Məhkəmə qərarları › İş №2(026)-382/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-382/2025

21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-382/2025 21.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri səbəbindən onlara dəymiş 11220 manat maddi ziyanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh el adəti ilə övladı X1 ilə İddiaçı1 ailə qurması üçün 2022-ci ildə onlara elçi gəlmiş və o da razılıq vermişdir. Lakin həmin vaxt xx xxxxxx 2006-cı il təvəllüdlü İddiaçı1 16 yaşı, yəni azyaşlı olduğuna görə qarşı tərəf oğlan toyunu rəsmiləşdirmək üçün 2024-cü ilədək gözləməli oldu. Oğlan toyuna bir neçə gün qalmış cavabdehin günahından onların arasında yaranacaq qohumluq münasibətləri pozulmuş və nəticədə iddiaçılara 11220 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh tərəf nikahın rəsmiləşdirilməsini və oğlan toyunu həyata keçirməmiş, bu izdivacı birtərəfli qaydada pozmuşdur. İddiaçılar 4700 manatlıq mebel əşyalarını cavabdehə məxsus evdə quraşdırmışdır. Aralarında qohumluq əlaqəsinin təməli qoyulduğuna görə hər il bayram və ad günlərində cavabdeh tərəf xeyli sayda adamla birgə onlara qonaq gəlirdi. İddiaçı1 azyaşlı olduğu müddətdə onun üçün 2022-ci ilin mart ayında keçirilmiş nişan mərasimində oğlan tərəfdən onlara 50 nəfər qonaq gəmişdir, bu zaman 1 dana kəsərək əlavə 1300 manat xərci çıxmışdır. Kəsdikləri 70 kq çəkidə olan dana isə 600 manat dəyərindədir. 2022-ci ilin Qurban bayramında cavabdeh tərəfdən onlara 30 nəfər qonaq gəldiyinə görə 600 manat xərcləri çıxmışdır. Yeni ildə cavabdeh tərəf qonaq gəldi deyə 350 manat xərc çıxmışdır. 2023-cü ilin 18 yanvarında (ad günü) 8 nəfər qonaq gəlmiş, 250 manat xərc çıxmışdır. 2023-cü ilin 8 mart günündə cavabdeh tərəfdən 10 nəfər qonaq gəlmiş, 270 manat xərc çıxmışdır. 20 mart 2023-cü il tarixdə oğlanın ad günündə iddiaçı tərəfdən onlara qonaq getmiş, 200 manat da buna xərc çəkilmişdir. 2023cü ilin Qurban bayramında cavabdeh tərəf 4 nəfər ailəlikcə onlara qonaq gəlmiş, buna da 150 manat xərc çıxmışdır. 21 may 2023-cü ildə qız toyunda 2500 manat ətə pul verilmiş, aşıqlara və qalan ehtiyatlar üçün cəmi 4500 manat xərc çıxmışdır. Qız toyuna cavabdeh tərəfdən 80 nəfər adam gəlmişdir. Oğlan üçün nişan üzüyünü isə 500 manata almışlar, bunun dəyərini də cavabdeh qaytarmalıdır. Beləliklə, iddiaçılar baş tutmayan izdivac zamanı cavabdeh tərəfin təqsiri üzündən cəmi 11220 manat maddi ziyana düşmüşdür, cavabdeh bu məbləği onlara ödəməlidir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. O, verilmiş suala cavab olaraq bildirmişdir ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən başqa heç bir sübutu yoxdur. Məhkəmənin 20 iyun 2025-ci il tarixli iclasında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirərək atası tərəfindən çəkilmiş xərclərin cavabdehdən tutularaq onlara ödənilməsini istəmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəf onların hər gəlişi üçün xərc çəkdiyi kimi, onlar da iddiaçılar üçün xərc çəkmişdir. O, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1 məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırda iddiaçıların cavabdehə qarşı irəli sürdükləri pul tələbi nişan, toy, bayram, ad günü və digər günlərdə cavabdeh tərəfin qonaq gəlməsinə görə çəkilmiş xərclərin və cehiz əmlakın alınmasına çəkilmiş xərclərin onlara ödənilməsinə yönəlmişdir və iddiaçılar bunu maddi zərər kimi qiymətləndirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçılar cavabdehə məxsus evdə quraşdırılmış mebel əşyalarına görə 4700 manat, 2022-ci ilin mart ayında keçirilmiş nişan mərasimində ümumilikdə 1900 manat, 2022-ci ilin Qurban bayramında 600 manat, Yeni ildə 350 manat, 2023-cü ilin 18 yanvarında (ad günü) 250 manat, 2023-cü ilin 8 mart günündə 270 manat, 20 mart 2023cü il tarixdə oğlanın ad günü üçün 200 manat, 2023-cü ilin Qurban bayramında 150 manat xərc çəkdiklərini, 21 may 2023-cü ildə qız toyunda 2500 manat ətə pul verdiklərini, aşıqlara və qalan ehtiyatlar üçün cəmi 4500 manat xərc çəkdiklərini, oğlan üçün nişan üzüyünü isə 500 manata aldıqlarını bildirsələr də, bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçı2 məhkəmə iclasında ona verilmiş suala cavab olaraq da hər hansı bir sübutu olmadığını bildirmişdir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı(lar) iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçı(lar)nın hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa imkan verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırda iddiaçıların da öz tələblərini sübuta yetirə bilmədikləri müəyyən edilir. Bununla yanaşı, məhkəmənin 20 iyun 2025-ci il tarixli iclasında iştirak etmiş İddiaçı1 atası tərəfindən çəkilmiş xərclərin cavabdehdən tutularaq onlara ödənilməsini istədiyini qeyd etmişdir. Göründüyü kimi, İddiaçı1 tələb olunan və çəkildiyi iddia edilən xərclərin atası tərəfindən çəkildiyini bildirmişdir. Bu halda İddiaçı1 atasının çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək üçün subyektiv hüququnun mövcudluğu da müəyyən edilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar