Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-234/2025 21.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 fevral 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 1460 manat əsas borc, 146 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, ümumilikdə 1906 manat məbləğində borcun və 39,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi 2A-da yerləşən “Rahat Ekspress” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağaza telefon və məişət əşyalarının satışı ilə məşğul olur. 11 fevral 2022-ci il tarixdə Cavabdeh nisyə olaraq 1460 manat dəyərində “Samsung” markalı, “55 Smart” modelli televizor almış və buna görə aralarında həmin tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış nisyə alğı-satqı müqaviləsinin 1.2-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1.1-ci bəndində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. 11 fevral 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 1460 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin 8.1-ci bəndinə əsasən alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləği 1 faizi miqdarında cərimə ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 1460 manat əsas borc, 146 manat faiz və 300 manat cərimə borcu olmaqla, cəmi 1906 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini 11 mart 2022-ci il tarixdə icra etmir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.2, 443.3, 443.4, 448.1 və 600.1-ci maddələrinə istinad etmişdir. Qobustan Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(026)-234/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmənin 23 iyun 2025-ci il tarixli iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, başqa şirkətdən məhsul alıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi 2A-da yerləşən “Rahat Ekspress” mağazasında satmaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, cavabdehə nisyə olaraq televizor satmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Buna görə də cavabdehin ona 1460 manat əsas borcu, 146 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 1906 manat məbləğində borcu yaranmışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə baxış iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 11 fevral 2022-ci il tarixli, 1004-2022 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olaraq, bu müqaviləyə görə satıcı 1460 manat dəyərində “Samsung 55 Smart” markalı 1 ədəd televizoru alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul edib əvəzinə 1460 manat məbləğində pulu (qiyməti) 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürür. Alıcı satılan əşyanın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu günədək hər gün üçün 1 faiz cərimə ödəyir. İşdə surəti olan ödəniş cədvəlindən görünür ki, 1460 manatdan ilkin ödəniş edilməmiş, həmin məbləğin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İşdə surəti olan arayışdan görünür ki, Cavabdeh 11 fevral 2022-ci il tarixli müqavilə üzrə borcu aşağıdakı kimidir: 1460 manat əsas borc, 146 manat faiz borcu, 300 manat cərimə borcu, cəmi 1906 manat borc. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 05 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 39,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 11 fevral 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 1460 manat məbləğində əsas borcunun qalması öz təsdiqini tapır və ona görə də iddia tələbi əsas borc məbləğinə dair hissədə tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin 146 manat məbləğində faiz borcuna dair hissəsi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən cavabdehdən müqavilə üzrə faiz borcu tələb olunsa da, müqavilədə nisyə satılma halına görə hər hansı faizin ödənilməsi nəzərdə tutulmamış, cavabdehin ödəməli olduğu məbləğ kimi yalnız əşyanın dəyəri göstərilmişdir. Bu baxımdan hazırda iddiaçının cavabdehdən müqavilə üzrə faiz borcu tələb etmək hüququ yoxdur və iddia faiz borcuna dair hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcuddur. Məhkəmə iddiaçının cərimə tələb etmək hüququnun mövcudluğunu qəbul etsə də, tələb olunan cərimənin məbləği ilə razılaşmır və bildirir ki, həmin məbləğ əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırda əsas borcun məbləğinin 1460 manat olduğunu nəzərə alan məhkəmə MMin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək, tənasübsüz surətdə yüksək cərimənin azaldılmalı olduğunu bildirir və iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan cərimənin məbləğinin 146 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi cərimə borcuna dair hissədə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 11 fevral 2022-ci il tarixli, 1004-2022 nömrəli alğı-satqı müqaviləsi üzrə 1460 manat məbləğində əsas borc, 146 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1606 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 fevral 2022-ci il tarixli, 1004-2022 nömrəli alğı-satqı müqaviləsi üzrə 1460 manat məbləğində əsas borc, 146 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1606 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-234/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-234/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver