Məhkəmə qərarları › İş №2(026)-581/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-581/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-581/2024 09.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından 08 dekabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından 08 dekabr 2014-cü il tarixdə anadan olmuş Muradın yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(026)-277/2021 saylı qətnaməsi ilə Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Hazırda Muradın 10 yaşı var, onu yaxşı oxuması və gələcəkdə cəmiyyətdə layiqli yer tutması üçün müəllimlərin yanına göndərir. Bundan əlavə, uşağın geyim və başqa xərcləri də çoxalmışdır. O, heç bir yerdə işləmədiyi üçün övladının normal böyüməsi və təhsil alması üçün cavabdehin maddi yardımına ehtiyac var. Ona görə də övladı Muradın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehə təyin olunmuş alimentin miqdarının artırılaraq hazırkı qanuna görə 235 manat sabit pul məbləğində olmasını istəyir. Alimentin artırılması üçün mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya təşkilatına gəlmədiyinə görə məsələnin həlli məhkəmə müstəvisində həll edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdiyini bildirdi və qeyd etdi ki, onun cavabdehlə birgə nikahından Murad adlı oğlu dünyaya gəlmişdir və hazırda oğlunun 10 yaşı var. Onlar arasındakı nikah pozularkən Qobustan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə aliment məbləği olaraq 120 manat müəyyən edilmişdir. Lakin hazırda uşağın xərcləri artdığından həmin məbləğ onun saxlanılmasına kifayət etmir. Ona görə də müəyyən edilmiş aliment məbləği heç olmasa 200 manatadək artırılmalıdır. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, o, iddiaçı ilə boşandıqdan sonra başqa şəxslə yenidən ailə qurmuş, lakin həmin nikahı hələ qeydə aldıra bilməmişdir. Sonrakı evliliyindən onun uşağı doğulmamışdır. Hazırda o, məktəbdə mövsümi olaraq ilin 5 ayı ərzində ocaqçı vəzifəsində işləyir. Aldığı 312 manat əmək haqqı məbləği də ailəsini saxlamağa çətinliklə yardım edir. O, iddiaçıya hər ay cəmi 150 manat aliment ödəmək iqtidarındadır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb, onlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə surəti olan AZ-İİİ 455392 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 08 dekabr 2014-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(026)- 277/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında 06 noyabr 2012-ci il tarixdə Qobustan RİHB-nin Ərəbqədim kəndi üzrə icra nümayəndəliyində 20 sayla qeydə alınmış nikahın pozulması, 08 dekabr 2014-cü il tarixdə anadan olmuş X1 anası İddiaçı yanında qalması və 08 dekabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 dekabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində sorğulanmış məlumatlardan görünür ki, o, X3 Təhsil İdarəsində ocaqçı vəzifəsində işləyir və 359 manat əmək haqqı alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 06 noyabr 2012-ci il tarixdə Qobustan RİHB-nin Ərəbqədim kəndi üzrə icra nümayəndəliyində 20 sayla nikah qeydə alınmış, onların birgə nikahlarından 08 dekabr 2014-cü il tarixdə X2 doğulmuşdur. Lakin Qobustan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(026)-277/2021 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, 08 dekabr 2014-cü il tarixdə anadan olmuş X1 anasının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 dekabr 2021-ci il tarixdən başlayaraq cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırkı iş üzrə iddia ərizəsi ilə iddiaçı məhkəməyə müraciət edərək, sözügedən aliment məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyini bildirmiş və aliment məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmiş, iddia tələbini əsaslandırarkən uşağın artıq 10 yaşının olmasına və təhsil, geyim və digər xərclərinin artmasına istinad etmişdir. Cavabdeh isə məktəbdə mövsümi olaraq ilin cəmi 5 ayı ocaqçı vəzifəsində işlədiyini, yenidən evləndiyini, lakin həmin evlilikdən uşağı olmadığını bildirmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, qanunvericilik alimentin miqdarının dəyişdirilməsi üçün yalnız cavabdehin ailə və maddi vəziyyətində dəyişikliyin olmasını deyil, tərəflərdən hər hansı birinin ailə və maddi vəziyyətində dəyişikliyin olmasını şərt kimi müəyyən etmişdir. İş materialları və tərəflərin bildirdikləri ilə həmçinin o da müəyyən edilir ki, iddiaçı heç bir yerdə işləmir. Cavabdeh isə X3 Təhsil İdarəsində ocaqçı vəzifəsində işləyir və 359 manat əmək haqqı alır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə iddiaçının qeyd etdiyi uşağın böyüməsinə görə maddi xərclərinin artması və bununla da onun maddi vəziyyətinin ağırlaşması, müəyyən edilmiş aliment məbləğinin isə artıq uşağın tələbatlarını ödəmək üçün kifayət etməməsinə dair dəlilini əsaslı hesab edir. Qeyd edilən hallar və uşağın böyüdükcə xərclərinin artması aliment məbləğinin artırılması üçün əsas hesab edilir. Məhkəmə uşağın maddi tələbatlarının artmasını onun himayəsində olduğu iddiaçının maddi vəziyyətinə təsir etməsi kimi qiymətləndirir və bildirir ki, bu cür təsir səbəbindən aliment məbləğinin dəyişdirilməyəcəyi halda uşağın üstün mənafeləri pozulmuş olacaq və onun minimum tələbatlarının ödənilməsinə imkan verməyəcəkdir. Lakin aliment məbləği yalnız iddiaçının deyil, həm də cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq halları nəzərə alınmaqla müəyyən edilməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırkı iş üzrə cavabdehin 359 manat əmək haqqı alması, həmin məbləğdən alimentin ödənilməsindən sonra onun gəlirlərinin özünü saxlaması üçün minimum tələbatını ödəyə bilməsi, cavabdehin yenidən evlənmiş olsa da, həmin evlilikdən uşağının olmaması halları nəzərə alınmalı, iddia tələbi qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(026)-277/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 08 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 180 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. Bu zaman həm də nəzərə alınmalıdır ki, uşağın saxlanılması yalnız cavabdehin deyil, valideynlərin ümumi vəzifəsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(026)-277/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 08 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(026)-277/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 08 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar