Məhkəmə qərarları › İş №2(026)-49/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-49/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-49/2022 10.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında 24 dekabr 2019-cü il tarixdə bağladığını 027A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada 1291,44 manat əsas, 16,35 manat faiz, 567,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1874,89 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 8,75 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək göstərdi ki, X5 ilə İddiaçı QSC arasında bağlanmış 24 dekabr 2019-cü il tarixdə bağladığını 027A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1291.44 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.08.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. X5 götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 1291.44 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 20 oktyabr 2021-ci il tarixə 453 gün üçün hesablanmış faiz borcu 16.35 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 20 oktyabr 2021-ci il tarixə 453 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 567.1 manat təşkil edir. Kredit müqaviləsinin 4.1,2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxanda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Sərdar Hüseynovla birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında 24 dekabr 2019-cü il tarixdə bağladığını 027A********** saylı kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada 1291,44 manat əsas, 16,35 manat faiz, 567,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1874,89 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 8,75 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlər X5 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 24 dekabr 2019-cü il tarixdə bağladığını 027A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdeh bankdan 1291.44 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.08.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. X5 götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 1291.44 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxanda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Sərdar Hüseynovla birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdehlər X5 və Cavabdeh1 banka 1291,44 manat əsas, 16,35 manat faiz, 567,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1874,89 manat məbləğində borcu vardır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə X5 arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 027A********** saylı kredit xətti müqaviləsindən görünür ki, X3 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1291,44 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 027G**********01 saylı zaminlik müqaviləsindən göstərilir ki, AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş 13 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında 24 dekabr 2019-cü il tarixdə bağlanmış 027A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada 1291,44 manat əsas, 16,35 manat faiz, 567,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1874,89 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 8,75 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında 24 dekabr 2019-cü il tarixdə bağlanmış 027A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada 1291,44 manat əsas, 16,35 manat faiz, 567,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1874,89 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 8,75 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar