Məhkəmə qərarları › İş №2(026)-260/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-260/2024

14.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-260/2024 14.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 25 dekabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayon məhkəməsinin 2(026)-399/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə 25 dekabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 120 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Hazırda uşaq böyüdüyü üçün məsrəfləri yetərincə artmışdır. Tərlanın saxlanılması və əlavə müəllim yanına getməsi üçün əlavə xərclər lazımdır. Özü mağazada işləyir və aylıq 250-300 manat əmək haqqı alır. Təyin edilmiş alimentin miqdarı çox azdır və uşağın tələbatını ödəmir. Ona görə də 25 dekabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 1997-ci ildə evlənmişlər, birgə evliliklərindən 01 dekabr 1999-cu ildə Şəbnəm, 26 oktyabr 2021-ci ildə Şəfəq və 25 dekabr 2008-ci ildə Tərlan adlı uşaqları anadan olmuşdur. 2008-ci ilin oktyabr ayında Təranə qızları Şəfəq və Şəbnəmi onun yanında qoyaraq evdən çıxıb valideynlərinin yanına getmişdir və oğlu Tərlan da orada dünyaya gəlmişdir. Qızları Şəbnəm və Şəfəqi özü saxlamış və hər ikisinə ali təhsil vermişdir. Təranə heç zaman qızları ilə maraqlanmamışdır. Qobustan rayon məhkəməsinin 2(026)-399/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə 25 dekabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 120 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Təyin edilmiş alimenti hər ay ödəyir. Tərlanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment verməyə razıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qobustan rayon məhkəməsinin 2(026)-399/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, 25 dekabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 251739 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 25 dekabr 2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mediasiya prosesinin 28 mart 2024-cü il tarixli arayışında göstərilir ki, İddiaçı alimentin miqdarının artırılması üçün müraciət etmiş, Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən mübahisəni davam etdirmək mümkün olmamışdır. Müəyyən olundu ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-399/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə 25 dekabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamə ilə təyin edilmiş alimenti hər ay tam ödəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qobustan rayon məhkəməsinin 2(026)- 399/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub 25 dekabr 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qobustan rayon məhkəməsinin 2(026)-399/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub 25 dekabr 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin olunmasın. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar