Məhkəmə qərarları › İş №2(026)-624/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-624/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-624/2024 26.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 761,1 manat əsas borc, 39,84 manat faiz borcu, 165,73 manat cərimə borcu və kredit müqaviləsi üzrə 12 sentyabr 2024-cü il tarixdən 03 oktyabr 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2,1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 968,77 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 24 ay müddətinə 3500 manat kredit götürmüşdür. 05 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən borcalanın kreditor qarşısında öhdəliyinin cəmi 2339,59 manat (əsas borc 2315,91 manat, hesablanmış faiz 23,68 manat, cərimə 0 manat) təşkil edir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 761,1 manat əsas borc, 39,84 manat faiz borcu, 165,73 manat cərimə borcu və kredit müqaviləsi üzrə 12 sentyabr 2024-cü il tarixdən 03 oktyabr 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2,1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 968,77 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borcalan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 18 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmiş, bu barədə bildiriş onun şəxsi elektron kabinetinə də yerləşdirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı ASC ilə müştəri Cavabdeh arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli, 11-Y-1-0-2911-22 saylı razılaşmadan görünür ki, bank müştəriyə illik 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 3500 manat məbləğində kredit vermişdir. Cərimənin məbləği illik 180 faiz həcmində müəyyən edilmişdir. İşdə surəti olan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11-Y-1-0- 2911-22 saylı, 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə 05 iyul 2023-cü il tarixli əlavə sazişdən və ödəniş cədvəlindən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən etibarən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 2339,59 manat, o cümlədən əsas borc 2315,91 manat, hesablanmış faiz 23,68 manat, cərimə 0 manat təşkil edir. Kreditin müddəti 12 sentyabr 2024-cü il tarixədək uzadılır. Kreditin illik faiz dərəcəsi 16 faiz təşkil edir. Müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılır. Ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,5 faiz cərimə hesablanaraq tutulacaqdır. İşdə surəti olan 12 sentyabr 2022-ci il tarixli məxaric qəbzindən görünür ki, 3500 manat məbləğində kredit vəsaiti Cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə surəti olan 03 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 03 oktyabr 2024-cü il tarixinə olan borcu aşağıdakı kimidir. əsas məbləğ üzrə borc 761,1 manat, faiz üzrə borc 39,84 manat, cərimə üzrə borc 165,73 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) 2,1 manat, cəmi 968,77 manat. İşdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 03 oktyabr 2024-cü ildə xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 05 noyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının cavabdehə 3500 manat məbləğində kredit verməsi, cavabdehin iddiaçıya ödənilməmiş 761,1 manat əsas və 39,84 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddia tələbi əsas və faiz borcuna dair hissələrdə tam təmin edilməlidir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin, müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcuddur. Məhkəmə iddiaçının cərimə tələb etmək hüququnun mövcudluğunu qəbul etsə də, tələb olunan cərimənin məbləği ilə razılaşmır və bildirir ki, həmin məbləğ əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırda əsas borcun məbləğinin 761,1 manat olduğunu nəzərə alan məhkəmə MM-in 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək, tənasübsüz surətdə yüksək cərimənin azaldılmalı olduğunu bildirir və iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan cərimənin məbləğinin 75 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi cərimə borcuna dair hissədə qismən təmin edilməli, cavabdehdən 75 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi cərimə borcuna dair qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, iddiaçı həm də kredit müqaviləsi üzrə 12 sentyabr 2024-cü il tarixdən 03 oktyabr 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2,1 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd edilən normaları da nəzərə alan məhkəmə bildirir ki, iddiaçının kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra 12 sentyabr 2024-cü il tarixdən 03 oktyabr 2024-cü il tarixədək olan müddət üçün əldən çıxmış fayda tələb etmək hüququ mövcuddur və həmin müddət üçün tələb olunan 2,1 manat əldən çıxmış fayda ağlabatan hesab edilir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi əsas, faiz və əldən çıxmış fayda borcuna dair hissələrdə tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 761,1 manat məbləğində əsas borc, 39,84 manat məbləğində faiz borcu, 75 manat məbləğində cərimə borcu, 2,1 manat əldən çıxmış fayda olmaqla, cəmi 878,04 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 761,1 manat məbləğində əsas borc, 39,84 manat məbləğində faiz borcu, 75 manat məbləğində cərimə borcu, 2,1 manat əldən çıxmış fayda olmaqla, cəmi 878,04 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar