Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-283/2025 14.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və sair tələblərinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15700 manat əsas borc məbləğinin tutulub ona ödənilməsinə dair qərar çıxarılmasını, məhkəmə xərcləri və dövlət rüsumunun cavabdehin üzərinə qoyulmasının təmin edilməsini, zərurət yaranacağı təqdirdə, cavabdehin adına olan əmlaka və ya gəlir mənbələrinə yönəlik iddia təminatı tədbirinin tətbiq olunmasını, cavabdehin borcu qaytarmaması nəticəsində ona dəymiş maddi zərərin (kreditə hesablanmış faizlər) və mənəvi zərərin də ödənilməsi məsələsinə hüquqi qiymət verilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İddiaçı hazırkı iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında “dövlət rüsumunun ödəniş sənədi” göstərilmiş olsa da, onun tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı qəbz əlavə olunmamışdır. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı tərəfindən irəli sürülmüş tələblərin bəziləri qeyri-müəyyən şəkildə ifadə edilmişdir. Belə ki, iddiaçı cavabdehin borcu qaytarmaması nəticəsində ona dəymiş maddi zərərin (kreditə hesablanmış faizlər) və mənəvi zərərin də ödənilməsi məsələsinə hüquqi qiymət verilməsini xahiş etsə də, cavabdehdən hansı məbləğdə maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb etdiyini konkret şəkildə göstərməmişdir. Bu isə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləğinin müəyyənləşdirilməsində də qeyri-müəyyənliyə səbəb olur. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı zərurət yaranacağı təqdirdə, cavabdehin adına olan əmlaka və ya gəlir mənbələrinə yönəlik iddia təminatı tədbirinin tətbiq olunmasını xahiş etsə də, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə maraqlı şəxslər tərəfindən ayrıca icraatda verilir və məhkəmə tərəfindən də ayrıca icraatda baxılır. Qeyd edilənlərlə yanaşı, iddia ərizəsi onu vermiş şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. MPM-in 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və sair tələblərinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və sair tələblərinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-283/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-283/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver