Məhkəmə qərarları › İş №2(026)-353/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-353/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-353/2025 13.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “11600 manat pul tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Əzizov X1 RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı Cavabdeh qarşı “ona dəymiş 11600 manat qismində pul tələbi barədə” əlyazma şəklində iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Xalıq Hüseynovun 2022-ci ildə verdiyi izahatına əsasən usta Elburusun sexində maşını təmir etdirdikdən sonra evə saat neçədə getməsi barədə Qədirov Elburusdan izahat alınmasını, ona əsasən qanuni işə baxılmasını, ona dəyən ziyanın bu cinayət işini ört-basdır edən təhqiqatçı Cavabdeh tərəfindən ödənilməsini, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Lakin hazırda iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd edilən Cavabdeh barəsində məlumatlar natamam göstərilmiş, onun atasının adı və ünvanı qeyd edilməmişdir. Belə olan halda isə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh qeydiyyat ünvanını və təqdim edilən iddianın ərazi aidiyyəti baxımından Qobustan Rayon Məhkəməsinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, MPM-in 149.2.3-cü və 149.2.5-ci maddələrinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, həmçinin ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin hazırkı halda iddiaçı sadəcə iddiasının başlıq hissəsində “ona dəymiş 11600 manat qismində pul tələbi barədə” qeyd etmiş olsa da, iddia ərizəsinin tələb hissəsində öz tələbinin konkret nədən ibarət olmasını qeyd etməmiş, ümumi sözlərlə Cavabdeh tərəfindən ona vurulmuş zərərin ödənilməsini xahiş etmiş, bununla yanaşı, öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən hər hansı bir sübut qeyd etməyərək, ərizəsində sübutların siyahısını və ya ərizəyə əlavə edilən sənədlərin siyahısını da göstərməmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, MPM-in 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Məhkəmə iddiaçının hazırda tələb etdiyi məbləğin 11600 manat olduğunu düşünərək bildirir ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 11600 manat məbləğində pul tələbinə dair iddia ərizəsinin verilməsinə görə 124,8 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, bu vəzifəsini də yerinə yetirməmişdir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “11600 manat pul tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar