Məhkəmə qərarları › İş №2(026)-454/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-454/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-454/2021 25.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 27R000003708 saylı kredit razılaşması üzrə 8430,02 manat kredit borcu, 1266,38 manat faiz borcu və 1753,44 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11449,84 manat borcun və 124 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29 dekabr 2011-ci il tarixli 04L000003276 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17 iyun 2014-cü il tarixli 27R000003708 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 15650 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07 mart 2015-ci il tarixli 27R000003708S saylı 14 dekabr 2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu vəsaiti 25 may 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 7219,98 manat ödəmiş, onun banka 8430,02 manat borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılanadək hesablanır. 13 oktyabr 2021-ci il tarixə 1967 gün üçün kredit müqaviləsi üzrə hesablanmış faiz borcu 1266,38 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. 13 oktyabr 2021-ci il tarixə 1967 gün üçün hesablanmış cərimə borcu 1753,44 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Burcəlıyev Səxavət Şərəfxan oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən yayınmışdır. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 27R000003708 saylı kredit razılaşması üzrə 8430,02 manat kredit borcu, 1266,38 manat faiz borcu və 1753,44 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11449,84 manat borcun və 124 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. AccessBank” ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək iş üzrə iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2011-ci il tarixli 04L000003276 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17 iyun 2014-cü il tarixli 27R000003708 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 15650 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07 mart 2015-ci il tarixli 27R000003708S saylı 14 dekabr 2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu vəsaiti 25 may 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 7219,98 manat ödəmiş, onun banka 8430,02 manat borcu qalmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən yayınmışlar. cavabdehlərin 27R000003708 saylı kredit razılaşması üzrə banka 8430,02 manat kredit borcu, 1266,38 manat faiz borcu və 1753,44 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11449,84 manat borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2011-ci il tarixli 04L000003276 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Şərəfxsn oğlu ilə bank arasında 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 27R000003708 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə Cavabdeh1 15650 manat məbləğində kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 27S000003787, 27S000003788 və 27S000003789 saylı zaminlik müqaviləsinin surətində göstərilir ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən dəbbə pulunun 1753,44 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir, dəbbə pulunun 800 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 27R000003708 saylı kredit razılaşması üzrə 8430,02 manat kredit borcu, 1266,38 manat faiz borcu və 800 manat cərimə borcu və 124 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 27R000003708 saylı kredit razılaşması üzrə 8430,02 manat kredit borcu, 1266,38 manat faiz borcu və 800 manat cərimə borcu və 124 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar