Məhkəmə qərarları › İş №2(026)-291/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-291/2023

13.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-291/2023 13.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh torpaq satmaq adı ilə ondan aldığı 3000 manatın, 3000 manata görə 450 manat faizin, mənəvi zərərə görə 550 manatın və 60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh torpaq satmaq adı ilə ondan aldığı 3000 manatın, 3000 manata görə 450 manat faizin, mənəvi zərərə görə 550 manatın və 60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Cəmcəmli kəndində yaşayır. Qobustan şəhərində torpaq alıb özünə ev tikmək üçün torpaq sahəsi axtarmışdır. 2019-cu ilin son aylarında əvvəldən tanıdığı Qobustan şəhər sakini Cavabdeh ona atasının həyətinə bitişik 0,06 ha torpaq sahəsini ona 6000 manat müqabilində sata biləcəyini bildirsə də, 5700 manata razılaşmışlar. Rəfail ona həmin torpaq sahəsinin yalnız bələdiyyədən çıxarış olduğunu və bunla da həmin torpaq sahəsinin ona adına rəsmiləşdirilməyəcəyini də demişdir. Rəfailə 5700 manat puldan 3000 manat verəcəyini, qalan 2700 manatı isə torpağın onun adına rəsmiləşdirildikdən sonra verəcəyini demişdir. Bələdiyyədən olan çıxarışı və bələdiyyə qərarını verərək bir ay ərzində sənədləşməni bitirəcəyinə söz vermişdir. Cavabdehlə hər dəfə telefon əlaqəsi saxlayanda isə Rəfail ona “darıxma yaxın vaxtda düzələcək” desə də, sonradan onun telefon zənglərinə cavab verməmişdir. Rəfailə mesajlar yazmış, Rəfail isə ona mesaj yazaraq pulunu qaytaracağına söz vermiş və onun üstünə minnətə adam göndərərək pulunu qaytarmaq üçün 1-2 ay vaxt istəmişdir. 2022-ci ilin may ayına kimi gözləsə də Rəfail ona borcunu qaytarmamışdır. Buna görə də Qobustan rayon polis şöbəsinə getmiş və Rəfailin hərəkətlərindən şikayət etmişdir. Rəfail polis şöbəsində izahat verərək ona borclu olduğu 3000 manatı iyun ayında qaytaracağına söz vermişdir. Lakin bu günə kimi pulunu qaytarmır, telefon zənglərinə və mesajlarına cavab vermir. Ona görə də Cavabdeh torpaq satmaq adı ilə ondan aldığı 3000 manatın, 3000 manata görə 450 manat faizin, mənəvi zərərə görə 550 manatın və 60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Qobustan şəhəri T. İsmayılov küçəsində yerləşən və atası Sədaqət Sadayevin həyətinə bitişik olan 0,06 ha həyətyanı torpaq sahəsini Qobustan rayonunun Cəmcəmli kənd sakini İddiaçı ilə aralarında 5700 manata razılaşaraq satmaq istəmiş və 2019-cu ildə İddiaçı 3000 manat pul alaraq qalan pulu da torpağa dair sənədləri düzəldib Tahirin adına rəsmiləşdirilən zaman alacağını demişdir. Lakin sonradan atası ilə araların münasibət pozulduğundan evdən çıxmış və torpağa dair sənədləri də düzəldə bilməmişdir. İddiaçı borcu olduğu 3000 manat puldan 300 manat qaytarmışdır, Elçinə 2700 manat borcu qalmışdır. Həmin pulu hər ay hissə-hissə qaytaracaq. İddianın faiz hissəsi təmin olunsa da, lakin mənəvi hissəsinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddianın 3000 manat borc, 3000 manata görə 450 manat faiz və 60 manat rüsum tələbinə dair hissəsi təmin, mənəvi ziyan tələbinə dair hissəsi isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında bələdiyyə mülkiyyətinə dair 0,06 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin 09 dekabr 2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1 ünvanında bələdiyyə mülkiyyətinə dair 0,06 ha torpaq sahəsi vardır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, cavabdeh Sadayev X1 şəhəri T. İsmayılov küçəsində yerləşən və atası Sədaqət Sadayevin həyətinə bitişik olan 0,06 ha həyətyanı torpaq sahəsini 2019-cu ildə Qobustan rayonunun Cəmcəmli kənd sakini İddiaçı ilə aralarında 5700 manata razılaşaraq satmış, lakin torpağın mülkiyyətə dair heç bir sənədi olmadığından alqı-satqı rəsmiləşdirilməmişdir. Cavabdeh torpağa dair sənədləşmə işlərini aparacağına söz versə də, yerinə yetirmədiyindən İddiaçı Cavabdeh verdiyi pulu tələb etmişdir. Lakin Cavabdeh İddiaçı olan borcunu qaytarmamışdır. İddianın mənəvi zərərə görə 550 manat tələb olunması hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh hərəkətlərinin İddiaçı mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı üçün iddia həmin hissədə təmin edilə bilməz. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı mənəvi iztirab və sarsıntı keçirməsinə görə iddiaçının cavabdehdən mənəvi zərərlə əlaqədar 550 manat tələb hissəsi sübuta yetirilmədiyindən təmin olunmamalıdır. İddiaçı Cavabdeh hərəkətlərinin onun psixoloji sarsıntı keçirməsinə səbəb olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh dəymiş ziyana görə 3000 manat, 450 manat faiz və 60 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 3000 manat, 450 manat faiz və 60 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar