Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-42/2022 01.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı Məlikov Soltanpaşa Əziz oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 481 manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məlikov Soltanpaşa Əziz oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 camışlarının ona məxsus üzüm bağına girib yararsız hala salınması nəticəsində dəymiş 781 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məlikov Soltanpaşa Əziz oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, Şamaxı rayonunun Çuxuryurd kəndində qeydiyyatda olsa da, Təklə kəndində yaşayır və əsasən kənd təsərrüfatı ilə məşğul olur. Ona görə də Qobustan rayonunun Təklə kəndi ərazisində, “Acıdərə” adlanan ərazidə üzüm bağları vardır. 2021-ci ilin sentyabr ayında çoxlu sayda camışların ona məxsus üzüm bağına girdiyini dediklərinə görə təcili olaraq Qobustan rayon X4 mütəxəssisləri Atamoğlan Eminov, Əhməd Yahyazadə və Zahir İbadovla birlikdə həmin yerə gələrək üzüm bağına çatdıqda orada çox sayda camışların olduğunu görmüşlər. Camışlar üzüm bağına çəkilmiş dəmir tor hasarı uçurmuş, 85 ədəd beton dirəyi sındırıb yararsız hala salmış, 102 ədəd yeni əkilmiş cavan tənəkləri və 100dən artıq yaşlı üzüm tənəklərini yeyib yararsız hala salmışlar. Mütəxəssislər tərəfindən ona dəymiş ziyanın məbləği ümumilikdə 1185 manat müəyyən edilmişdir. Üzüm bağına girmiş camışların Təklə kənd sakinləri Hüseynağa Hüseynov, Cavabdeh1 və Cavabdeh2 məxsus olduğu müəyyən edilmişdir. Həmin ziyandan Hüseynağa Hüseynov tərəfindən 400 manat tamami ilə ödənilmiş, qalan 781 manat ziyan isə cavabdehlər ödəməmişlər. Ziyanın ödənilməsi ilə əlaqədar dəfələrlə cavabdehlərə xəbər göndərmişəm. Lakin ona dəymiş ziyanı könüllü ödəmək istəmirlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 camışlarının ona məxsus üzüm bağına girib yararsız hala salınması nəticəsində dəymiş 781 manat ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəməyə verdiyi izahatında iddianı qəbul etməyərək göstərdi ki, onun dörd baş camışı var. Onun camışlarının İddiaçı məxsus üzüm bağına girməsindən xəbəri olmayıb. Tələb olunan maddi ziyanı ödəməyə maddi imkanı yoxdur. Cavabdeh1 izahatında iddianı qismən qəbul edərək göstərdi ki, onun cəmi bir baş camışı var, camışının İddiaçı məxsus üzüm bağına girməsini sonradan bilmişdir. Dəymiş ziyandan 200 manat ödəməyə razıdır. X1 məhkəməyə izahat verərək göstərdi ki, Qobustan rayonunun Təklə kəndi ərazisində yerləşən və İddiaçı məxsus üzüm bağına 20 başdan çox mal-qaranın girməsi, üzüm bağına çəkilmiş dəmir tor hasarı uçurması, beton dirəkləri sındırıb yararsız hala salması, yeni əkilmiş cavan tənəkləri və yaşlı üzüm tənəklərini yeyib yararsız hala salmaları nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Həmin heyvanların içərisində ona məxsus mal-qara da olduğuna görə dəymiş ziyandan İddiaçı 400 manat pul ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətinə Qobustan rayonun Təklə kəndi ərazisindən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətinə Qobustan rayonun Təklə kəndi ərazisindən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayonu DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi Atamoğlan Eminov, yer quruluşu üzrə baş məsləhətçisi Əhməd Yəhyazadə, bitki mühafizə mərkəzinin baş aqronomu Zahir İbadov, Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Hüseynağa və sahibkar İddiaçı tərəfindən 16 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş və Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, sahibkar İddiaçı DAİM-yə verdiyi ərizə ilə əlaqədar olaraq Acıdərə adlanan sahədə əkdiyi üzüm bağına baxış keçirərkən müəyyən olundu ki, üzüm bağına iri buynuzlu heyvanlar girmişdir. Üzüm bağına çəkilmiş setka hasarı 4 istiqamətdən dağıdaraq sahəyə daxil olublar. 85 ədəd beton dirəyi sındırıb yararsız hala salmış, 102 ədəd yeni əkilmiş cavan üzüm tənəyini yemiş və yararsız hala salmış, 100-dən artıq yaşlı üzüm tənəyinin yarpaqlarını yemiş və ümumilikdə sahibkar S. Məlikova 1185.5 manat zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 13 ədəd fotoşəkillərdən görünür ki, əkin sahəsində camışlar girərək beton dirəkləri sındırmış, dəmir tor hasarı uçurmuş və üzüm tənəklərini yeyib yararsız hala salmışlar. Müəyyən olundu ki, 2021-ci ilin sentyabr ayında Qobustan rayonunun Təklə kəndi ərazisində, “Acıdərə” adlanan ərazidə Məlikov Soltanpaşa Əziz oğluna məxsus üzüm bağına çox sayda camışlar girərək üzüm bağına çəkilmiş dəmir tor hasarı uçurmuş, beton dirəkləri sındırıb yararsız hala salmış, yeni əkilmiş cavan tənəkləri və yaşlı üzüm tənəklərini yeyib yararsız hala salmışlar. Qobustan rayon Kənd Təsərrüfatı idarəsinin mütəxəssisləri Atamoğlan Eminov, Əhməd Yahyazadə və Zahir İbadov tərəfindən akt tərtib edilmiş və 1185.5 manat zərər dəymiş ziyanı müəyyən etmişlər. Üzüm bağına girmiş camışların Təklə kənd sakinləri Hüseynağa Hüseynov, Cavabdeh1 və Cavabdeh2 məxsus olduğu müəyyən edilmişdir. X2 tərəfindən İddiaçı dəymiş ziyandan 400 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Həmin Məcəllənin 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 581 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı Məlikov Soltanpaşa Əziz oğluna verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 581 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı Məlikov Soltanpaşa Əziz oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-42/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-42/2022
01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver