Məhkəmə qərarları › İş №2(026)-35/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-35/2022

13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-35/2022 13.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı 160 manat məbləğində dəymiş maddi ziyan, ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh iri buynuzlu heyvanları tərəfindən əkin sahəsinin yararsız hala salınmasına görə 160 manat məbləğində dəymiş maddi ziyan, ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Xilmilli kəndində yaşayır. Özünə və ailə üzvlərinə aid 12,3803 ha əkinə yararlı pay torpaq sahələri vardır. Həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən torpağın planı və ölçüsünü təsdiq edən A seriyalı 400888 saylı sənədi vardır. Həmin torpaq sahəsini istifadə edir və arpa-buğda əkir. Xilmilli kənd sakini Cavabdeh “Sündü arası” adlanan ərazidə ona və ailə üzvlərinə məxsus 12,38 hektar əkin sahəsinə iri buynuzlu heyvanları salaraq tapdalatmış və 5 müxtəlif yerlərdən cığırlar açılmışdır. Onun heyvanları əkin sahəsinə salması və yararsız hala salması nəticəsində ona 160 manat maddi ziyan dəymişdir. Həmin sahəyə Xilmilli kənd icra nümayəndəsinin və kənd bələdiyyəsinin mütəxəssislərini apararaq sahəyə baxış keçirərək akt tərtib edilmiş və ona 160 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Dəymiş ziyanı Cavabdeh dəfələrlə istəsə də o dəymiş ziyanı veməyəcəyini bildirmişdir. Ona görə də Cavabdeh iri buynuzlu heyvanlarının ona məxsus taxil sahəsinə girib yararsız hala salınması nəticəsində dəymiş 160 manat ziyanın, 20 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik xidmət haqqının cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. X1 məhkəməyə izahat verərək göstərdi ki, Qobustan rayon DAİM-nin böyük sektorunun baş məsləhətçisi-aqronomu vəzifəsində işləyir. Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən və İddiaçı məxsus taxıl sahəsinə iri buynuzlu mal-qaranın girməsi, taxıl sahəsinin tapdanılaraq yararsız hala salınması nəticəsində İddiaçı 160 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur. X2 məhkəməyə izahat verərək göstərdi ki, Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən və İddiaçı məxsus taxıl sahəsinə iri buynuzlu mal-qaranın girməsi, taxıl sahəsinin tapdanılaraq yararsız hala salınması nəticəsində maddi ziyan dəymişdir. Həmin heyvanların isə kənd sakini Cavabdeh məxsus olduğu aydın olmuşdur. Qobustan rayon Kənd Təsərrüfatı İdarəsindən mütəxəssisi Atamoğlan Eminovla birlikdə taxıl sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin yararsız hala salınması nəticəsində İddiaçı 160 manat ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçının və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən verilmiş 31 iyul 2019-cu il tarixdə tərtib edilmiş A 400888 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, İddiaçı mülkiyyətinə Qobustan rayonun Xilmilli kəndi ərazisindən 12,3803 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarına əlavə olunmuş Qobustan rayonu DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi Atamoğlan Eminov, DAİM-in bitkiçilik sektorunun məsləhətçisi Mirzəbəy Mirzəhmədov, Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Bayramov, Xilmilli bələdiyyəsinin sədri Namiq Mirzəyev və Xilmilli kənd sakini İddiaçı tərəfindən 23 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş və Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, İddiaçı müraciəti ilə əlaqədar olaraq ona məxsus “Sündü arası” adlanan sahədə yerləşən şumlanmış 12,38 hektar torpaq sahəsinə baxış keçirilərkən 12,38 ha torpaq sahəsinə iri buynuzlu heyvanlar girməsi, şumu tapdalayıb və 5 müxtəlif istiqamətdən sahəyə cığır açması müəyyən olunmuşdur. Ümumilikdə çəkilmiş xərcləri nəzərə alaraq sahibkara 160 manat məbləğində ziyan dəymişdir. Müəyyən olundu ki, Xilmilli kənd sakini Cavabdeh iri buynuzlu heyvanlarının “Sündü arası” adlanan ərazidə İddiaçı və ailə üzvlərinə məxsus 12,38 hektar əkin sahəsini tapdalayıb yararsız hala salması nəticəsində iddiaçıya 160 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Həmin Məcəllənin 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 160 manat məbləğində dəymiş maddi ziyan, ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınaraq İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 160 manat məbləğində dəymiş maddi ziyan, ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar