Məhkəmə qərarları › İş №2(026)-492/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-492/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-492/2025 03.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat pulun və ödənilmiş məhkəmə xərclərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun ikitərəfli qohumluğu vardır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Yaşadıqları müddət ərzində cavabdeh iddiaçının qaynanası Yasəmən Qurbanovaya zəng vuraraq çətin vəziyyətdə olmasını və borc pul lazım olduğunu bildirmişdir. İddiaçı özünə məxsus evdə olan pul vəsaitindən 10000 manatı 2023-cü ilin yaz aylarında yaşadıqları Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 29, mənzil 47 saylı evdə Cavabdeh vermişdir. Qeyd edilən məbləği 1 il ərzində qaytarmasını öhdəlik götürsə də, cavabdeh ödəniş etmədiyindən o, Şirvan şəhər Polis İdarəsinə şikayət etmişdir. Cavabdeh iddiaçıya cəmi 2000 manat pulu 2024-cü ildə qaytarmışdır. Qalan məbləği ödəməsinə vəd versə də, cavabdeh heç bir ödəniş etməmiş, ödəniş etməkdən yayınmışdır. Cavabdeh yerdə qalan 8000 manat pulu bugünədək verməmiş, hər səfərində müxtəlif bəhanələrlə iddiaçını aldatmışdır. Bununla əlaqədar təkrarən o, Şirvan ŞPİ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh borclu olduğu 8000 manat pulu qaytarmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin 01 sentyabr 2025-ci il və 22 sentyabr 2025-ci il tarixli hazırlıq iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək onu müdafiə etdiyini bildirmişdir. 29 sentyabr 2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Qobustan Rayon Məhkəməsində Cavabdeh qarşı 8000 manat pul tələbinə dair iddia qaldırmışdır. İddiasını müdafiə edir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. 29 sentyabr 2025-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Qobustan Rayon Məhkəməsində İddiaçı ona qarşı 8000 manat pul tələbinə dair iddiası var. O, iddia tələbini tam şəkildə qəbul edir və iddia tələbinin təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmələrini nəzərə alıb işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin iddianı qəbul etməsini nəzərə alıb, işdə olan sənədləri araşdırıb, onlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları və tərəflərin ərizələrində qeyd etdikləri ilə müəyyən olunur ki, iddiaçı 2023-cü ilin yaz aylarında cavabdehə 10000 manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin məbləğdən yalnız 2000 manat qaytarmış, iddiaçıya 8000 manat məbləğində borclu qalmışdır. Həmin borc məbləği verilən zaman tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə verilən borcun məbləği həmin borc müqaviləsinin yazılı qaydada bağlanmasını tələb etsə də, onlar arasında həmin vaxt qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Lakin məhkəmə bildirir ki, iddiaçı tərəfindən cavabdehə borcun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci, 740.1-ci və 740.2-ci maddələrinin məzmununa əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bununla belə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 29 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, o, iddiaçının ona qarşı olan 8000 manat məbləğində pul tələbinə dair iddiasını qəbul etmiş, bununla da iddiaçıya ödənilməmiş 8000 manat məbləğində borcunun qalmasını etiraf etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iddiaçının ona qarşı olan hazırkı iddiası qəbul edilməklə, 8000 manat borcun mövcudluğu etiraf edilmişdir. Tərəflər arasında sözügedən pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə ödənilməmiş 8000 manat pul məbləğini ona qaytarmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilənlərə əsasən və cavabdeh tərəfindən iddianın etiraf edilməsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 8000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 05 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə Qobustan Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 8000 manat məbləğində pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8000 manat məbləğində pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar