Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-355/2024 09.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “VAZ-21104” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq Cavabdeh 3224,58 manat məbləğində pulun, ödənilmiş 53 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilən 300 manat ödənişin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 oktyabr 2023-cü il tarixində, saat 18:22 radələrində Qəbələ şəhəri, 28 May küçəsi ərazisində “Şahdağ” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən nizamlanan yolayrıcında Cavabdeh idarə etdiyi “Mercedes Benz C230” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Qəbələ rayonu, Həmzəli kəndi istiqamətində hərəkətdə olan X4 idarə etdiyi “Mercedes Benz E230” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, toqquşmanın təsirindən “Mercedes Benz E230” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Şahdağ” adlı yanacaqdoldurma məntəqəsinin duracağında olan iddiaçıya məxsus “VAZ 21104” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı və digər X5 məxsus “VAZ 2106” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuşdur. Faktla bağlı Qəbələ RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və 19 dekabr 2023-cü il tarixli qərar ilə yol-nəqliyyat hadisəsini törətmiş “Mercedes Benz C230” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməklə (barışıq olduğuna görə) o, cinayət məsuliyyətindən azad edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmaqla məsuliyyətə cəlb olunmuşdur. “VAZ 21104” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3, “VAZ 2106” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 və “Mercedes Benz E230” minik markalı, **-KM- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 məxsus avtomobillərə maddi ziyan vurulması ilə bağlı mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “VAZ 21104” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili “Şahdağ” adlı yanacaqdoldurma məntəqəsinin duracağına oğlu X8 iddiaçı tərəfindən verilən sürücülük etibarnaməsi əsasında idarə edərək, saxladığından sənədləşmə işlərində oğlunun, yəni X2 adı qeyd olunmuşdur. Yol-nəqliyyat hadisəsindən sonra hadisəni törədən təqsirli şəxs Cavabdeh nəqliyyat vasitəsi “Azərsığorta” sığorta şirkəti tərəfindən icbari sığortalı olduğundan və aralarında bağlanılmış sığorta müqaviləsinə əsasən 5000 manat məbləğində ödəniş zərərçəkmiş şəxslərin nəqliyyat vasitələrinə dəymiş maddi ziyanın məbləğinə uyğun mütənasib şəkildə bölünməklə iddiaçıya düşən 1795,42 manat şirkət tərəfindən ödənilmişdir. Lakin iddiaçıya məxsus “VAZ 21104” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “Azərsığorta” sığorta şirkəti tərəfindən dəymiş zərərin hesablanmasına dair akta əsasən 5020 manat məbləğində müəyyən edilmişdir. Ona görə də avtoqəza nəticəsində iddiaçıya məxsus “VAZ 21104” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanmasına dair akta əsasən 5020 manat maddi ziyanın cavabdeh tərəfindən ödənilməyən 3224,58 manat hissəsi məcburi qaydada alınaraq iddiaçıya verilməlidir. Qarşı tərəf ilə dəymiş zərərin əvəzinin ödənilməsinə dair əlaqə saxlaya bilmədiyindən (əlaqə nömrəsi bağlı olduğundan) qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, o, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan avtomobilə dəymiş zərərin məbləğinin 24 sentyabr 2024-cü il tarixli ekspert rəyinə uyğun olaraq hesablanıb cavabdehdən tutulmasına da razıdır. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmənin 18 noyabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona inzibati cərimə tətbiq olunmuş və sürücülük vəsiqəsinə 3 bal yazılmışdır. Qeyd etmişdir ki, ekspert rəyində göstərilən məbləği yalnız hissə-hissə iddiaçıya ödəyə bilər. Məhkəmənin baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmənin baxış iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Qəbələ RPŞ-nin 19 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə saat təxminən 19 radələrində Qəbələ şəhəri, 28 May küçəsi ərazisində “Şahdağ” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən nizamlanan yolayrıcında Cavabdeh idarə etdiyi “Mercedes Benz C230” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Qəbələ rayon Həmzəli kəndi istiqamətində hərəkətdə olan X4 idarə etdiyi “Mercedes Benz E230” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcında toqquşmuş, toqquşmanın təsirindən yanacaqdoldurma məntəqəsinin duracağında olan X3 məxsus “VAZ 21104” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı və X5 məxsus “VAZ 2106” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuşdur. Həmin qərarla HK-1/1592 və HK-1/1595 saylı material üzrə yol-nəqliyyat hadisəsi törətmiş sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməklə o, cinayət məsuliyyətindən azad edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin DYPB-yə verilməsi qərara alınmışdır. İşdə surəti olan Qəbələ RPŞ-nin 25 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh barəsində tərtib edilmiş İXP5922911 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, Cavabdeh 18 oktyabr 2023-cü il tarixində saat 19:00-da Qəbələ şəhəri, 28 May küçəsində “Mercedes Benz C230” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşdən görünür ki, həmin cərimə məbləği artıq ödənilmişdir. İşdə surəti olan AD 213967 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BK-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21104” minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İşdə surəti olan Qəbələ şəhər fərdi avtomobillərə texniki xidmət stansiyasının üzvləri tərəfindən tərtib olunmuş 29 noyabr 2023-cü il tarixli ziyan aktından görünür ki, **- BK-*** dövlət nömrə nişanlı avtomobilə ilkin baxış nəticəsində avtomobilə dəymiş zərərin məbləği 5020 manat müəyyən edilmişdir. İşdə surəti olan “Azərsığorta” sığorta şirkətinin 02 aprel 2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan və ona əlavədən görünür ki, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 5020 manat təşkil edir. Sığorta şirkəti tərəfindən **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 42,92 manat, **- KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3054,36 manat, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1795,42 manat, yanacaqdoldurma məntəqəsinə 107,30 manat sığorta məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə surəti olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin X3 ünvanlanmış 25 aprel 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, 18 oktyabr 2023cü il tarixində Qəbələ rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (ləğv prosesində) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Mercedes Benz C230” markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş, bu sığorta hadisəsi nəticəsində “VAZ 21104” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı 5020 manat məbləğində müəyyən edilmişdir. İşdəki 24 sentyabr 2024-cü il tarixli, 9/6402 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan 29 noyabr 2023-cü il tarixində tərtib edilmiş qüsur aktında 2007-ci il buraxılışlı, “VAZ 21104” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3360 manat məbləğində olduğu müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Azərsığorta” tərəfindən tərtib edilmiş qüsur aktında 2007-ci il buraxılışlı, “VAZ 21104” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3425 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki 08 iyun 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdəki 10 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, göstərilən hüquqi yardıma görə İddiaçı tərəfindən 300 manat məbləğində xidmət haqqı Vəkil hesabına köçürülmüşdür. İş materialları ilə müəyyən edilir ki, 18 oktyabr 2023-cü ildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində cavabdeh idarə etdiyi “Mercedes Benz C230” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə, bir sıra digər avtomobillərə və yanacaqdoldurma məntəqəsinə, eyni zamanda iddiaçıya məxsus “VAZ 21104” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçının avtomobilinə dəymiş zərərin 1795,42 manat hissəsi cavabdehin məsuliyyətinin icbari sığortasını həyata keçirmiş sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda işin mübahisəli halı iddiaçının avtomobilinə vurulmuş zərərin məbləği və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği ilə bağlıdır. İddiaçı tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair zərər aktları əsasında nəzəri hesablama yolu ilə məhkəmə tərəfindən ekspert rəyinin alınması təmin edilmiş, 24 sentyabr 2024-cü il tarixli, 9/6402 nömrəli ekspert rəyi iş materiallarına əlavə edilmişdir. Məhkəmə ekspert rəyində göstərilən zərər məbləğləri içərisində daha yüksək zərər məbləğinin üstün tutulmasını düzgün hesab edir. Belə ki, nəzəri hesablama yolu ilə müəyyən edilmiş zərər məbləği iş materiallarında olan “Azərsığorta” tərəfindən tərtib edilmiş qüsur aktında göstərilənlərə əsaslanmış və 2007-ci il buraxılışlı, “VAZ 21104” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 3425 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı ekspert rəyində göstərilən zərər məbləği ilə razılaşdığını bildirmiş, cavabdeh də 18 noyabr 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında ekspert rəyində göstərilən məbləği hissə-hissə ödəyə biləcəyini qeyd etməklə onunla razılaşmışdır. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin 3425 manat olduğu müəyyən olunur. Bundan əlavə, iş materiallarından, eləcə də, iddia ərizəsindən də göründüyü kimi, avtomobilinə dəymiş ziyana görə iddiaçıya sığorta şirkəti tərəfindən 1795,42 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda isə cavabdehdən iddiaçının avtomobilinə vurulmuş zərərə görə tutulmalı olan pulun məbləği müəyyənləşdirilərkən avtomobilə vurulmuş zərərin məbləğindən həmin sığorta ödənişinin məbləği çıxılmalıdır. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə 1629,58 manat (3425 manat – 1795,42 manat) pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 27 manat hissəsi cavabdehdən tutularaq ona ödənilməli, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə tələb olunan hüquqi yardım xərci məbləğini işin hallarını nəzərə alaraq ağlabatan hesab edir və bildirir ki, göstərilən hüquqi yardımın əvəzi olaraq 300 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə bildirir ki, 24 sentyabr 2024-cü il tarixli, 9/6402 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə 1629,58 manat məbləğində pul, göstərilən hüquqi yardıma görə 300 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə 1629,58 manat məbləğində pul, göstərilən hüquqi yardıma görə 300 manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 24 sentyabr 2024-cü il tarixli, 9/6402 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-355/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-355/2024
09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver