Məhkəmə qərarları › İş №2(026)-302/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-302/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-302/2025 08.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, iddiaçıların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16050 manat pulun alınıb İddiaçı1, ondan 2900 manat pulun alınıb İddiaçı2 verilməsi və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 gəmidə kapitan kimi çalışır. Onun idarə etdiyi gəmidə Cavabdeh aşpaz kimi çalışır. Bir gün cavabdeh onun yanına gəlib yalvararaq maddi dəstəyə ehtiyacı olduğunu bildirib ona borc verməsini xahiş etdi. İlk öncə tərəddüd etsə də, övladına vacib pul lazım olmasını bildirdikdə ürəyi dözməyib fikirləşmişdir ki, insandır, bu zamanda dəstək olsun, o da işləyib pulu qaytarar. Bundan sonra İddiaçı1 "xxxx" ASC-dən kredit götürərək 23 oktyabr 2023-cü il tarixdə 6000 manat və 14 dekabr 2023-cü il tarixdə 9700 manat cavabdehə nağd şəkildə pul vermişdir. Daha sonra cavabdeh ondan yenidən pul istəmiş, o da cavabdehin bank kartına 350 manat yenidən borc pul atmışdır. Ümumilikdə cavabdehin ona olan 16050 manat borcu nağd şəkildə və balansında vəsait olan bank kartına köçürülməklə təqdim olunmuşdur. Bu fakt cavabdehin onun və ailə üzvləri ilə telefon danışıqlarında səs yazısı ilə təsdiq olunur. Aralarında olan razılaşmaya əsasən cavabdeh borc məbləğini tez bir zamanda onun alacağı aliment və aylıq aldığı əmək haqqı ilə tam şəkildə geri qaytarmalı idi. Lakin cavabdeh bu günədək öz öhdəliyini icra etməmiş, dəfələrlə verdiyi vədlərə baxmayaraq borc vəsaitini qaytarmamışdır. O, cavabdehə qarşı dəfələrlə könüllü ödəniş çağırışları etmiş, özü və ailə üzvləri əlaqə saxlamış, güzəştli şərtlər təklif etmişdir ki, borcu tam geri qaytarsın. Hətta borcun mərhələləli şəkildə qaytarılmasına da razılıq vermişdir. Lakin cavabdehin bu davranışları borcun geri qaytarılması istiqamətində real istək olmadığını ortaya qoymuşdur. 10 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis əməkdaşı cavabdehi polis bölməsinə dəvət etmiş, izahatı alınmış, izahatda da borcunu etiraf etmişdir. Polis rəisi bu məsələnin mülki xarakterli olduğu məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Eyni zamanda, məhkəmə tərəfindən sorğu olunduğu halda sənədlərin məhkəməyə göndərilməsinin təmin ediləcəyi bildirilmişdir. Cavabdehdən pulu qaytarmasını tələb etsə də, o, “get ver məhkəməyə” deyərək borcu qaytarmaqdan imtina edir. Eyni zamanda, cavabdehin hazırda çalışdığı “Gurban Abbasov” gəmisi (gəminin qeydiyyat nömrəsi – **********) Bibiheybət Gəmi Təmiri zavodundadır. Bunu gəminin üzərində olan GPS də təsdiq edir. Qeyd edilənlərlə yanaşı, digər İddiaçı2 xəbər tutmuşdur ki, Cavabdeh atası İddiaçı1 müxtəlif vaxtlarda 9700 manat, 6000 manat və 350 manat olmaqla, ümumilikdə 16050 manat borc pul almışdır. O, bu borcun bəzisini nağd, bəzisini isə atasına məxsus bank kartından şəxsən çıxarmaqla istifadə etmişdir. Bununla bağlı özü cavabdehə zəng vurmuş və həmin zəngi qeydə almışdır. Bu zaman cavabdehdən atasından aldığı borcları soruşduqda o, borcları etiraf etmişdir. Lakin yalandan borcdan ödənişlər etdiyini bildirmişdir. Halbuki təqdim edilən kredit məlumatlarından görünür ki, borcdan 1 manat da olsun ödənilməmişdir. Əksinə, atasının əmək haqqından tutulmalar aparılır. Eyni zamanda, qeydə aldığı danışıqda cavabdeh bildirir ki, borcdan ödənişlər edir, lakin Yasamal RPİ-də verdiyi izahatda bildirir ki, borcdan ödənişlər etməmişdir. Həmçinin videodiskdə atasına məxsus bank kartlarının onda olduğunu etiraf edərək pulu çıxarıb ehtiyaclarına sərf etdiyini bildirir. Xahiş edir ki, təqdim etdiyi həmin diskə ətraflı baxış keçirilsin. Bundan sonra cavabdeh yenidən atasından 5000 manat borc pul istəmiş, bu zaman gəlib hədsiz yalvar-yaxar etmiş, gəmidə işləyən şəxslər Səidə və Samiqə vacib pul lazım olduğunu bildirmişdir. Onlar qorxmuşdur ki, cavabdehi borclarından dolayı işdən çıxararlar və verdikləri pulu ala bilməzlər. Ona görə də ona 5000 manat pulun verilməsinə də razılaşdılar. Atası İddiaçı1 İddiaçı2 bildirmişdir ki, cavabdehə 5000 manat borc versin. O da əlbəəl cavabdehə 5000 manat borc pul vermişdir. Bu məsələ artıq şişəndən sonra Samiq ona yaxınlaşıb cavabdehin ona 1300 manat pul verdiyini bildirib həmin pulu İddiaçı2 qaytarmışdır. Səidə Şükürova da cavabdehin ona cəmi 800 manat pul verdiyini və həmin 800 manatı istənilən vaxt qaytaracağını bildirir. Belə olan halda cavabdehin İddiaçı2 verdiyi 5000 manat üzrə ödənilməmiş 2900 manat borcu qalmışdır. Səidə Şükürova və Samiq adlı şəxslər atasının kapitanı olduğu gəmidə işləyirlər. Daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, Cavabdeh 16050 manat əsas borc və 3000 manat faiz borcu olmaqla, 19050 manat pulun alınıb İddiaçı1, cavabdehdən 2900 manat pulun alınıb İddiaçı2 verilməsi və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 9700 manat, 6000 manat və 350 manat olmaqla, 16050 manat ümumilikdə borcu "xxxx" ASC-dən kredit kartı ilə cavabdehə vermiş, o isə həmin kartdan çıxarıb götürüb xərclərinə sərf etmişdir. Hal-hazırda həmin karta əlavə faiz hesablanmaqdadır. Cavabdeh 22 avqust 2025-ci il tarixdə Qobustan Rayon Məhkəməsinə yazılı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 ona qarşı iddialarını qismən qəbul edir. İddiaçı2 aldığı 5000 manat borcun 2100 manat hissəsini qaytarmışdır və hal-hazırda ona 2900 manat borcu var. İddiaçı1 isə 9700 manat borcu olduğunu etiraf edir. Lakin həmin məbləğdən təxminən 5000 manata yaxın pulu ona qaytarmışdır. Pulu qaytarmağı ilə bağlı sənədi yoxdur. Həmçinin bildirmişdir ki, qeyri-rəsmi ər-arvad kimi yaşadıqlarına görə İddiaçı1 ona 3 il ərzində kiçik məbləğlərdə pullar vermiş, lakin həmin pulları borc kimi yox, sanki həyat yoldaşı kimi xərcləməsi üçün vermişdir. 6000 manat və 350 manat borc verməsi barədə İddiaçı1 iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil, həmin hissədə iddianı qəbul etmir. Növbəti iclasın iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini bildirərək orada göstərilənlərə uyğun çıxış etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclaslarında şəxsən iştirak etməmişlər. Məhkəmə işə tərəflərin şəxsən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsini dinləyib, iddia ərizəsini nəzərdən keçirib, cavabdehin iddia ərizəsinin qismən qəbul edilməsinə dair ərizəsini nəzərə alıb, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin 08 aprel 2025-ci il tarixli hesabdan çıxarışlarından görünür ki, İddiaçı1 tərəfindən həmin bankdan müxtəlif kredit məbləğləri götürülmüşdür. İddia ərizəsində İddiaçı1 Yasamal RPİ-nin 26-cı Polis bölməsinə 10 yanvar 2025-ci il tarixdə müraciət etdiyi və həmin müraciət üzrə araşdırma aparıldığı qeyd edilmişdir. Daha sonra İddiaçı1 həmin materialın tələb edilərək alınması ilə bağlı məhkəməyə 19 avqust 2025-ci il tarixdə yazılı vəsatətlə müraciət etmişdir. Onun vəsatəti əsasında sorğu edilərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsində aparılmış araşdırma materialının kserosurətləri əldə edilmişdir. Həmin materiala əlavə olunmuş və İddiaçı1 tərəfindən verilmiş X-1368 saylı, 10 yanvar 2025-ci il tarixli ərizənin baxılmasının nəticəsinə dair arayışdan görünür ki, İddiaçı1 10 yanvar 2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-yə ərizə ilə müraciət edərək, təxminən 2023-cü ildə iş yoldaşı Mingəçevir şəhər sakini Cavabdeh ayrı-ayrı vaxtlarda onun adına bankdan pul götürdüyünü, bank hesabı onun adına olduğu üçün bütün aylıq kreditin onun maaşından çıxdığını və ümumilikdə vətəndaş Cavabdeh ona 17000 manat borcu olduğunu, lakin ödəmədiyini bildirmişdir. Daxil olmuş məlumatın yoxlanılması nəticəsində vətəndaş Cavabdeh ərizə və izahat almaq məqsədi ilə istifadəsində olan mobil telefonla dəfələrlə əlaqə saxlanılmış, lakin vətəndaş telefona cavab verməmişdir. Vətəndaş İddiaçı1 müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyəti üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin rəisi Rəşad Əhmədzadə tərəfindən İddiaçı1 12 fevral 2025-ci il tarixli məktub ünvanlanaraq, onun 10 yanvar 2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-yə daxil olmuş müraciətinin araşdırıldığı bildirilmiş, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün aidiyyəti üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçıların hazırkı tələbləri bir neçə hissədən ibarətdir: 1) İddiaçı1 tərəfindən 23 oktyabr 2023-cü ildə Cavabdeh verilmiş 6000 manat borcun cavabdehdən tutulması; 2) İddiaçı1 tərəfindən 14 dekabr 2023-cü ildə cavabdehə verilmiş 9700 manat borcun cavabdehdən tutulması; 3) daha sonra İddiaçı1 tərəfindən cavabdehin kartına köçürülməklə verilmiş 350 manat borcun cavabdehdən tutulması; 4) İddiaçı1 tərəfindən götürülmüş kreditə görə hesablanmış 3000 manat faiz borcunun cavabdehdən tutulması; 5) İddiaçı2 tərəfindən cavabdehə verilmiş 5000 manat məbləğində borcun ödənilməmiş 2900 manat hissəsinin cavabdehdən tutulması; 6) iddia ərizəsinin verilməsinə görə ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun iddiaçıların xeyrinə cavabdehdən tutulması. Məhkəmə ilk növbədə iddia tələbinin İddiaçı1 tərəfindən 23 oktyabr 2023-cü ildə cavabdehə verildiyi iddia edilən 6000 manat məbləğində borcun və daha sonra ona kart vasitəsilə verildiyi iddia edilən 350 manat məbləğində borcun cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə bildirir ki, həmin hissələrdə iddiaçı tərəf öz tələbinin əsaslılığını təsdiq edən hər hansı sübut təqdim etməmiş, cavabdehə həqiqətən də həmin tarixdə 6000 manat məbləğində və daha sonra 350 manat məbləğində pulun verilməsini və bunun borc olaraq verilməsini təsdiq edə bilməmişdir. Cavabdeh isə iddiaya yazılı qaydada münasibətini bildirdikdə həmin hissədə iddianı qəbul etməyərək, ona 6000 manat və 350 manat məbləğində borc verilmədiyini bildirmişdir. Həmçinin cavabdeh İddiaçı1lə bir müddət qeyri-rəsmi ər-arvad kimi yaşadıqlarına görə 3 il ərzində İddiaçı1 ona kiçik məbləğlərdə pul verdiyini, lakin həmin pulları borc kimi yox, sanki həyat yoldaşı kimi xərcləməsi üçün verdiyini qeyd etmişdir. Göründüyü kimi, İddiaçı1 cavabdehə 23 oktyabr 2023-cü ildə 6000 manat məbləğində və daha sonra 350 manat məbləğində pul verməsi ilə yanaşı, verdiyini iddia etdiyi həmin məbləği borc olaraq verməsini də sübuta yetirə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə görə öz tələbinin əsasını təşkil edən halları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, həmin hissələrdə iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. İddia tələbinin digər hissəsi İddiaçı1 tərəfindən 14 dekabr 2023-cü ildə cavabdehə verilmiş 9700 manat borcun cavabdehdən tutulması ilə bağlıdır. İddiaçı1 tərəfindən cavabdehə həmin tarixdə 9700 manat məbləğində borcun verilməsi cavabdehin özü tərəfindən də məhkəməyə təqdim edilmiş ərizədə etiraf olunmuşdur. Cavabdeh həmin 9700 manat borc məbləğindən təxminən 5000 manata yaxın pulu İddiaçı1 qaytardığını bildirsə də, həmin məbləğdə pulu qaytarmasına dair sübutu olmadığını qeyd etmişdir. Lakin MPM-in 106.3-cü maddəsinə uyğun olaraq İddiaçı1 ona 9700 manat məbləğində borc verməsi faktını cavabdehin etiraf etməsi iddiaçını bu faktı sübuta yetirmək vəzifəsindən azad etsə də, cavabdeh həmin puldan 5000 manat yaxın hissəsini geri qaytarması ilə bağlı etirazının əsasını təşkil edən halları özü sübuta yetirmək vəzifəsi daşıyır. Lakin cavabdeh 5000 manata yaxın borcu qaytarmasına dair hər hansı bir sübutu olmadığını qeyd etməklə sübut təqdim etmədiyindən öz üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Buna görə də məhkəmə bildirir ki, iddia tələbi bu hissədə əsaslıdır və cavabdehin İddiaçı1 ödənilməmiş 9700 manat məbləğində borcunun mövcudluğu müəyyən edilir. Həmçinin İddiaçı1 iddia tələbində cavabdehə verilmiş borc məbləğinin "xxxx" ASCdən kredit götürülməklə verildiyini bildirərək, cavabdeh tərəfindən borcun vaxtında qaytarılmaması səbəbi ilə 3000 manat məbləğində banka faiz borcunun yarandığını əsas gətirib həmin 3000 manat məbləğində faiz borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, İddiaçı1 hansı mənbədən pul əldə etməklə cavabdehə borc kimi verməsinin cavabdehin məsuliyyəti məsələsinin həll edilməsinə hər hansı təsiri yoxdur. Əgər iddiaçının həmin vaxt iddia etdiyi kimi borc vermək üçün vəsaiti olmadığı təqdirdə, cavabdehə hər hansı borc verməmək imkanı da mövcud olmuşdur. Cavabdeh də özünün iştirakçısı olmadığı kredit müqaviləsindən irəli gələn faiz ödənişlərini icra etmək məcburiyyəti daşımır. Bu səbəbdən də iddiaçının cavabdehə borc vermək üçün bankdan götürülmüş kredit məbləğinə hesablanmış faizlərin cavabdehdən tutulmasına dair tələbi əsaslı hesab oluna bilməz və həmin 3000 manata dair hissədə iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. İddia tələbinin növbəti hissəsi İddiaçı2 tərəfindən cavabdehə verilmiş 5000 manat məbləğində borcun ödənilməmiş 2900 manat hissəsinin cavabdehdən tutulması ilə bağlıdır. İddiaçı2 cavabdehə 5000 manat məbləğində borc verdiyini, cavabdehin həmin məbləğdən yalnız 2100 manat hissəsini qaytardığını, qalan 2900 manatın isə ödənilmədiyini bildirmişdir. Cavabdeh də iddiaya münasibətini yazılı qaydada bildirdiyi ərizəsində qeyd etmişdir ki, İddiaçı2 aldığı 5000 manat borcun 2100 manat hissəsini qaytarmışdır və hal-hazırda ona 2900 manat borcu var. Göründüyü kimi, İddiaçı2 cavabdehə 5000 manat məbləğində borc verməsi, cavabdehin həmin borcdan 2100 manat hissəsini qaytarması və hazırda İddiaçı2 2900 manat məbləğində borcunun qalması barəsində tərəflər arasında hər hansı bir mübahisə yoxdur, cavabdehin iddianı həmin hissədə etiraf etməsi də iddiaçını həmin hissədə tələbini sübuta yetirmək vəzifəsindən azad edir. Bu səbəbdən də məhkəmə iddianın həmin hissədə əsaslı olduğu qənaətinə gəlir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddia ərizəsində 10 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə şikayət ərizəsi ilə müraciət edildiyi, polis əməkdaşının cavabdehi polis bölməsinə dəvət etdiyi, izahatı alındığı və izahatda da borcunu etiraf etdiyi qeyd olunsa da, sorğu vasitəsilə Yasamal RPİ-nin 26-cı PB-dən əldə edilmiş materiallardan cavabdehin telefonlara cavab vermədiyi və izahat vermək üçün bölməyə gəlmədiyi müəyyən olunur. Göründüyü kimi, iddia ərizəsində göstərilən bu dəlil əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 14 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı1 tərəfindən 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə bildirir ki, iddia tələbinin təmin olunmuş hissəsinin məbləğinə mütənasib olaraq iddia tələbi dövlət rüsumu tələbinə dair hissədə qismən təmin edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat cavabdehdən tutularaq İddiaçı1 ödənilməli, qalan hissədə həmin tələb təmin olunmamalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9700 manat məbləğində pul alınıb İddiaçı1, həmçinin Cavabdeh 2900 manat məbləğində pul alınıb İddiaçı2 verilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı1 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9700 manat məbləğində pul alınıb İddiaçı1, həmçinin Cavabdeh 2900 manat məbləğində pul alınıb İddiaçı2 verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar