasında 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə həmin müqavilədə göstərilən 50000 ABŞ dollarından 40000 ABŞ dolları qəbul edib həmin məbləğdə vəsait bankın əməkdaşı tərəfindən ona verildikdə həmin vəsaiti dərhal X1 oğlu X4 vermişdir. Alıyev Azərin sözlərinə görə, o, Qasımov Mövsümlə həmin maliyyə vəsaiti hesabına biznes fəaliyyəti təşkil etmək məqsədilə onlara lazım idi. Bu səbəbdən də 50000 ABŞ dolları məbləğində maliyyə vəsaiti ilə əlaqədar "xxxx" İKB ASC ilə bağladığı 24 may 2013cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi faktiki olaraq onunla deyil, X8 ilə bağlanmış və həmin kredit müqaviləsinin təminatı kimi onun anası X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 215,1 kv.m olan 4 otaqlı evi həmin tarixli, saylı ipoteka müqaviləsi əsasında "xxxx" İKB ASC-yə girov qoyulmuşdur. İş üzrə maraqlı hər kəs, ilk növbədə, həmin bankın kredit şöbəsinin məsul vəzifəli şəxsi üçün "xxxx" İKB ASC ilə X5 arasında 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı ipoteka müqaviləsi üzrə onun – İddiaçı iştirakı, məlumatı olmadan 15 sentyabr 2015-ci ildən başlayaraq Abşeron Rayon Məhkəməsində, 17 iyul 2017-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində, daha sonra 05 aprel 2021-ci il və 03 mart 2021-ci il tarixlərində Bakı Apelyasiya Məhkəməsində, 3 dəfə (1. 28 sentyabr 2021-ci il tarixli, 2(102)-4741/2021; 2. 26 sentyabr 2022-ci il tarixli, 2(102)-3799/2022 saylı və 3. 15 fevral 2023-cü il tarixli, 2(102)-50/2023 saylı) Ali Məhkəmədə Cavabdeh ASC ilə X5, eləcə də, digər tərəflər Abşeron rayon İcra və Probasiya şöbəsi, hərracın təşkilatçısı kimi “X10” MMC arasında 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklü edilən və həmin kredit müqaviləsi üzrə 51000 manat məbləğində əlavə kredit verilən X2 anası Qasımova Zərnigar arasında 7 il 5 ay davam edən məhkəmə araşdırması müddətində məhkəmə prosesinin bütün iştirakçıları, vəkillər, hakimlər, icra şöbəsinin əməkdaşları da dəqiq bilirdilər ki, X5 heç bir halda heç vaxt tanımadığı və heç bir əlaqəsi olmadığı İddiaçı "xxxx" İKB ASC tərəfindən verildiyi həmin bank tərəfindən iddia edilən 50000 ABŞ dollarına görə hakimlər tərəfindən 189000 manat dəyərində qiymətləndirilən mülkiyyətində olan evinin banka girov qoyulmasına razılıq verməzdi. Hesab edir ki, bu səbəbdən də X5 və "xxxx" İKB Cavabdeh ASC arasında 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsinin təminatı kimi girov qoyulan Qasımova Zərnigara məxsus evlə əlaqədar yuxarıda qeyd etdiyi, illərlə davam edən iş üzrə məhkəmə araşdırmalarında İddiaçı iştirakı təmin edilməmiş, xəbəri və məlumatı olmadan iddiaçının, cavabdehlərin tələblərinin araşdırılıb hüquqi qiymət verilməsində onun iştirakına da zərurət yaranmamışdır. 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklü edilən X3 məxsus evini Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyul 2017-ci il tarixli qətnamələrinin icrası ilə əlaqədar 10 yanvar 2018-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilən sifarişli məktub əsasında “X10” MMC tərəfindən 01 iyun 2018-ci il və 13 iyul 2018-ci il tarixlərində, saat 11:00-da hərracın ilkin və təkrar hərracın keçirilməsi planlaşdırılsa da, hərrac iştirakçılarının olmaması səbəbindən hərrac baş tutmamışdır. İstər kreditor bank "xxxx" İKB – Cavabdeh ASC-nin rəhbərliyi, istərsə də onun iddia tələbləri əsasında qəbul edilən məhkəmə aktlarını icra edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları dəqiq bilirdilər ki, "xxxx" İKB ASC ilə İddiaçı arasında 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı müqavilə üzrə sonuncuya 50000 ABŞ dolları məbləğində kredit verildiyi həqiqətə uyğun deyil, bu müqavilə görüntü yaratmaq məqsədilə tərtib olunub. Bu səbəbdən də İddiaçı həmin kredit müqaviləsinin icrası ilə bağlı hər hansı formada məsuliyyət daşımır və həmin kredit müqaviləsində nəzərdə tutulan 50000 ABŞ dollarının banka qaytarılması istiqamətində Abşeron rayon İcra və Probasiya şöbəsi və Bank tərəfindən həyata keçirilən prosedur tədbirlərdə İddiaçı iştirakına zərurət də yaranmamışdır. Lakin 7 il 5 ay müddətində "xxxx" İKB ASC – Cavabdeh ASC tərəfindən cavabdeh X1 həmin banka, onun oğlu X4 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə verilən 51000 manat kredit vəsaitinə görə, bu fakt "xxxx" İKB ASC – Cavabdeh ASC rəhbərliyi tərəfindən gizlədilsə də, ipoteka yüklü edilən evinin girovdan çıxarılması istiqamətində məhkəmə müstəvisində Cavabdeh ASC X3 məhkəmə qaydasında “təslim olduqdan” sonra, yəni onun Bakı Apellyasiya Məhkəməsinin iddiaçı X1 iddia tələblərinin təmin edilməsi barədə qəbul etdiyi qətnamələrdən üç dəfə verdiyi kassasiya şikayətləri hər dəfə Ali Məhkəmənin yuxarıda qeyd edilən tarixli, saylı qərarları ilə rədd edilmişdir. Bundan sonra, Cavabdeh ASC-nin rəhbərliyinin gizli xahişi ilə Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi cənab Malik Məlikovun 7 il 5 ay sonra, "xxxx" İKB ASC tərəfindən 1 manat da borc verilməyən İddiaçı ehtiyatda saxladıqları variant kimi istifadə etmək qərarına gəlmişlər. Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi cənab Malik Məlikov tərəfindən 2(105)-27/2017 saylı Qobustan Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(026)-42/2020 saylı icra sənədi üzrə tərtib olunan 04 oktyabr 2023-cü il tarixli tələbnamə əsasında iddiaçının əmək haqqından hər ay 40 faiz tutularaq, "xxxx" İKB – Cavabdeh ASC-nin xeyrinə ödənilməsi məqsədilə 04 oktyabr 2023-cü il tarixli, 148134/2018 saylı hazırda işlədiyi Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə həmin tələbnamə göndərilir və nəticədə 20 noyabr 2023-cü il tarixdən 20 noyabr 2024-cü il tarixi də daxil olmaqla, hər ay İddiaçı əmək haqqından 170 manat məbləğində maliyyə vəsaiti tutulmaqla, ona 2040 manat məbləğində maddi ziyan vurulmuşdur. "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-1-S-0-253-13 saylı kredit müqaviləsinin surətinin və həmin müqavilə üzrə banka 14676 ABŞ dolları məbləğində ödənişin kim tərəfindən ödənildiyinə aydınlıq gətirilməsi barədə 27 mart 2024-cü il və 15 may 2024-cü il tarixlərində Cavabdeh ASC İdarə Heyətinin sədri cənab Anar Həsənova ərizə ilə müraciət edərək məlumatlandırılmasını xahiş etmişdir. Lakin müraciətlərə mahiyyəti üzrə cavab verilməmişdir. Belə ki, nə "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsinin surətini, nə də "xxxx" İKB ASC ilə X9 arasında bağlanan həmin tarixli və saylı müqavilə üzrə ona 51000 manat borc verildiyi barədə kredit müqavilələrinin surətini ona təqdim etməkdən imtina etmişlər. Bundan savayı, "xxxx" İKB ASC ilə bağlanan kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin kim tərəfindən banka ödənildiyi barədə müraciətinə münasibətdə isə Emil Duşdurov 07 may 2024-cü il tarixli cavabında ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etdiyi halda, Anar Həsənov isə 05 iyun 2024-cü il tarixli cavabında 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin banka kim tərəfindən ödənilməsi barədə məlumat verilməsinin qeyri-mümkün olduğunu təsdiqləyir. O isə bu qənaətini müraciətdə tələb olunan sənədlər “Azərbaycan Respublikasının bank sistemlərində arxiv işinin aparılması haqqında” 13 avqust 2013-cü il tarixli təlimata və Mülki Arxiv İdarəsinin 27 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlə həmin sənədlərin saxlama müddəti göstərilməklə nümunəvi siyahıya əsasən saxlamalı olmayan sənədlər kimi, məhv edildiyini təsdiqləyir ki, bu da həqiqətə uyğun deyil. Belə ki, 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə həm İddiaçı, həm də Cavabdeh ASC tərəfindən gizlədilən X4 verilən 51000 manat maliyyə vəsaiti tam icra olunmaması səbəbindən, nə həmin kredit müqavilələri, nə də həmin müqavilələr üzrə banka edilən ödənişlər də daxil olmaqla "xxxx" İKB ASC – Cavabdeh ASC üçün hüquqi əhəmiyyətini itirməməsi səbəbindən cənab Anar Həsənovun cavabında tətbiq etdiyi normativ aktlarının tələbinə əsasən məhv edilə bilməz. Əgər Cavabdeh ASC-nin İdarə Heyətinin sədri cənab Anar Həsənovun göndərdiyi cavabında 14676 ABŞ dollarının ödənildiyini təsdiqləyən ödəniş qəbzləri və 3-S-1-0-253- 13 saylı, 24 may 2013-cü il tarixli kredit müqaviləsi həqiqətən də məhv edilmişdirsə, bu fakt o anlama gəlir ki, həmin sənədlərin məhv edilməsi Cavabdeh ASC rəhbərliyi tərəfindən rəsmi sənədlərin saxtalaşdırılması Cinayət Məcəlləsinin 313-cü və özgə əmlakını mənimsəmə - 179-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini gizlətmək məqsədilə həmin sənədlərin məhv edildiyini təsdiqləyir. Cavabdeh ASC-nin tələbi əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(105)-27/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar verilən 10 yanvar 2018-ci il tarixli, 2(105)-27/2017 saylı icra vərəqəsində nəzərdə tutulan icra hərəkətləri yerinə yetirildikdən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi üzrə həmin məhkəmənin icra vərəqəsində göstərilən iş üzrə cavabdeh İddiaçı 41618 ABŞ dolları məbləğində maliyyə vəsaitinin tutulması ilə əlaqədar pozulmuş əmlak hüquqlarının bərpası üçün səlahiyyətli nümayəndəsi X6 verdiyi 5000 manat maliyyə vəsaitinin və ötən 12 ay ərzində əmək haqqında Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən iş yerinə göndərilən saxta tələbnamə əsasında 20 noyabr 2023-cü il tarixdən 20 noyabr 2024-cü il tarixinədək hər ay əmək haqqından 170 manat maliyyə vəsaiti tutulmaqla, ötən 12 ay ərzində 2040 manat maliyyə vəsaiti Qobustan rayon İcra və Probasiya şöbəsindən və Cavabdeh ASC-nin iddia tələbi əsasında İddiaçı 41619 ABŞ dolları məbləğində maliyyə vəsaitinin tutulması barədə Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərdiyi tələbnamə əsasında əmək haqqından 2040 manat maliyyə vəsaiti tutulması ilə əlaqədar hüququnun kobud şəkildə pozulması nəticəsində mənəvi, psixoloji gərginlik keçirməsi ilə əlaqədar iddiaçıya vurulan 5000 manat maddi və 2000 manat mənəvi ziyanı da əlavə etməklə, ümumilikdə vurulan 9040 manat maliyyə vəsaiti Qobustan rayon İcra və Probasiya şöbəsinin və Cavabdeh ASC-nin hesabından tutularaq onun hesabına ödənilməlidir. Məhkəmənin 19 may 2025-ci il tarixli hazırlıq iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, onun hazırkı iddianı qaldırmaqda yeganə istəyi o olmuşdur ki, bankdan götürülmüş kredit borcunun təminatı kimi əvvəllər ev ipotekada olmuşdur. Lakin sonradan qanunsuz olaraq həmin ev üzərindəki ipotekaya xitam verilmişdir. Onun yeganə tələbi odur ki, həmin ev ipetokaya qaytarılsın və ev satılaraq əldə olunmuş vəsait hesabına Cavabdeh ASC-yə ödənilməli olan kredit borcu ödənilsin. Onun hər hansı bir başqa tələbi, eləcə də, Qobustan rayon İcra və Probasiya şöbəsinə qarşı hər hansı bir tələbi yoxdur. Həmçinin qeyd etdi ki, iddia ərizəsini də onun üçün başqa şəxs yazmışdır, lakin hazırda iddia ərizəsindəki ifadələrlə nə deyilmək istədiyini özü də izah edə bilmir. İddia ərizəsinə əlavə edilmiş hakimə etiraz ərizəsini də özü yazmamış, onun adından başqa şəxs yazmışdır. Yekun olaraq istəyi odur ki, Cavabdeh ASC-yə olan kredit borcu ondan tutulmasın və ev ipotekaya qaytarılaraq satılıb onun pulu Cavabdeh ASC-yə verilsin. Məhkəmənin 19 may 2025-ci il tarixli iclasında iştirak edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 çıxış edərək bildirdi ki, İddiaçı pulun tutulmasına dair icra sənədi əvvəllər Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. İcra sənədinin icrası ilə bağlı ona bildiriş verilmiş, xəbərdarlıqlar edilmiş, onun əmək haqqına tutma yönəldiləcəyi izah edilmiş, həmçinin, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bu icra tədbirlərindən sonra verilmiş sorğuya cavab olaraq müəyyən olunmuşdur ki, İddiaçı Qobustan şəhərində qeydiyyatda olsa da, 2018-ci ildən bəri Abşeron rayonu, Qobustan kəndi, Cabir Novruzov küçəsində yerləşən evdə qeydiyyatsız yaşayır. “İcra haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə uyğun olaraq icra işi 12 fevral 2024-cü il tarixdə aidiyyəti olaraq icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hesab edir ki, Qobustan rayon İcra və Probasiya şöbəsinin cavabdeh kimi qalmasına hər hansı bir əsas yoxdur. Bununla bağlı iddiaçının ərizəsi də nəzərə alınaraq Qobustan Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli protokol qaydasında qəbul edilmiş qərardadı ilə Qobustan rayon İcra və Probasiya şöbəsi cavabdehlər siyahısından çıxarılmış və mülki iş üzrə cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Cavabdeh ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(102)-50/2023 saylı qərarının məzmunundan görünür ki, "xxxx" X7 ASC ilə İddiaçı arasında 24 may 2013-cü il tarixli, 3-S-İ-0-253-13 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 22 faiz hesablanmaqla 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi "xxxx" İKB ASC, X5 (ipoteka qoyan) və İddiaçı (borc alan) arasında 24 may 2013-cü il tarixli, 3-S- İ-0-253-13 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Zərnigar Qasımovaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 215,1 kv.m ümumi sahə, 87 kv.m, yaşayış sahəsi, 128,1 kv.m köməkçi sahədən ibarət 6 saylı fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər icra edilməmiş və kreditorun iddiası əsasında Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli, 2(012)-1798/2015 saylı qətnaməsi ilə İddiaçı 35323 ABŞ dolları əsas borc, 6195 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, ümumilikdə 43518 ABŞ dolları pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin əvəzinin tutularaq "xxxx" İKB ASC-yə verilməsi, X1 mülkiyyətində olan ünvan 1 ünvanında 0,01378 ha torpaq sahəsində yerləşən, ümumi sahə 25,1 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş pul vəsaiti hesabına İddiaçı cavabdehə olan 43518 ABŞ dolları pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi qət edilmişdir. Daha sonra cavabdeh X12 Rayon Məhkəməsinin sözügedən qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və 17 iyul 2017-ci il tarixli, 2(105)-27/2017 saylı qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli, 2(012)-1798/2015 saylı qətnaməsinin “İddiaçı ... 2000 ABŞ dolları cərimə olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, ümumilikdə 43518 ABŞ dollarının tutulması” və “İpoteka predmetinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, cavabdeh İddiaçı 100 ABŞ dolları cərimə (dəbbə) olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, cəmi 41618 ABŞ dollarının tutularaq iddiaçı "xxxx" İKB-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 189500 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" İKB tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8166/2017 saylı, 27 noyabr 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2022ci il tarixli, 2(103)-27/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2(006)-6082/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, "xxxx" X7 ASC ilə X5 arasında bağlanmış 24 may 2013-cü il tarixli, 3-S-İ-0-253-13 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında 0,01378 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215,1 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində olan ipotekaya xitam verilməsi qət edilmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(102)-50/2023 saylı qərarından görünür ki, həmin qərarla kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-27/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanmış 04 oktyabr 2023-cü il tarixli, 148134/2018-32-5 nömrəli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 saylı, 10 yanvar 2018-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı və qeyrilərindən 41618 ABŞ dolları məbləğində kredit borcu tutularaq tələbkar "xxxx" İKB ASC-nin (Cavabdeh ASC-nin) xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistem çıxarışından məlum olmuşdur ki, borclu İddiaçı Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində işləməklə əmək haqqı alır. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən cəmi 41618 ABŞ dolları kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizindən tutularaq hər ay "xxxx" İKB ASC-nin (hazırkı Cavabdeh ASCnin) xeyrinə ödənməli (həmin günün dolların manata olan Mərkəzi Bankın məzənnəsi ilə hesablanaraq), həmin məbləğin 7 faizi, yəni 2913 ABŞ dolları məbləğində icra ödənişi isə borclunun əmək haqqının hər ay 10 faizinə yönəldilərək (həmin günün dolların manata olan Mərkəzi Bankın məzənnəsi ilə hesablanaraq) Qobustan rayon İcra və Probasiya şöbəsinin depozit hesabına keçirilməlidir. Ona görə də icra sənədinin surəti “İcra haqqında” Qanunun 24.1.1-ci maddəsinə əsasən icra olunması üçün Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında hər nə qədər də iddia ərizəsində qeyd edilənləri izah edə bilmədiyini bildirsə də, məhkəmə iddia ərizəsinin dəlilləri ilə bağlı bir sıra məqamları vurğulamağı zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, icra sənədinin icrası məqsədilə borclunun (iddiaçının) əmək haqqından tutulmaların aparılmasına dair Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanmış 04 oktyabr 2023cü il tarixli, 148134/2018-32-5 nömrəli məktub qanunsuz olmamış, icra sənədinin icrasının təmini istiqamətində göndərilmişdir. Bu səbəblə də iddiaçının əmək haqqından aparılmış tutulmalar (qeyd etdiyinə görə 2040 manat məbləğində) Cavabdeh ASC-nin əsassız varlanmasına səbəb olmamaqla, iddiaçının əmək haqqından tutulmuş məbləğlərin ona geri qaytarılmasına əsas vermir. Çünki həmin tutulmalar qanuni əsasla aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı "xxxx" İKB ASC (Cavabdeh ASC) ilə 24 may 2013-cü il tarixli, 3-S-1-0-253- 13 saylı kredit müqaviləsinin faktiki olaraq onunla deyil, X8 ilə bağlandığını, məhz bu səbəbdən də sonuncunun anası X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 215,1 kv.m olan 4 otaqlı evi ipoteka qoyduğunu bildirməklə, həmin kredit müqaviləsinin etibarlılığını da mübahisələndirməyə cəhd etmişdir. Lakin nəzərə alınmalıdır ki, Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2017-ci il tarixli qətnamələri məhz 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə kredit borcunun İddiaçı tutulmasına yönəlməklə, sözügedən qətnamələr qəbul edilərkən həmin kredit müqaviləsinin etibarlılığı yoxlanılmış və kredit müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas olmadığından həmin kredit müqaviləsinə əsaslanan tələbin təmin edilməsi istiqamətində nəticəyə gəlinmişdir. Ona görə də iddia ərizəsinin sözügedən dəlili də əsassızdır. Bu baxımdan İddiaçı ilə "xxxx" ASC arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin "xxxx" ASC-yə kim tərəfindən göndərildiyi faktının müəyyən edilməsi barədə Cavabdeh ASC-nin üzərinə öhdəlik qoyulmasının da hazırkı məqamda hər hansı bir əhəmiyyəti yoxdur və həmin hissədə də iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. İddiaçı məhkəmə iclasında hazırkı iddia ilə məhkəməyə müraciət etməsində əsas niyyətinin ondan pulun tutulduğu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyulmuş ev üzərində ipotekanın bərpa edilməsindən və evin hərracdan satılaraq satışdan əldə olunmuş pulun kredit borcuna yönəldilməsindən ibarət olduğunu bildirmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının həmin istəyinin təmin edilməsi qeyrimümkündür. Belə ki, iddiaçının qeyd etdiyi kredit müqaviləsinin icrasının təminatı kimi verilmiş ev üzərindəki ipotekaya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(103)-27/2022 saylı qətnaməsi ilə xitam verilmiş, həmin qətnamə sonradan kassasiya instansiyası məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, sözügedən ipotekaya xitam verilməsi artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsaslandığından ipotekanın yenidən məhkəmə qətnaməsi əsasında bərpa edilməsi qeyri-mümkündür və bu hal mübahisələndirilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda irəli sürdüyü tələblər əsassız olduğundan, onun nümayəndəsinə ödədiyi 5000 manat məbləğində pulun da maddi zərər kimi cavabdehdən tutulması üçün hər hansı əsas mövcud deyil. Həmçinin, qeyd edilən səbəbdən, eləcə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində özünə mənəvi zərər dəyməsini, həmin mənəvi zərərin yaranmasına səbəb olan hərəkətlərin nədə ifadə olunmasını sübuta yetirə bilmədiyindən, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı olan hazırkı iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 saylı, 10 yanvar 2018-ci il tarixli icra vərəqəsi üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinin 04 oktyabr 2023-cü il tarixli Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanan 41619 ABŞ dolları məbləğində kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizi məbləğində hər ay tutularaq "xxxx" ASC-nin (hal-hazırda Cavabdeh ASC-nin) xeyrinə tutulması barədə tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsi, Cavabdeh ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin banka kim tərəfindən ödənildiyi faktının müəyyən edilməsi öhdəliyinin qoyulması və pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar