Məhkəmə qərarları › İş №2(026)-306/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-306/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-306/2021 16.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, X1 katibliyi ilə, Cavabdeh3 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı 19 sentyabr 2019-cu il tarixli 017R**********0 saylı kredit razılaşması üzrə 545,25 manat kredit borcu, 103,27 manat faiz borcu və 196 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı QSC-yə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 sentyabr 2019-cu il tarixli 017R**********0 saylı kredit razılaşması üzrə 545,25 manat kredit borcu, 103,27 manat faiz borcu və 196 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı QSC-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 19 sentyabr 2019-cu il tarixli 017R192628100 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, illik faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19 noyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 1454,75 manat ödəmiş, onun 545,25 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılanadək hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05 iyul 2021-ci il tarixə 257 gün üçün hesablanmış faiz borcu 103,27 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödənilməlidir. 05 iyul 2021-ci il tarixə 257 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 196 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən yayınmışdır. Ona görə də cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 sentyabr 2019-cu il tarixli 017R**********0 saylı kredit razılaşması üzrə 545,25 manat kredit borcu, 103,27 manat faiz borcu və 196 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. AccessBank” ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iş üzrə iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 izahatında göstərdi ki, İddiaçı QSC ilə aralarında bağlanmış 19 sentyabr 2019-cu il tarixli uzunmüddətli kredit razılaşmasına əsasən bankdan 2000 manat kredit götürmüşdür. Əvvəllər banka olan borcunu vaxtında və lazımı qaydada ödəmişdir. Musiqiçi olduğundan pandemiya dövründə işləyə bilmədiyindən banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, Cavabdeh3 qızının izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 19 sentyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, illik faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh Cavabdeh3 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, Cavabdeh3 götürdüyü kredit borcundan 1454,75 manat ödəniş etmiş, onun banka 545,25 manat borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən yayınmışdır. Cavabdehlərin 19 sentyabr 2019-cu il tarixli 017R**********0 saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 545,25 manat kredit, 103,27 manat faiz və 196 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə X2 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC ilə X2 arasında 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə X2 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasından görünür ki, X2 12 ay müddətinə, aylıq faiz dərəcəsi 0,088% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 017S**********803 və 017S**********02 saylı zaminlik müqavilələrindən göstərilir ki, AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş 10 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 sentyabr 2019-cu il tarixli 017R**********0 saylı kredit razılaşması üzrə 545,25 manat kredit, 103,27 manat faiz, 196 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 sentyabr 2019-cu il tarixli 017R**********0 saylı kredit razılaşması üzrə 545,25 manat kredit, 103,27 manat faiz, 196 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar